04 Dekabr 2020 06:30

Torpağı sahibindən kim və hansı yolla ala bilər? – Bütün suallara CAVAB

Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib. 

Qərara əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. Şəxsi əmlakın dövlət ehtiyacları üçün satılması qanunla zəruridir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsində bu məsələ öz əksini tapıb. 

Turkustan.info xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev cebhe.info-ya açıqlamasında dünya ölkələrinin qanunvericiliyində oxşar qanunlar olduğunu deyib:

“Mülki Məcəllədə dövlət ehtiyacları üçün torpaqların alınması maddəsi var. Bu məsələ dünya ölkələri praktikasında da öz əksini tapıb. Bizdə bu vətəndaşların məlumatsızlığından istifadə edilərək tez-tez “dövlət ehtiyacları” adından istifadə edirlər. Amma Mülkü Məcəllədə bu öz əksini konkret maddələrlə tapıb. Belə ki, Mülki Məcəllənin 157.9 maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Bəzən şəhərdaxili magistral avtomobil yollarının çəkilişi üçün də vətəndaşlardan “dövlət ehtiyacı” adı ilə alınır. Lakin şəhərdaxili magistral avtomobil yolları olmur. Magistral bir şəhərdən digərinə çəkilə bilər. Torpaqları dövlət ehtiyacı üçün alarkən, hətta torpaq sahibi özü razı olmasa da, torpağı alan dövlət qurumu məhkəməyə müraciət edərək qanunla həmin torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. Bu, yalnız dövlət ehtiyacları üçün keçərlidir. Digər ehtiyaclar üçün isə alıcı ilə mülkiyyətçi arasında qarşılıqlı razılaşma olmalıdır. Çox zaman ev və ya torpaqları ucuz almaq üçün “dövlət ehtiyacı” adından istifadə edirlər. Nazirlər Kabinetinin qərar qəbul etməsi isə bu torpaqların həqiqətən dövlət ehtiyacları üçün alınmasını təsdiqləyir”. 

Ekspert bildirib ki, dövlət ehtiyacları üçün alınan torpaqların da xüsusi qiymətləndirmə formaları var: 

“Bəzən isə dövlət ehtiyacları üçün torpaqları alarkən onun üzərindəki evin pulunu ödəsələr də, torpağın pulunu ödəmirlər. Məsələn, “Sovetski” ərazisində mülklərin alınması zamanı bu hallar baş verirdi. Səbəb kimi isə torpağın dövlət mülkiyyətində olmasını əsas gətirirdilər. Lakin həm evin, həm də torpağın ayrılıqda qiymətləndirilərək pulu ödəniliməlidir. Əgər mülkiyyət özəldirsə, burada heç bir şərt olmadan pulu ödənilməlidir. Amma özəl deyilsə, həmin torpağın istifadə müddətinə baxılmalıdır. Çünki 1998-ci ildə prezidentin “Qanuni istifadədə olan torpaq sahələrinin istifadəçilərinə bağışlanması” adlı fərmanı var. Burada ev üçün, bağçılıq üçün nəzərdə tutulmuş torpaqlardan söhbət gedir. Əhalinin çoxunun bu fərmandan xəbəri yoxdur və elə bilir ki, istifadə etdiyi torpaq dövlətindir. Ona görə də torpaq üçün pul ala bilmirlər. Əgər vətəndaş dövlət qurumunun təklif etdiyi məbləğlə razı deyilsə, mütləq mütəxəssis çağırıb mülkü qiymətləndirməlidir ki, məhkəmədə müqayisə edə bilsin. Əgər ölkə məhkəmələri baxmazsa, Avropa məhkəməsinə müraciət etmək olar”. 

Paylaş: