Ca. Noy 14th, 2019

“Onlardan siyasi xadim olmaz” – Tanınmış vəkil siyasətçilərdən yazdı

Bəzi siyasi xadimlər ölkədaxili məhkəmə instansiyalarında  təmənnasız göstərilmiş hüquqi yardıma, Avropa Məhkəməsində udulmuş işə görə öz vəkilinə təşəkkür etmirlər. 

Turkustan.info xəbər verir ki, bu barədə özünün facebook statusunda tanınmış vəkil Əsabəli Mustafayev yazıb.

“Seçim təqribən belədir: “Desəm öldürərlər, deməsəm ölləm”. Sonuncunu seçdim. Ölkədaxili instansiyalarda təmənnasız göstərilmiş hüquqi yardıma, Avropa Məhkəməsində udulmuş işə görə öz vəkilinə təşəkkür etmək qabiliyyəti, qanacağı və mədəniyyətinə malik olmayan özünü “siyasi xadim” sayanlardan və buna görə belə xüsusiyyətlərdən yüksəkdə dayandıqlarını hesab edənlərdən heç vaxt lider olmaz, olsa da onlardan topluma faydası olmaz. Daxili instansiyalarda yazılan onlarla şikayətin, vəsatətin, Avropa Məhkəməsinə göndərilmiş ərizənin, tərtib olunmuş kommunikasiya sənədlərinin məzmunundan, çəkilən xərclərin məbləğindən bixəbər olmasına baxmayaraq qələbənin sahibliyini öz adına yazana hər hansı bir formada dəstək verilməsi yanlışlıqdır. Sizlərə tövsiyyəm budur. Çünki onlara sizlər yox, göstərdiyiniz dəstək lazımdır. Dəstək alandan sonra sizlər növbəti mərhələ qədər unudulacaqsınız. Deməyi məndən, qiymətləndirilməsi sizdən”-deyə, vəkil bildirib.

Konkret ad çəkməyən Ə.Mustafayev hesab edir ki, bu işçdə yeganə təsəlli dəyələrin müdafiə olunmasıdır: “Mən adlar çəkmədim, çünki onların kimliyini bilmək istəyənlər üçün dünən yazdığım statusun altında yazılan və yazılmayan şərh müəlliflərinin siyahısı, qərarda adı göstərilən bəzilərinin ayrıca yazdıqları statuslar mövcuddur.  Yeganə təsəlli odur ki, mən və kollegiyalarım fərdləri yox, dəyərləri müdafiə edirik. Hərçənd ki bu fərdlərin bəziləri həmin dəyərlərin daşıyıcısı deyillər”.

/Cebhe.info/

Paylaş: