C. Dek 6th, 2019

ALİMİN BİR ÖMÜR PAYI

Professor Nizami Seyidəliyev haqqında danışamaq, onun sadələyini, elmi axtarışlarını, işinə məsuliyyətini, ən başlıcası bazar rəqabətli kadr hazırlığında çəkdiyi zəhməti ictimaiyyətə çatdırmaq istəyirəm. Cəbrayıl rayonunun Nüsüs kəndində 1955-ci ildə anadan olub Nizami müəllim.

1962-ci ildə Beyləqan rayon Günəşli qəsəbə ibtidai sinfinə daxil olub, 1972-ci ildə Örənqala tam orta məktəbi bitirib. Tarixçi olmaq istəyi ilə Nizami Seyidəliyev qəbul imtahanlarını müvəffəqiyyətlə versə də  müsabiqədən keçə bilməyib  və 1974-cü ildə həqiqi hərbi xidmətə yollanıb.

1976-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə göndəriş alıb. Bu təyinat onun həyatında əhəmiyyətli rol oynayır və 1982-ci ildə aqronomluq fakültəsini fərqlənmə diplomu ilə ( indiki Azərbaycan Dövlət Aqrar Univer­sitetini ) bitirir. Həmin  il mən bu universitetə qəbul imtahanları verirdim. Ona görə də bundan sonrakı fəaliyyətinin şahidi kimi bir neçə məsələni deyəcəm.

Tələbəlik illərində müxtəlif ictimai vəzifələr aparan Nizami Seyidəliyev II kursda oxuyarkən SSRİ-nin Stavropol, Krasnodar vilayətlərində çalışan tələbə İnşaat dəstələrinin tərkibində təmsil olunan Azərbaycan Kənd Təsərrüfatı İnstitutununTələbə İnşaat alayının komandiri vəzifəsi tapşırılır. Onun işgüzarlığı, təşkilatçılığı və yüksək təşəbbüskarlığı ilə fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Tələbə İnşaat dəstəsi Zona Tələbə İnşaat dəstələri arasında yüksək göstəricilərinə görə ardıcıl olaraq keçici “Qırmızı Əmək Bayrağı” ilə təltif olunur. Məhz bu işgüzarlıq Kirov, Arxangesk vilayətlərində Zona Tələbə İnşaat Dəstəsinin komandiri vəzifəsinə vəsiqə verir. Nizami Seyidəliyev ardıcıl olaraq ömrünün doqquz ilinin tətil günlərini Tələbə İnşaat Dəstələrinin işinə bağlayıb.

Məhz bu sahədə əməksevərliyi ilə hamının dərin rəğbətini qazanan Nizami Seyidəliyevə 1982-ci ildə İnstitutu bitirən zaman heç kimin ağlına gəlməyən yüksək etimad göstərildi. SSRİ  təhsil nazirliyinin 435 saylı əmri ilə AKTİ-nin “Texniki bitkilər, genetika və seleksiya” kafedrasında müəllim saxlanıldı və qısa müddət sonra, yəni 06 oktyabr 1984-cü il tarixdə institut rektorunun 929 saylı əmri ilə aqronomluq fakültəsinin dekan müavini vəzifəsinə təyin edildi.

Yaxşı yadımdadır, 1983-cü ilin fevralında İnstitutda keçirilən iməcilik zamanı Nizami müəllim mənə yaxınlaşdı, hal əhvaldan sonra bir az söhbət etdi. Sonda məni özü ilə Rusiyanın Kirov Vilayətində  Tələbə İnşaat dəstələrinin tərkibində işləməyə dəvət etdi. Bu təklif mənə bir az çətin gəldi. Amma az sonra onun haqqında eşitdiklərim mənim fikrimi dəyişdi və  yanına gedərək minnətdarlıqla razılıq verdim. Sabahısı məni çağırıb bir az söhbətdən sonra, zona komandirinin texniki təhlükəsizlik işləri üzrə müavini olacaqsan deyə qətiyyətlə fikrini tamamladı.

Bu mənim bir müəllim, bir komandir, əmi-dayı və nəhayət bir sehrbaz kimi ömür yoluma daxil olan Nizami Seyidəliyevlə ilk yol yoldaşlığımın başlanğıc günüydü.

Onun bu işi qüsursuz və yüksək təşkilatçılıqla yerinə yetirdiyini nəzərə alaraq belə qənaətə gəlmək olardı ki, o ictimai həyat üçün doğulub. Özünə qarşı tələbkarlığı, məsuliyyəti, davamlı mütaliəsi ilə diqqəti çəkib. Həyatda mübarizədən qorxmayıb. Allah da belə insanlara sevgi, əzmkarllıq, işgüzarlıq verir. O, qızmar günəş altında Ağcabədi, Beyləqan rayonlarının pambıq tarlalarında rezin çəkmədə  apardığı müşahidələrinin nəticələrini və elmi tədqiqat işlərini qısa müddətdə yekunlaşdıraraq, 1988-ci ilin 04 iyul tarixində Özbəkistan Respublikasında fəaliyyət göstərən Ümumittifaq Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə etdi və SSRİ-i Nazirlər Sovetini yanında Ali Attestasiya Komissiyasının 1988-ci ilin noyabr tarixli 316 nömrəli əmri ilə “Texniki bitkilər” ixtisası üzrə kənd təsərrüfatı elmlər namizədi adına layiq görüldü.

Onda mən artıq İnstitutu bitirmişdim. Nizami müəllim bir oğul atası olsa da, onlarla qız-oğlan tələbəyə əsil atalıq qayğısı göstərib. Mən isə onun həyat yolunun bir pərəstişkarı idim. Bu üzdən onun nəaliyyətləri ilə minlərlə insan kimi mən də maraqlıydım. Onu təbrik edənlər sırasında mən də vardım. Bu sırada məni yenidən görən Nizami müəllim daha mexanik işlədin bəsdir. Aspiranturaya qəbul başlayıb,  zəhmət çək hazırlaş dedi.

Bunu elə tonda dedi ki, mən geri dura bilmədim. Doğru deyirlər ki, vur deyənlə vuran yarıdır. Beləliklə mən aspitanturaya qəbul oldum və yenidən onunla yoldaşlığa başladım.  Bu arada  o, SSRİ Dövlət Xalq Təhsili Komitəsinin 21.XI.1991-ci il tarixli 935 saylı əmri ilə AKTİ-nin “Genetika və seleksiya” kafedrası üzrə dosent elmi adını da aldı.

Bir ziyalı kimi Nizami müəllim Qarabağ hadisələrinə də biganə qalmadı. Gəncədə yaradılan  “Qarbağa yardım xeyriyyə cəmiyyətinin” tərkibində çəbhəyanı bölgələri qarış-qarış gəzdi, Cəbrayılda, Beyləqanda, Ağdamda (Uzun dərə) Ağdərədə  hadisələrin mərkəz nöqtəsində, qaynar yerlərində oldu.  Nizami müəllim başqalarının tərəddüt etdiyi 1993-cü ildə Respublikamızın ictimai siyasi həyatının ən yeni başlanğıcını qoyan Yeni Azərbaycan Partiyasına daxil oldu.

Bu ağır illərdə fakültənin idarə olunması, gənclərin yad təsirlərdən qorunması böyük səriştə və nüfuz tələb edirdi. Bu ərəfədə dekan seçkisi aparılan kollektivdə Nizami Seyidəliyevə etimad göstərildi. Müsabiqədən mütləq üstünlüklə keçərək AKTA rektorunun 03 oktyabr 1996-cı il tarixli 685 saylı əmri ilə aqronomluq fakültəsinin dekanı vəzifəsinə təyin olundu və ardıcıl olaraq iki seçki bu vəzifədə qaldı.

2003-2008-ci illərdə ADAU-da qəbul komissiyasının məsul katibi vəzifəsində çalışdı.

Nizami Seyidəliyev 09 noyabr 2009-cu il tarixdən 24 aprel 2018-ci il tarixədək Kənd Təssərrüfatı Nazirinin 310k saylı əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinə Elmi işlər üzrə prorektor vəzifəsin təyin edildi və  uğurla çalışdı.

Nizami müəllim öz elmi tədqiqat işlərini də səylə davam etdirirdi. Düzü hərdən Ağcabədi, Beylqan və digər pambıqçılıq rayonlarında tarlalalara  gedəndə mənə qəribə gəlirdi ki, bu görmürmü dağılan təsərrüfatları, təsərrüfat sistemlərini?

Sən demə görürmüş. Uzun və üzücü keçən illərdən sonra mən də gördüm. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edən Nizami Seyidəliyev Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2015-ci il tarixli ( Protokol № 07- R) qərarı ilə Aqrar elmlər üzrə elmlər doktoru alimlik dərəcəsi aldı.

N.Y. Seyidəliyev 281 elmi əsərin o, cümlədən 3 dərslik, 3 dərs vəsaiti, 4 monoqrafiya, 45 metodik göstəriş və proqramların, 5 tövsiyənin müəllifi və 4 qarğıdalı sortunun ( “Kəpəz-2005”, “ADAU-80”, “Gəncə” və ”Məhsuldar” )  həmmüəllifidir.

Resbublikamızın Müstəqilllik dönəmi onun elmi yaradıcılığna beynəlxalq vəsiqə verdi, sərhədsiz hüdudlara qapılar açdı. 42 elmi əsəri müxtəlif xarici ölkələrdə-o, cümlədən Türkiyə, ABŞ, Almaniya, Avstraliya, İngiltərə, Kanada, Fransa, Polşa, Macarıstan,  Rusiya, Ukrayna, Belorusya,  Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstanda nəşr edildi.

O, Gəncə şəhərinin və universitetin ictimai tədbirlərində həmişə fəal iştirak edərək yüksək təşkilatçılıq qabiliyyətinə görə dəfələrlə fəxri-fərmanla təltif olundu, Gəncə şəhərinin abadlaşdırılması və yenidən qurulması işlərində danılmaz əməyinə görə adı Gəncənin Fəxri vətəndaşları siyahısına daxil edildi.

Nizami Seyidəliyev həmişə işinə vicdanla, məsuliyyətlə və yaradıcı yanaşıb. Bu zəhmətinin bəhrəsi olaraq həmişə əməyi yüksək qiymətləndirilib. Müxtəlif illərdəki fəaliyyətinə görə Stavropol Vilayət və İzobilni rayon partiya komitələrinin, Stavropol Vilayəti və Georqiovski  rayon partiya komitələrinin, Gəncə şəhəri komsomol komitəsi, Krasnodar Vilayət və Abiniski rayon partiya komitələrinin,  Arxangelski Vilayət və Kotlas rayon partiya komitələrinin, Kirov Vilayət və Omutinski rayon partiya komitələrinin, Azərbaycan Respublikası komsomol komitəsinin, SSRİ  LKGİ MK-ini fəxri fərmanları ilə mükafatlandırılıb, qiymətli hədiyyələrə layiq görülüb.

İşlədiyi Ali təhsil müəssisəsində rektorluğun müvfıq əmrləri ilə dəfələrlə şəxsi işinə yazılmaqla təşəkkür qazanıb.

Bu gün də kənd təsərrüfatının inkişafı naminə həyata keçirilən beynəlxalq layihələrdə hərtərəfli hazırlıqlı və bacarıqlı mütəxəssis kimi daim iştirak edir. Mütəmadi olaraq təsərrüfatlarda olan Nizami Seyidəliyevin tərtib etdiyi tövsiyələr artıq fermerlərin stolüstü kitabıdır.

Hazırda Nizami Seyidəliyev Universitetin “Ümumi əkinçilik, genetika və seleksiya” kafedrasında professor kimi eimi-tədqit işlərini davam etdirir.

Bu arada xoş bir xəbər hamımızı sevindirdi. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 iyul 2019-cu il (Pr. № 08- R) tarixli qərarı ilə Nizami Seyidəliyevə professor elmi adı verldi.

O, gücü işgüzarlıqdan, xeyirxahlıqdan, saflıqdan alır.

Bacarıqlı, ictimaiyyətçi, təşkilatçı alim və pedaqoq Nizami Seyidəliyevin bir insan ömrünə sığmayan nəaliyyətləri münasibəti ilə yetirmələri, doğmaları, yaxın və uzaq ellərdə müxtəlif vəzifələrdə çalışan insanlar adından professor elmi adını alması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, aqrar elmin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar diləyirəm.

  Vaqif Mirzəliyev,

“Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının müdiri

Paylaş: