Ç. Noy 20th, 2019

Eldar Mahmudovun əmisi oğlunun işində Rövşən Lənkəranski müəmması – MƏHKƏMƏ

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Turkustan.info-nun Bakupost.az-a istinadən məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tural İsgəndərli dindirilib.
 
Zərərçəkən qeyd edib ki, sosial şəbəkələrdə silahla şəkili yayıldığı üçün MTN-nin Xəzər rayon İdarəsininə çağrılıb: “Sosial şəbəkələrdə avtomaşının yanında AKM avtomatla şəkilim yayılmışdı. Həmin şəkildən bir neçə gün sonra rəis Rafiq Səfərovun işçiləri zəng edərək məni idarəyə dəvət etdilər. Orda dedilər ki, ölkədə həmin şəkilə görə xaos düşüb. Lənkəranlı olduğum üçün məni Rövşən Lənkəranskinin dəstəsinin üzvü olduğumu bildirdilər. Onlara silahım mənə aid olmadığını, Rövşən Lənkəranski ilə əlaqələrimin olmadığı bildirdim. Lakin mənə inanmadılar, qabağıma silah və narkotik qoydular. Dedilər səni buna görə həbs edəcəyik. İdarədə azad olunmam üçün 20 min manat pul tələb edilib: “O qədər pulumun olmadığını dedim. Sonunda 10 min dollar və 500 manat pul verdim. Verdiyim pulu geri ala bilməmişəm. Vüqar Mahmudovu tanımıram. Məndən pulu Rafiq Səfərov alıb. Onun barəsində cinayət işinin başlanmasını tələb edirəm”.
Proses oktyabrın 7-də davam edəcək.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş: