C. Noy 22nd, 2019

“Minimum istehlak səbəti acından ölməmək üçündür” – EKSPERT

2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilir.

Cari ilin sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.

Maraqlıdır, hazırkı şərtlər daxilində minimum istehlak səbətindən razı qalmaq olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Azərbaycanda problem indikatorların hesablanmasındadır:

“Yaşayış minimumunun hesablanması indikatorları həddindən artıq köhnədir. Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır və bu indikatorlar dəyişilməlidir. Elə sahələr var ki, çox gülünc indikatorlar müəyyən olunub. Əsasən də geyimlə bağlı qeyri-real indikatorlar qoyulub və buna uyğun hesablama apardıqda da aşağı məbləğlər alınır. 

Məsələn, 5 ilə bir üst geyimi, 3 ilə 1 ayaqqabı nəzərdə tutulub ki, bu da mümkün deyil. Dünyada yaşayış minimumunun hesablanması üçün müasir tələblər var. Bura internet, insanların mədəni istirahət hüquqlarının təmin olunması, elm öyrənmək məqsədilə kursa getmək, kitab almaq və s. üçün xərclər əlavə olunur. Bunların heç biri Azərbaycanın minimum istehlak səbətində yoxdur. Ölkəmizdə internet xərcləri yaşayış minimumuna son illər salınıb. Həftə ərzində ailədə neçə nəfər olmasından asılı olmayaraq 1 saat hesablanır. Təbii ki, bu, normal deyil. Ona görə də bu indikatorlar dəyişdirilməlidir”.

Ekspert hesab edir ki, yaşayış minimumunun indikatorları dəyişdirilərsə, insan orqanizminə lazım olan gündəlik kalorilər artırılmalıdır:

“Həmçinin digər xərclər real mənzərəyə uyğun dəyişdirilməlidir. Bu zaman yaşayış minimumunun hesablama qaydaları da dəyişəcək və məbləğlər də artacaq. Hazırkı yaşayış minimumunun məbləği nə əmək qabiliyyətli əhali üçün, nə pensiyaçılar üçün, nə də uşaqlar üçün reallığı əks etdirmir. Bu məbləğ insanın bəlkə də acından ölməməsini təmin etməyə kifayətdir. Artıq dünyada yaşayış minimumu bu cür hesablanmır. Başqa xərclərin ödənilməsi xərcləri də yaşayış minimumuna çoxdan daxil edilib”.

Paylaş: