Ça. Okt 22nd, 2019

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz” – MÜSAHİBƏ

Turkustan.info modern.az-a istinadən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə müsahibəni təqdim edir.

– Emin müəllim, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi hansı zərurətdən yarandı?
–  Mən 1998-2000-ci illər ərzində orduda xidmət keçmişəm. O zaman N saylı hərbi hissədə tərbiyəvi işlər üzrə komandir müavini kimi xidmət edirdim. Həmin vaxtlarda Ordu-media münasibətləri yaxşı vəziyyətdə deyildi. Orduya münasibət cəmiyyətdə yüksək səviyyədə təbliğ olunmurdu. Təbii ki, bunun da obyektiv səbəbləri vardı, biz müharibədə məğlub olmuşduq. Yeni dövlət quruculuğu prosesi başlamışdı. Ordu barədə qərəzli fikirlər yazılırdı. Azərbaycanı sevməyən qüvvələr də çox idi. Bu kimi zərurətlərdən belə bir ictimai birliyi yaratmağa qərar verdik.

Təşkilatımız 2000-ci ildə yarandı. 2002-ci ildə isə mən “Hərbi And” qəzetini təsis etdim. Məqsədlərimiz çox böyükdür. Orduya gedən gənclərlə işləyirik. Onlarda vətənpərvərlik ruhunu artırmağa çalışırıq. Gənclər və İdman Nazirliyi,  Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  ilə birlikdə layihələr həyata keçiririk. Hərbçilərin hüquqlarının qorunması ilə bağlı maariflənmə işləri aparırıq. Hər birimizin borcudur ki, şəhidlərimizin dəfn mərasimlərində iştirak edək. Bu dəfnlərdə ağır da, olsa iştirak edirik. Demək vətən varsa, şəhid də olacaq. O vətən vətəndir ki, onun uğrunda öləni var.
– Bugünkü gənclərin vətənpərvərlik düşüncələri barədə nə deyə bilərsiniz?

– Ən böyük vətənpərvər öz işini doğru və dürüst şəkildə icra edəndir. 2016-cı ilin “Aprel döyüşləri” göstərdi ki, Azərbaycan gəncliyi hansı səviyyədədir. İstər qələmi olanlar, istərsə də ön xəttə döyüşən gənclər bir bayraq ətrafına toplaşdılar. Hər kəs istəyirdi ki, zərrə qədər də olsa, vətənə xidməti dəysin. Bax,  bu cür gəncliyimizlə qürur duyuruq. Mübariz İbrahimov Azərbaycan gəncliyinin bir simvoludur. Ramil Səfərov sübut etdi ki, dünyanın harasında olursan ol, Azərbaycan bayrağına kəm baxanın cəzası ölümdür. “Aprel döyüşləri” göstərdi ki, Azərbaycan orudusu nələrə qadirdir. İnandırım sizi,  dünya dövlətləri milyardlar xərcləyir, lakin bizim kimi nəticəni əldə edə bilmir. Düşmən elə bilirdi ki, biz torpaqlarımızı unudacağıq. Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz. Gördülər ki, orda doğulmayan da vətəni üçün canından sevə-sevə keçdi. Azərbaycanın bütün bölgəsindən “Aprel döyüşləri”nə yüzlərlə gənc qatıldı. Hamısının bir məqsədi vardı – torpağı düşməndən ölüm bahasında da olsa, geri almaq. Alnı açıq şəkildə deyə bilərəm ki, milli ruh və vətənpərvərliyə görə Azərbaycan gənci ön sıradadır .

– Hər il Türkiyə qaziləri Azərbaycana, bizim qazilər də qardaş ölkəyə səfər  edirlər. Bu səfərləri müşayiət edən şəxs olaraq onun əhəmiyyətini necə qiymətləndirisiniz?
– Belə səfərlər illərdir gerçəkləşir. Bu il də Bakının azad olunmasının 101 illiyi ilə əlaqədar türkiyəli qaziləri Bakıya dəvət etmişdik.
Bu səfərlərin bir neçə əhəmiyyəti var. Ulu öndər Heydər Əliyev bizi “Bir dövlət iki millət” adlandırıb. Atatürk deyirdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir”. Bu sözlər əbəs yerə deyilməyib. Deməli,  hər iki ölkə arasında bir qan bağlığı var. Sabah Türkiyədə Azərbaycanla bağlı arzuolunmaz bir hadisə olarsa, türklər o dəqiqə Azərbaycanın haqq işini müdafiə edəcəklər, eyni ilə də biz.
Qeyd etdiyiniz səfərlər iki ölkə arasında sevgidən yaranaraq təşkil olunur. Türkiyə qaziləri səfər müddəti çərçivəsində şəhid ailələrinə, veteranlara baş çəkirlər. Onların dərdlərinə şərik olurlar. Biz istəyirik ki, gələcəkdə Orta Asiya türklərini də ölkəmizə gətirək və böyük bir konfedarasiya quraq.
– Türkiyə-Azərbaycan qardaşlığının təməlini nə təşkil edir?

– Türkiyə-Azərbaycan qardaşlığının təməlinin ən böyük əsasını dilimizin bir olmağı təşkil edir. Azərbaycanlıların Çanaqqalada şəhid verməsində Türkiyə İstiqlal savaşına bizim dəstəyimiz ifadə olunub.
Eyni zamanda, Qafqaz İslam Ordusunun Nuru paşanın rəhbərliyi ilə Bakıya daxil olması və Bakını yadelli işğalçılardan azad etməsi bu təməlin göstəricisidir.
Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk dövlətdir. Azərbaycanın nefti-qazı Avropaya Türkiyə üzərindən daşınır. Azərbaycan Türkiyəyə vəfa borcunu heç zaman unutmayıb. Bu dostluq və qardaşlıq münasibətləri sonsuza qədər davam edəcək.

Bəzən mənə  Türkiyədə olanda sual verirlər ki, “sən özünü necə hiss edirsən?”. Həmin dəqiqə cavab verirəm ki, mən elə öz vətənimdəyəm. Onlar da  bizim ölkəyə gələndə eyni hissləri yaşadıqlarını deyirlər.

Biz bir- birimizin müstəqilliyi uğrunda canımızdan və qanımızdan keçmişik.
Türkiyə hər zaman da yanımızda olub. Keçən il Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Bakıda keçirlən hərbi paradda birgə iştirak etdilər.
Biz “Aprel döyüşləri”nin qazilərini Türkiyəyə müalicəyə yollayırıq. Mətbuat da iki ölkə tellərini bağlayan mövzulardan qaçmır, çox gözəl şəkildə işıqlandırır.

Sizə maraqlı bir faktı da söyləyim: bu il iyul ayının 28-i İstanbul Qazilər Təşkilatının İstanbul şöbəsinin baş katibi Əhməd bəyin oğlu ilə Azərbaycan qazisi Kərim bəyin qızı ailə həyatı qurdu. Yəni qardaş ölkə ilə bu qədər səmimi münasibətlər var ki, belə evliliklər də baş tutur…

Paylaş: