24 Noyabr 2020 13:20

“Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisində Azərbaycan mədəniyyəti təqdim olunur

Çin Xalq Respublikasının Haynan şəhərində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” adlı sərgi açılıb.

Turkustan.info xəbər verir ki, Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Mədəni İrs Administrasiyası və Çin Bədii Sərgilər Təşkilatının keçirdiyi tədbirdə Azərbaycan stendi də təqdim edilir. Burada ölkəmizə aid xalçalar, xalça məmulatları, milli geyimlər, zərgərlik və musiqi alətləri nümayiş olunur. Həmin eksponatlar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə sərgilənir.

Çin Xalq Respublikasının 70 illiyinə həsr edilən sərginin rəsmi açılış mərasimində Haynan Turizm, Mədəniyyət, Televiziya və İdman Departamentinin, Çin Mədəni İrs Mübadilə Mərkəzinin və onun Xarici Əlaqələr İdarəsinin, Haynan Mədəni İrs İnzibatçılığının, Haynan Muzeyinin nümayəndələri və Haynan şəhərinin sakinləri iştirak ediblər.

Sərgi gələn ilin yanvar ayının 5-dək davam edəcək.

Qeyd edək ki, “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisi ilk dəfə bu ilin may – avqust aylarında Pekin şəhərində Çin Milli Muzeyində təşkil olunub. Burada 22 Asiya ölkəsinin, o cümlədən Azərbaycanın dünya mədəniyyətinə töhfə sayılan eksponatları təqdim edilib. Üç ay davam edən sərgini iki milyondan çox qonaq ziyarət edib. Sərginin ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmasını nəzərə alaraq, onu bölgələrdə də nümayiş etdiriblər.  /AZƏRTAC/

 

Paylaş: