İƏT Bakını dəstəklədi: Bəs, üzvlər İrəvana niyə yardım edir?

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun budəfəki iclasında Ermənistanın qeyri-qanuni hərəkəti bir daha pislənilib, Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

Turkustan.info xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin Təhlilində öz əksini tapıb. Analizdə İƏT-in beynəlxalq təşkilatlar içərisində Dağlıq Qarabağla bağlı Azərbaycana ən çox dəstək nümayiş etdirən təşkilat olduğu qeyd edilib:

“Hər dəfə bu təşkilatın sammitində Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirən sənədlər qəbul olunur”.

Mərkəzin təhlilində İƏT-in fəaliyyətinin Ermənistanla bağlı iki sual yaratdığı bildirilib:

“1. Təşkilatın Azərbaycan torpaqlarının işğalı ilə bağlı formalaşdırdığı Təmas Qrupu Azərbaycana dəstək bəyanatları ilə yanaşı işğalçı Ermənistana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilərmi və ya bunu istəyirmi? Çünki Ermənistan bu bəyanatları heçə sayır.

2. İslam Konfransı Təşkilatı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və işğala son qoyulmasını dəstəkləyərkən, üzv ölkələr Ermənistanla əlaqələrinə niyə yenidən baxmırlar? Tam əksinə, Ermənistana dəstəyi artırmaq istəyən islam ölkələri var. Məsələn, təşkilatın üzvü olan Livanın Xarici İşlər naziri bugünlərdə İrəvana gedərək Azərbaycanın pilotsuz təyyarələrini vurmaq üçün Ermənistana yardım edə biləcəklərini bildirib. Başqa neqativ misallar da var. Digər İƏT üzvü Qətər son illərdə Ermənistanla sıx əlaqələr qurub. Əslində, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Təmas Qrupunun bugünkü toplantısında bu məsələləri qaldırmalı idi”.

Qeyd edək ki, ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasına qatılıb.  /Axar.az/

Paylaş:

Share