C. Dek 6th, 2019

“Saakaşvilini həbsxanaların birində komfortlu otaq gözləyir” – Gürcüstanlı deputat

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıdacağı anonsunu verib.

Bu barədə siyasətçi özü jurnalistlərə deyib.

Ukraynada siyasi fəaliyyətlə məşğul olmaqda problemi olmadığını xatırladan siyasətçi bununla belə, tarixi vətəni ilə əlaqələrini itirdiyini düşünür.

 “Gürcüstan dövlətçiliyini bərpa etmək istəyirəm. Yaxın aylarda ora qayıdacam”-deyə siyasətçi əlavə edib.  

Maraqlıdır, gürcü xalqı Saakaşvilinin Gürcüstana qayıtmasını istəyirmi?

Modern.az məsələ ilə bağlı  bir neçə deputatın fikirlərini öyrənib.

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov bildirib ki, hələlik Saakaşvilinin  gələcəyi vaxtı müəyyənləşməyib:

“Güman ki, Saakaşvili seçkiyə yaxın Gürcüstana gələcək. Biz onu səbirsizliklə gözləyirik. Ancaq bütün gürcü xalqı adından danışmaq olmaz. Saakaşvilinin Gürcüstana gəlməsi ilə bağlı həm razı, həm də narazı olanlar var. Saakaşvili gələndə siz də hər şeyi görəcəksiz”.

“Gürcü arzusu” Partiyasında təmsil olunan azərbacanlı deputat Mahir Dərziyev isə qeyd edib ki, Saakaşvili  2013-cü ildə Gürcüstanı tərk edib:

“Ona qarşı qaldırılmış cinayət işlərinə görə o, uzunmüddətli həbsə məhkum olunub. Bir məqamı qeyd edim. Zaman-zaman  Saakaşvili gələcəyi ilə bağlı bəyanatlar verib. Bilmirəm, Saakaşvili bu dəfə hansı yolla qayıdacaq?! Yerin altı, yoxsa, üstü ilə?! Saakaşvilini Gürcüstanda hüquq-mühafizə orqanları gözləyir. Bu adam törətdiyi cinayətlərə görə, həbs cəzasına məhkum olunmuş adamdır. Təbii ki, o qayıdanda həbsxanaların birində onu komfortlu otaq gözləyir”.

Mahir Dərziyev vurğulayıb ki, gürcü xalqı heç də Saakaşvilinin gəlməsini istəmir:

“Amerikanın Milli Demokratiya İnstitutu  rəy sorğusu keçirib. “Gürcüstanda sabah seçki olarsa, hansı partiyaya səs verərsiniz? sualına Saakaşvilinin tərəfdarları 4% səs toplayıb. Rəyi soruşulanların yalnız 4%-i bu partiyaya səs veriblər. İndi siz deyin, Saakaşvilinin Gürcüstana gəlməsinə bütün gürcü xalqı razıdırmı?!”

Paylaş: