C. Noy 15th, 2019

Böyük Türk mütəfəkkiri və filosofu İbn Sina – Fəlsəfi dünyagörüşü

İbn Sina Qəznəli Türklərinin sarayında fəaliyyət göstərməsə də o da bu dövrün mütəfəkkirlərindən olduğundan onun da bu dövr Türk dünyasının və ümumiyyətlə ,bütün Şərqin ictimai-fəlsəfi fikir tarixində müstəsna yeri və rolu vardır. Orta əsr Latın dünyasında “Avisenna” adı ilə məşhur olan İbn Sina fəlsəfi sistemini Farabinin sistemi üzərində qurmuşdur.

Aydın Mədətoğlu QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru , dosent
980-ci ildə Buxara yaxınlığındakı Əfşanak kəndində bir Türk ailəsində anadan olan İbn Sina 5 yaşında olarkən ailəsi ilə birlikdə Buxaraya gəlmişdir. İbn Sinanın atası Abdullah Bin Sina Samanoğulları sarayının katiblərindən olmuşdur . İlk təhsilini atasından alan İbn Sina sonradan dövrün məşhur alimlərindən olan Natili və İsmayıl Zahiddən dərs almış, Quşyar adlı bir həkimin yanında tibb təhsili görmüşdür .
Bütün həyatı dövrün hökmdarlarının bir-birilə apardıqları mübarizələrdə ağır bir şəraitdə keçən İbn Sina daha çox Buxara hakimlərinə yaxın olmuşdur. Ona qarşı çıxdıqları üçün Qərmətilərə divan tutan Mahmud Qəznəliyə rəğbət bəsləməyən İbn Sina onun sarayına getməmiş, öncə Ürgəncdən Nisaya, oradan Əbiverdə, sonra Tusa, Dehistana, Qurqana, Reyə, Qəzvinə, İsfahana və ən sonda da Həmədana gələn alim 18 iyun 1037 –ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur .
İbn Sina Məntiqə, Metafizikaya, Psixologiyaya, Əxlaqa, Fəlsəfəyə və Tibbə dair bir çox əsər yazmışdır. Tədqiqatçılar göstərirlər ki, İbn Sina 450-yə qədər elmi məqalə yazmışdır ki, onlardan günümüzə yalnız 240-ı gəlib çatmışdır. Bu məqalələrin 150-i fəlsəfəyə, 40-ı tibbə aiddir .
Müəllifin “ Kitabü-ş-Şəfa” əsəri “ Məntiq, Fizika və Metafizika “ bölmələrindən ibarətdir. 11 cildlik bu əsər 22 kitabdan ibarətdir.
Məntiq bölümü, Giriş, Kateqoriyalar, Şərh (Kommentariya ),B irinci Analitiklər, İkinci Analitiklər, Utopiklər, Sofistik dəlillər, Ritorika və Poetika, Fizik və ya Təbiət bölümü, Fizika,Göyüzü və Aləm, Mənşə ( Genezis ) və Məhvolma, Təsirlər və Təşəkkületmə, Minerologiya, Metorologiya, Psixologiya, Botanika və Biologiya, Matematika bölümü, Geometrya, Arfimetika, Astronomiya və Musiqi kitablarından ibarətdir .
22-ci kitab isə Metafizikadır. İbn Sinaya görə, Metafizikanın təməl mövzusu “ Mütləq Vücud “(Vücudu Mütləq ) olan Allah ilə uca Varlıqlardır. Fərabi kimi İbn Sinanın da fəlsəfəyə etdiyi ən mühüm xidmət Metafizika sahəsində olmuşdur. İbn Sina Fərabinin “Mümkün ül-Vücud “ və “Vacib ül –Vücud “ , “Qüvvət halında Varlıq “ və “Hərəkət halında Varlıq “ , “Cövhər və Araz “ , “Mahiyyət və Vücud “ , “Maddə və Surət “ kimi fəlsəfənin müxtəlif sahələri arasında bir əlaqənin olduğuna inanmış , “ Şəfa “ və “ Nicat “ adlı əsərlərində Varlıq anlayışının insan təfəkkürünə açıq bir şəkildə yerləşdiyini , digər anlayışların isə Varlıq anlayışını izlədiyini irəli sürmüşdür.
Fərabinin “Mahiyyət –Vücud “ ayrılığını tamamilə müdafiə edən İbn Sina bu ayırmanı fəlsəfənin ana mövzusu halına gətirmişdir . İbn Sinaya görə ,insan təfəkkürü ,zehni konkret Varlıqlar dünyasından bir qrupun bütün fərdlərinə aid ediə bilən təməl anlamları çıxarır . İnsan anlayışı insanın təbiətini dilə gətirir , lakin o , həqiqi bir Varlıq olaraq mümkündür. Başqa sözlə , insanın mahiyyəti özbaşına var ola bilməz . Varlıq insana xaricdən verilmişdir . Bu tək-tək Varlıqlar üçün doğrudur . Zaman daxilində bir başlanğıca sahib olan bütün var olanlarda Mahiyyət Vücuddan ayrıdır . Bu sadəcə məntiqi bir ayrılıq deyil , eyni zamanda bir ontoloji ayrılıqdır.
İbn Sinanın da Fərabi kimi Mahiyyət və Vücud arasında aparmış olduğu bu ayrılıq onun da fəlsəfi Teizm anlayışı üzərində mühüm bir təsirə malikdir .
Fərabi kimi İbn Sinaya görə də Allah ən yüksək dərəcədə Kamal sahibidir . Bu vəziyyət Allah haqqındakı bilgimizin də mükəmməl olacağını düşünmək ağlabatan görünür. İstər Fərabi, istərsə də İbn Sina Allahın Varlığı məsələsində ciddi şübhələrin olmayacağına inandıqları üçün diqqətlərini daha çox Allahın adları və ya daha doğrusu, sifətləri üzərinə yönəltmişlər. Onlar əsərlərində Allahın adları ilə bağlı Quran terminləri ilə fəlsəfi terminləri yan-yana işlətmişlər. Hər iki filosof Quranın məşhur “ Nur “ surəsinə istinad edərək Allahın “ Əvvəl , Axır, Zahir, Batin “ olduğunu söyləməklə bərabər , göstərmişlər ki , Allah təkdir. O , həm Öz Varlığını , həm də bütün Kainatı bilir. O ,ən yüksək dərəcədə Həyat , Hikmət və İradə sahibidir. Kərim və Adil olan Allah hər şeyin Xaliqidir. O , Cəmildir və hər şeydəki gö- zəlliklərin qaynağıdır. Ən təmiz məhəbbət, təslimiyət və ibadət ancaq Onadır. Allah sadəcə Qadir olduğu üçün deyil, Yaxşılığın, Həqiqətin və Gözəlliyin mənbəyi olduğu üçün də ibadətə layiqdir.
İbn Sinanın əsərləri öz dövründə belə nəinki yaşadığı yerlərdə , həmçinin bütün Qəznəli İmperatorluğu ərazilərində və demək olar ki , bütün Şərq dünyasında, daha sonralar isə bütün Avropaya da yayılmış və böyük mütəfəkkirə əvəzsiz hörmət qazandırmışdır. İbn Sina İslam dünyasında bir çox yeni fəlsəfi problemlərlə məşğul olmuş , Fərabinin açdığı yolu ciddi şəkildə davam etdirmişdir.
İslam dünyasının və Orta əsr Latın dilli Avropa aləminin fikir babası olan İbn Sina məntiq sahəsində böyük bir sistem yaratmış, məntiq elmi onun sayəsində inkişafının ən yüksək mərhələsinə çatmışdır . O, özündən əvvəlkilərin səhvlərini düzəltmiş , yeni görüşlər irəli sürmüşdür . Alim məntiqin təkcə Aristotel məntiqindən ibarət olduğu görüşləri rədd etmiş və göstərmişdir ki , Məntiq başlı –başına bir elmi araşdırma sahəsidir .
İbn Sinanın “ Kitabü-ş-Şəfa “ və “ Əl- Qanun fi-t-Tibb” əsərləri Latıncaya tərcümə edilərək Orta əsr Avropa Universitetlərində 400 il boyunca tədris olunmuşdur.

Paylaş: