C. Okt 18th, 2019

“Ermənicə” məhsulu Bakıya kim gətirib? – Ekspert

Ölkə bazarında üzərində Azərbaycan dilində məlumat olmayan məhsulun satılması tamamilə qanunsuzdur.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov ölkə bazarında “Nant” firmasının Azərbaycana gətirdiyi, üzərində ancaq erməni və rus dilində məlumat yazılmış “Choco Pie” şirniyyatlarının necə satışa çıxarılması ilə bağlı danışarkən deyib.

E.Hüseynov sözlərinə görə, “Dövlət dili haqqında” qanunda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə qeyd olunub ki, ölkənin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır:

“Bu ucuz vətənpərvərlik deyil, bu, istehlakçının beynəlxalq hüquqlarından biri olan mal haqqında informasiya almaq hüququnun təmin olunmasıdır. Təəssüf ki, zəif Gürcüstan, zəif Ermənistan bu məsələni birdəfəlik olaraq öz bazarında həll edib. Bu ölkələrin bazarına milli dildə markalanmayan bir dənə də mal daxil ola bilməz. Lakin Azərbaycanda bu məsələ indiyə qədər həll olunmayıb. Birmənalı şəkildə, əgər malın üzərində Azərbaycan dilində məlumat yoxdursa, o mal qeyri-qanunidir.

Düzdür, ola bilər məhsulun üstündə Azərbaycan dili ilə yanaşı rus, gürcü, erməni dillərində də məlumat olsun. Burada qeyri-qanuni heç nə yoxdur”.

Ekspert bildirib ki, firma səhvə yol verə bilməz, çünki hər bir şirkətlə məhsuluna dair müqavilə imzalanır. O şirkətlə müqavilə yoxdursa, firma onun məhsulunu ölkəyə gətirə bilməz:

“Bu məhsulu ölkəyə gətirən firma əvvəlcə bu məhsulu gətirmək üçün həmin istehsalçı ilə müqavilə imzalamalıdır. Müqavilə yoxdursa, məhsul ölkəyə gətirilə bilməz. Müqavilədə də şərt olur ki, məhsulda Azərbaycan dilində məlumat olmalıdır”.

E.Hüseynov bu məhsulu ölkəyə gətirən firmanı gözləyən cəzadan da danışıb:

“Dövlət orqanları effektli işləsə, üzərində yalnız erməni dilində məlumat olan şirniyyatı ölkəyə gətirib satışa çıxaran “Nant” firmasının bu məhsuldan əldə etdiyi gəlir dövlət büdcəsinə keçirilə bilər”.

Paylaş: