Ca. Noy 14th, 2019

AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işləmək üçün təyinat aldılar

Sentyabrın 24-də Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının Müdafiə Sənayesi Nazirliyinin (MSN) komplekslərində işlə təmin olunması üçün yaradılan seçim komissiyasının iclası keçirilib.

Turkustan.info xəbər verir ki, iclasda iştirak edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarını təbrik edib və müasir texnologiyaların istehsalatda tətbiqində gənclərə uğurlar arzulayıb. Rektor çıxışında fakültədə dünya standartlarına uyğun texnologiyaların tədrisində olacaq yeniliklərdən, bu sahədə universitetdə yaradılacaq tədqiqat laboratoriyaları və fakültənin doktorantlarına yaradılacaq şəraitdən danışıb.

Çıxışının sonunda rektor fakültənin fəaliyyətində ciddi dəyişikliklər olacağını və gələcək inkişafı üçün mühüm addımların atılacağını bildirərək  müxtəlif təcrübə bazaları ilə əlaqələrin genişləndiriləcəyini vurğulayıb.

 İclasda fakültənin məzunları MSN-nin komplekslərində işləmək üçün xüsusi təyinat aldılar. Məzunların əksəriyyəti hərbi xidmətə getdikləri üçün komissiyanın bu seçimində onların işlə təmin edilməsi mümkün olmayıb. Lakin Universitet və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaratmaq niyyətindədir.

Qeyd edək ki, seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri və universitetin professor-müəllim heyəti daxildir.

Paylaş: