Ca. Okt 24th, 2019

Ermənistanda ardıcıl istefalar: Bir neçə nazir, bələdiyyə sədri…

Ermənistanda hökumət daxilindəki fikir ayrılıqlarının ilk cücərtiləri bələdiyyə seçkiləri zamanı təzahür etdi. Sasun Mikayelyan hakim partiyaya, daha doğrusu, qubernator vəzifəsinə namizədə dəstək verməkdən imtina etdi.

Turkustan.info xəbər verir ki, analitik Ehtiram Aşırlı Azərtac-a bildirib ki, bu da S.Mikayelyanın növbəti dəfə partiyanın idarə heyətinə seçilməməsinə gətirib çıxardı. Bundan sonra S.Mikayelyanın “Mənim addımım” fraksiyasının iclaslarında iştirak etməməsi barədə şayiələr yayıldı və indi onun partiyadan çıxarılacağını dair söz-söhbətlər səngimək bilmir. Növbəti məsələ hökumət daxilindəki bütün spektri aşkar edən Amulsar qızıl mədəninin istismarı oldu. Bundan sonra “Mənim addımım” fraksiyasının üzvü Edqar Arakelyan deputat mandatından imtina etdiyini bildirib. Yeri gəlmişkən, Ermənistan hakimiyyətinin arxa cəbhəsində maraqlı söhbətlər, o cümlədən E.Arakelyanın gələcək planları barədə söhbətlər gedir. Əgər hökumət İstanbul Konvensiyasının ratifikasiyasını təxirə salmazsa, Ermənistandakı hakim partiyanın bir qrup deputatının narazılıqları daha da artacaq. Təsadüfi deyil ki, erməni KİV-lərində N.Paşinyanın öz növbəsində partiyasının deputatlarının fəaliyyətindən narazı qaldığını və hətta bəzi deputatlara mandatlarını tərk etmələri barədə çağırışlara dair xəbərlər yayılır.

“Ermənistanda daxili siyasətindəki çatlar artıq hökumətdə Milli Təhlükəsizlik Xidmətinin və polis rəislərinin istefa verməsi ilə başladı. Bəzi erməni analitiklər istefaları hökumətin yaxın gələcəkdə Amulsara gedən yolu açması və mədənin işini təmin etmək üçün hüquq-mühafizə orqanlarından istifadə etmək istəməsindən irəli gəldiyini bildirirdilər. Digər bir erməni ekspert qrupu, iki quruluş rəhbərlərinin istefalarının, Vanetsyan və Osipyanın girmək istəmədiyi bir cinayət işinin başlaması ilə əlaqələndirirlər. Erməni ictimaiyyətində bu istefalar hələ tam həzm edilməmiş, mətbuatda artıq bu istefaların ardı gələcəyinə və bir neçə nazir, bələdiyyə rəislərinin də istefaya göndəriləcəyinə dair yazılar yayımlanmağa başlandı.

Bu söz-söhbətlərin doğru olub-olmaması yaxın gələcəkdə bəlli olacaq. Lakin bu İrəvandakı daxili siyasi böhranın dərinləşməsinin son mərhələsi olmayacaq, çünki ictimaiyyət qazın qiymətinin artması kimi əsas problemlə qarşılaşacaq.

Sosial baxımdan heç də yaxşı vəziyyətdə olmayan Ermənistan üçün qaz qiymətlərinin artması xalqın etirazına səbəb ola bilər. Hökumət daxilində narazılıqların artması, istefaların baş verməsi görünür, hakimiyyət daxilində domino effekti yaradıb.

Ermənistan daxili siyasi arenadakı vəziyyəti təhlil edərək vurğulaya bilərik ki, hökumətdən ayrılmış nümayəndələrin gələcək siyasi proseslərdə mövqeyi vacib ola biləcək yeni alternativ partiyalar yarana bilər”, – deyə analitik qeyd edib.

Paylaş: