C. Okt 18th, 2019

David Tonoyan Qarabağdakı azərbaycanlı girovların qaytarılmasına razıdır?

Ermənistanın müdafiə naziri David Tonoyan əsir və girovların “ikinin ikiyə” dəyişdirilməsinə dair Azərbaycan tərəfinin təklifinin qəbul edilməsinin mümkünlüyü haqda danışıb.

Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan hazırda bu məsələni müzakirə etdiklərini deyib. “Dünən Beynəlxalq Qırmızı Xaçın erməni nümayəndəliyinin rəhbəri ilə görüşdüm, mənə Azərbaycan tərəfinin iki Ermənistan vətəndaşının Qarabağda məhkum edilmiş iki azərbaycanlıya dəyişdirilməsinə dair təklifini çatdırdılar. Müzakirə prosesinin detallarını açıqlaya bilmərəm. İnformasiyanın dəqiqləşdirilməsi üçün əlavə iş tələb olunur. Biz nə vaxt dəqiqləşdirilmiş informasiya alsaq onda reaksiya verəcəyik”, – Tonoyan mətbuat konfransında deyib.

Müdafiə naziri əlavə edib ki, qərarı Dağlıq Qarabağdakı rejim verməlidir. “Mən mübadilə imkanını istisna etmirəm, lakin bu Dağlıq Qarabağın suveren qərarıdır”, – o bildirib.

Xatırladaq ki, Azərbaycanın əsir, itkin və girov düşmüş vətəndaşların işləri üzrə Dövlət Komissiyası sentyabrın 11-də beynəlxalq təşkilatlara Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanılan Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilməsinə dair təklif verdiyini açıqlayıb. Ötən gün Ermənistan hökuməti bu təklifi müzakirə etdiklərini bildirmişdi.  /Virtualaz.org/

 

Paylaş: