Ca. Noy 14th, 2019

“Mən sizin dostunuz olacağam” – AzTU-nun rektoru I kurs tələbələrilə görüşdü – FOTOLAR

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin sentyabrın 23-də ölkənin aparıcı ali texniki təhsil ocağının birinci kurs tələbələri ilə görüşü keçirilib.

AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki,  yenicə tələbə adını qazanan gəncləri təbrik edən rektor Texniki Universiteti digər ali məktəblərdən fərqli edən cəhətlərə diqqəti cəlb edib, tələbələrə olan tələb və gözləntilərini səsləndirib. AzTU-nun təcrübəli professor-müəllim heyətinə sahib olmasından, tələbə-müəllim münasibətlərindən, yeni tədris ilində ciddi dəyişikliklərin hədəfləndiyindən danışan professor V.Vəliyev  keçmişi arxada buraxaraq gələcəyə baxmağa çağırıb,  yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir  təhsil üsullarına keçməyin vaxtı çatdığını bəyan edib.

Tələbələri fəal olmağa çağıran, “zəif, kəsirli tələbə bizə yad olmalıdır” deyən rektor şəffaf münasibətləri vacib saydığıni, tələbələrin yanında olacağını, onlara hərtərəfli dəstək verəcəyini bildirib: “Mən sizin dostunuz olacağam!”

Professor V.Vəliyevin sözlərinə əsasən,  AzTU Elmi Şurasının oktyabrın 2-də keçiriləcək iclasında Texniki Universitetin fəaliyyəti  və gələcək inkişafı üçün önəmli məsələlər müzakirə ediləcək və  mühüm addımlar atılacaq.

 Görüşdə AzTU rektoru tələbələri maraqlandıran və narahat edən sualları cavablandırıb, onlara bir daha uğurlar arzulayıb.

Paylaş: