04 Dekabr 2020 22:12

“Bu xəbəri məqsədli şəkildə yayıblar” – Çingiz Qənizadə qardaşının borcundan danışdı

Bu gün daha bir millət vəkilinin – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olması barədə əlumat yayılıb.

İddia olunur ki, “Accessbank” deputatın qardaşları – Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
Çingiz Qənizadə BakuPost-a açıqlamasında hadisədən xəbərdar olduğunu bildirib:
“Mənim qardaşım uzun illərdir Ağdaşda diş həkimi kimi fəaliyyət göstərir. O, “Accessbank”dan 17 min manat dəyərində kredit götürərək, işi üçün lazımı olan texniki avadanlıqlar alıb. Məndə olan məlumata görə, krediti götürdükdən sonra inflyasiya dövrünə düşüb və ödənməsi ilə bağlı bir qədər anlaşmazlıq yaranıb.
Daha sonra bank qardaşım Gündüz Qənizadəni mülki qaydada məhkəməyə verib və anlaşma əldə etdikləri üçün prosesi dayandırıblar. Burada çox kiçik məbləğdən söhbət gedir. Adı çəkilən şəxslərin isə kredit götürülən zaman zamin duran şəxslərdir. Onlardan biri digər qardaşım Feyruz Qənizadə və Gündüzün həyat yoldaşı Mehriban Qənizadədir”.
Banka olan borcun xeyli vaxtdır, ödənildiyini bildirən millət vəkili, bu xəbərin mətbuata ötürülməsində çirkin niyyətin olduğunu dilə gətirib:
“Qardaşım əvvəllər də həmin bankla işləyib kredit götürüb və borcunu ödəyib. Bu isə onun sonuncu götürdüyü borcudur.
Bunun mətbuata sızması görünür ki, məqsədyönlüdür. Hər halda bu məsələni gündəmdə olan digər məsələlərlə eyniləşdirmək ağılsızlıq olardı”.

Paylaş: