27 Noyabr 2020 11:44

“Onların ağzını pambıqla yummalıyıq” – Seymur Verdizadə

“Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma baş verməyib. Azərbaycan azsaylı xalqların çoxəsrlik vətənidir. Ölkəmizdə yaşayan xalqlar arasında nifaq salmaq cəhdi heç vaxt baş tutmayacaq”.

Turkustan.info xəbər verir ki, bu sözləri “Multikultural Azərbaycan”a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə deyib. 
Jurnalist bildirib ki, bəzi xarici dairələrin Azərbaycanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı fikir səsləndirməsi onların məkrli niyyətindən xəbər verir: “İstər jurnalist, istər QHT rəhbəri kimi tez-tez milli azlıqların nümayəndələri ilə görüşürəm. Onların hüquqları ən yüksək səviyyədə qorunur. Dövlət onların mədəni inkişafının qeydinə qalır, folklor nümunələrinin yayılmasına və təbliğinə dəstək verir. Hazırda Azərbaycan üçün xarakterik olan sağlam mənəvi mühit bu ölkədə yaşayan hər bir insanın marağına cavab verir”. 
S.Verdizadə Azərbaycanda yaşayan azsaylı xalqları ayıq-sayıq olmağa, təxribatlara adekvat cavab verməyə səsləyib: “Azərbaycanda mövcud olan birgəyaşayış modeli müasir dünya üçün layiqli nümunədir. Heç kim bizim birgəyaşayış ənənəmizi zədələyə bilməz. Birliyimizi pozmağa cəhd göstərənlərin ağzını pambıqla yummalıyıq”. 

Paylaş: