Ca. Noy 14th, 2019

Monopoliya şəkər istehsalını da “VURDU”

2017/2018 marketinq ilində Ukraynadan Azərbaycana 43 600 ton şəkər ixrac edilib. 

Bu barədə “Ukrsaxar” Milli Şəkər İstehsalçıları Asosiasiyasının dərc etdiyi hesabatda deyilir. Məlumata görə, Azərbaycan bu ölkədən ən çox şəkər idxal edən ölkələr arasında üçüncü yeri tutur. Belə ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin sentyabr ayına qədər hesablanan marketinq ilində Ukrayna şəkər istehsalçıları, ümumilikdə, 560 400 ton şəkər ixrac ediblər. Bu daha əvvəlki marketinq ili ilə müqayisədə 27 faiz azdır. İxrac edilən şəkərin ümumi dəyəri isə 221 milyon ABŞ dolları təşkil edib.

Ukrayna istehsalı olan şəkər, əsasən, Özbəkistana ixrac edilib. Ötən il bu ölkəyə 209 900 ton şəkər ixrac edilib. Sonrakı yeri isə Türkiyə tutur. Ukraynadan Türkiyəyə ötən il ərzində 48 min ton şəkər ixrac edilib. Azərbaycandan sonra həcminə görə, daha çox şəkər Şri-Lankaya (40 200 ton) və Liviyaya (39 400 ton) ixrac edilib. Mütəxəssislərin proqnozlarına görə, növbəti maliyyə ilində Ukraynanın şəkər ixracı 7 faiz artaraq 600 min tona çata bilər. Onların fikrincə, növbəti marketinq ilində yenə də əsas idxalçı ölkələr Özbəkistan, Türkiyə və Azərbaycan olacaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında ötən ilin eyni ayları ilə müqayisədə qida məhsullarının istehsalında 15,7 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 77,8 faiz artıb.

28 ildir Azərbaycanda fəaliyyətə göstərən və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynadığı deyilən “Azərsun Holdinq”dən ölkənin illik şəkər ehtiyacının nə qədər təmin etməsini öyrənməyə çalışsaq da, yeni məlumatlar əldə edə bilmədik. Holdinqin rəsmi səhifəsində isə qeyd edilir ki, 2011-ci ildən etibarən İmişli Kəllə Qənd Zavodunda istehsal olunan “Azərşəkər” qənd məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə də ixrac olunur.

Mediaya açıqlanan son rəqəmlərə görə, İmişli Şəkər Zavodunun illik istehsal gücü 550-600 min tondur. Adıçəkilən istehsal müəssisəsi illik 130-140 min ton şəkər istehsalı həyata keçirir ki, bu da ölkədaxili tələbatın 50-60 faizini təşkil edir.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanın özünün şəkər istehlakının yarıdan çoxunu xaricdən idxal hesabına ödədiyinin danılmaz fakt olduğunu deyib:

“Azərbaycanda istehlak olunan şəkərin yalnız 30-40 faizi daxildə istehsal olunur. Bu istehsalı da yalnız “Azərsun Holdinq” həyata keçirir. Şəkər idxalımız isə ildən ilə artmaqdadır. Məsələn, 2010-cu ildə ölkəyə 9,5 min ton şəkər idxal olunmuşsa, ötən il 86 milyon 528 min dollar dəyərində 238 min 773 ton şəkər idxal edilib. Hətta 2017-ci ildə bu rəqəm 368 min 724 tona (169 milyon 756 min dollar) çatıb. Azərbaycanda şəkərin adambaşına düşən illik istehlakı ortalama 31,4-32 kq-dır ki, bunun da yarıdan çoxunu idxal hesabına ödəyirik. Bəzi çevrələrdə idxal asılılığımız xammal azlığı ilə əlaqələndirilir. Azərbaycanda kifayət qədər şəkər çuğunduru istehsal olunmadığından onun bir qisminin xaricdən alındığı deyilir. Ölkəmizdə əkinə yararlı torpaqların kifayət qədər olmadığı da bir faktdır. Yerli mütəxəssislər hesab edir ki, şəkər çuğunduru əkin sahələrindəki bütün qida maddələrini sorduğu üçün həmin torpaqlarda 3-4 il durmadan münbitləşdirmə tədbirləri görülməlidir. Əks təqdirdə, növbəti ildə həmin yerdə heç bir bitki əkmək mümkün olmur. Xarici mənbələrdə isə bunun əksi qeyd olunur. Belə ki, şəkər çuğundurunun torpağın fiziki strukturunu və ekoloji tarazlığını yaxşılaşdırdığı, ondan sonra həmin ərazidə əkiləcək məhsulların məhsuldarlığını maksimum dərəcədə artırdığı qeyd edilir. Beləcə, paradoks yaranır. Düşünürəm ki, istehsalın ildən-ilə azalmasında ən önəmli faktor bazarda bir tək monopolist şirkətin var olmasıdır. Bazara digər istehsalçıların da daxil olmasına imkan verilsə, mənzərə dəyişə bilər. İmişli Şəkər Zavodunun illik istehsal gücünün 1,8 milyon ton olduğu deyilir. Ancaq nədənsə zavodun istehsal həcmi hər il aşağı enməkdədir. Məsələn, 2016-cı ildə zavod 420 min ton şəkər istehsal etdiyi halda, 2017-ci ildə 228 min ton istehsal həyata keçirib, o cümlədən, azalma tendensiyası sonrakı illərdə də müşahidə olunur. Ümumi götürsək dünyada şəkərin bir tonunun qiyməti 400-500 dollar arasında dəyişdiyi halda, ölkəmizdə 700-800 dollar arasındadır. Əgər qiymətin bu cür yüksək olması şəkər çuğunduru istehsalındakı maliyyətlərin yüksək olması ilə əlaqələndirilirsə, o zaman Avropa İttifaqı ölkələrində olduğu kimi, toplam istehsalın 75 faizi korporativlər kanalı ilə həyata keçirilsin. Yaxud da şəkər istehsal edən zavodların sayı artırılsın və bu sahədə inhisarçılığa son verilsin”.

Analitikin sözlərinə görə, şəkər alternativ məhsullar arasında məhsuldarlığına, gəlirliliyinə, əlavə dəyərinə və xarici bazar dəyərinə görə müqayisəli üstünlüyə malik məhsuldur:

“Yəni ölkə iqtisadiyyatı üçün gəlirli sahə hesab edilə bilər. Şəkər istehsalı üçün əsas xammal şəkər qamışı və şəkər çuğundurudur. Dünya üzrə istehsal olunan şəkərin 25 faizi şəkər çuğundurundan, 75 faizi isə şəkər qamışından alınır. Məsələn, şəkər qamışının maliyyəti daha aşağıdır. Emal prosesinin rahatlığına və ildə bir neçə dəfə məhsul verdiyinə görə, şəkər qamışı şəkər çuğunduru ilə müqaisədə 40-50 faiz daha ucuz başa gəlir. Birjalarda da şəkərin qiymti qamışdan əldə edilən şəkər ilə müəyyən edilir. Həm qiymət, həm də keyfiyyət baxımından şəkər çuğundurundan əldə edilən şəkərin dünya bazarında rəqabət qabiliyyəti daha aşağıdır. Ölkəmizdə, o cümlədən, Avropa İttifaqı ölkələrində, Türkiyə, Rusiya və Ukraynada yalnız şəkər çuğunduru əkilir. Bunun səbəbi həm iqlim şəraiti, həm də əlavə dəyərinin yüksək olmasıdır. Şəkər qamışı əsasən tropik və subtropik bölgələrdə yetişdiyinə görə, subtropik iqlim qurşağında yerləşən ölkəmizdə şəkər qamışının istehsalı nəzərdən keçirilə bilər”.   /Cebhe.info/

Paylaş: