Şb. Okt 19th, 2019

Qazaxda çağdaş aşıq sənətinə həsr edilmiş tədbir təşkil edilib

Ölkəmizin ictimai və mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” layihəsi çərçivəsində bölgələrdə görüşlər keçirməyə başlayıb.

İctimai Birlikdən Turkustan.info-ya bildirilib ki, bu məqsədlə Qazax rayonunda təşkil edilən tədbirdə layihə barədə geniş məlumat verilib. Qeyd olunub ki, layihənin əsas mahiyyəti çağdaş aşıqlarımızın vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdıqları şeirlərdən ibarət kitab hazırlamaqdır. Bildirilib ki, dövrümüzdə yaşayan, aşıq sənəti ilə yanaşı, poetik yaradıcılıqla da məşğul olan aşıqlarımızın əsərlərində ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun möhkəmləndirilməsi, ümummilli liderimiz Heydər Əliyev siyasətinin dönmədən həyata keçirilməsi, eləcə də torpaqlarımızın erməni işğalından azad olunması uğrunda öz canlarından keçmiş qəhrəman oğullarımızın tərənnüm olunması mühüm yer tutur. Xüsusi vurğulanıb ki, ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda xüsusilə də gənclərin vətənpərvərlik və qəhrəmanlıq ruhunun daha da artırılması üçün aşıqlarımızın bu mövzularda yazdığı şeirlərin geniş ictimaiyyət arasında təbliğ olunması vacibdir.

Tədbirdə çıxış edən folklorşünas Məhəmmədəli Məşədiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şair Mübariz Qaragözlü, aşıqlardan Saqif Məzəmli, Samir Cəlaloğlu, Ruslan Mustafayev və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər. Belə bir layihənin xüsusilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi baxımından önəm daşıdığı vurğulanıb. Görüş iştirakçıları bu cür layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eyni zamanda, layihənin icraçısı – “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş: