Ça. Okt 22nd, 2019

Putin şamandan niyə qorxur? – TƏHLİL

Rusiyalı publisist, politoloq Fedor Kraşennikov Yakutiyadan Putini qovmaq üçün Moskvaya üz tutan, ancaq polis tərəfindən saxlanılan şamanın başına gələn lətifəyə oxşar hadisənin elə də gülməli olmadığını hesab edir.

Yakutiyalı şaman Aleksandr Qabışevin Vladimir Putinin hakimiyyətinə son qoymalı olan müəyyən ayinləri həyata keçirmək üçün Moskvaya üz tutub. Bu səfərin qarşısının alınması növbəti dəfə rus iqtidarı, onun qorxuları və perspektivləri haqqında düşünməyə vadar edir.

Məqalə müəllifinin fikrincə, şaman Qabışevin başına gələnlər kağız stəkanla vurulan ağır zərbələrə oxşar axmaqlıqlar və məntiqsizliklə birgə “Moskva işi” qəbildən olan hadisədir.
Şamanın Moskvaya çatıb çatmaması, onun planlaşdırdığı ayinlərin Rusiyada hakimiyyət dəyişikliyinə gətirib çıxarması ilə bağlı nəzəri riskin olub olmaması vacib deyil. “Yeni qüdrət” işində olduğu kimi hər hansı yolla hakimiyyətə qarşı ictimai etiraz hüquq mühafizə orqanları tərəfindən bu hakimiyyətin devrilməsinə real təhlükə kimi qiymətləndirilir. Rusiyada Putinin əleyhinə kim çıxırsa çıxsın – istər moskvalı liberal olsun, istərsə də yakutiyalı şaman – iqtidarın reaksiyası həmişə eynidir: dialoq əvəzinə zorakılıq.

Əslində güc strukturlarının əməkdaşları nə şaman Qabışevin magiyasına, nə kağız stəkanın öldürücü gücünə, nə də yeniyetmələrin silahlı qiyam təşkil etmə bacarığına inanırlar. Onlar tamam başqa şeylərə – karyerara, mükafata və ən əsası ölkənin ali rəhbərliyinin paranoyasına inanırlar.

Hökumətə bütövlükdə şaman Qabışevin təhlükəli olduğunu təkzib etmək də lazım deyil. O, cadugər ovsunları ilə təhlükəli deyil. O, peyda olma faktı və yürüşü zamanı insanlardan aldığı aşkar dəstəyi ilə təhlükəlidir.

Bundan başqa, Qabışev müxalif mitinqlərdə iştirak etməkdən imtina etməyib. Bu da onu siyasi fəala çevirir. Hətta şamanın özü özünü siyasi fəal hesab etməsə belə. Məsələn, o, Çitada insanları xalq yığıncaqları təşkil etməyə çağırıb, necə yaşamaq istədiklərinə özlərinin qərar verməsini tələb edib. Sonra Rusiya hökumətinin standartlarına görə hörmətsizlik edərək, belə bir bəyanatla çıxış edib: “Putin indi sizə əmr edə bilməz, azad yaşayın. Putin getməlidir, çünki insanlar getdikcə daha pis yaşayır və bu işdə o günahkardır”. Şamanın onsuz da təlatümlü Buryatiyada peyda olması əlavə katalizator effekti yaradıb.

Şaman Qabışev nəinki xalqın içindən çıxan sadə vətəndaş, həmçinin uzun illər böyük dövlət təbliğatı arxasında gizlənən Rusiyanın – Moskva, Krım, Donbas və dövlət televiziyası üçün digər mühüm ərazilərdən sözün əsl mənasında uzaqda yaşayan qeyri-rus və qeyri-pravoslav insanların Rusiyasının nümayəndəsidir. Etnik muxtariyyətlərin siyasi rəhbərliyini rüşvət yolu ilə ələ almaqla Kreml Rusiya xaqlarını itaətkar elektoral ehtiyat hesab etməyə öyrəşib.

Buryatiyada yaşanan narahatlıq və başqa etnik regionlarda silsilə pozuntular fonunda Aleksandr Qabışevə publik divan Kreml tərəfindən həmin regionun sakinlərinə xəbərdarlıq ola bilər: Putindən narazı olanlar, hətta şamanlar belə cəzalandırılacaq! Lakin təsir həmişə əks təsirə bərabərdir: Yakutiya xalqının nümayəndəsi, üstəlik bu və ya başqa şəkildə din xadimi ilə bu cür sərt davranış qeyri-ruslarda və qeyri-pravoslavlarda tamamilə başqa effekt doğura bilər.

Bununla belə, şaman istənilən halda rusca çıxış edir və öz missiyasını ümummilli missiya kimi görür. Rusiyanın rus, tatar və başqa kəndlərində onun moizələrinə tələb var. Ola bilsin, hökumət Aleksandr Qabışevin yürüşünə həm də ona görə bu qədər ciddi yanaşıb ki, şamanın əsas ideyasının – heç olmasa cadugər ayinlərinin köməyi ilə Putinin 20 illik hakimiyyətinə son qoyulmasının – nə qədər cəlbedici olduğunu və ona nə qədər ehtiyacın olduğunu dərk edir.

Paylaş: