Ç. Apr 1st, 2020

Elbariz Məmmədlinin söz dünyası

BU TORPAQ BÜTÖVLÜK TANIMAYACAQ …
Bu torpaq bütövlük tanımayacaq,
Hər kəsin canında o MƏN yoxdusa.
Hər evin içində Vətən havası,
Hər evin içində Vətən yoxdusa...

Elə həsrət-həsrət baxıb uzaqdan
Gözü yaşaracaq, əsir yurdların.
Hər gün yaraları təzələnəcək,
Sahibsiz yurdların, yesir yurdların.

Bu qaçqın taleli, köçkün taleli,-
Millətin qəddini dərdi əyəcək.
Biz girov qaldıqca qul əxlaqında,
Təpər canımızda gecələyəcək.

Bilmirəm, qanımız harda qarışıb,
Ruhumuz yad düşüb, yurd havasına,
Ekranı bürüyən gədalara bax,
Qol açıb oynayır Vətən yasına.

O qədər boğazdan asılmışıq ki,
Daha hamımızı tamah aldadır.
Baxırıq əlinə yadellilərin,
Bu gün yola verir, sabah aldadır.

Gərək könlümüzdən alov püskürə,
Yolumuz savaşa açıla, doğru.
Daha ürəklərdən yol da tükənir,
Kəlbəcərə doğru, Laçına doğru.

Bu nə biganəlik, bu nə soyuqluq?
Bu acı sualın cavabı varmı?
Əriyib gedirik, düşmən əlində,
Yada qul olmağın savabı varmı?

Hər gün bir ümidin yelinə verib,
Elə yüz illərdi yorurlar, bizi.
Dünən Savalandan topa tutdular,
Bu gün də Şuşadan vururlar, bizi.

Bölünür beləcə Vətən torpağı,
Sərhədi kiçilir, canı kiçilir.
Kimsə sinəsinə döyməsin əbəs,
Vətən bölünəndə hamı kiçilir.

YAXŞI Kİ,HƏSRƏTİN VAR

Yenə üzür canımı,
Gecənin üzü qara.
Məni xəyala çəkir,
Səni uzaqlıqlara.

Göy üzü ulduz-ulduz,
Hər ulduzun öz qəmi.
Elə bil həsrət gəlib,
Tutub bütün aləmi.

Çöldə bir az sazaq var,
Bir az da yaz havası.
Göydə hələ bitməyib,
Buludların davası.

Çiçəklər də gecikib,
Görüşə gecikən tək.
Budaqlar puçur-puçur,
Ümidə göz tikən tək.

Hər şey sükuta dalıb,
Soraq da yoxdur Aydan.
Bu axşam da son ümid,
Keçirir məni çaydan.

Mənim yaşadığımı,
Duyursanmı bir azca.
Xəyalımdan qaçma tez,
Gəlibsənsə,dur azca.

Yuxusuz bir gecədə,
Qəminə köklənmişəm.
Səsimə səs versənə,
Görürsən təklənmişəm.

Bəlkə ölə bilərdim,
Həyat ağır,ömür dar…
Qapısını döyməyə,
Yaxşı ki,həsrətin var.

AYAZ ARABAÇIYA

Atıb özlərini dərdin içinə,
Yenə də salıblar dərdi “biçin”ə,
Qoşulub gedirlər fikir köçünə,
Şeir yazmaq deyil şairlərinki.

Sözdən dünya boyda xana qururlar,
Atıb ömrü-günü yana, qururlar,
Dərdin təpəsində bina qururlar,
Şeir yazmaq deyil şairlərinki.

Fikir ömür yükü, əzab həmdəmi,
Canına yük olur dünyanın qəmi,,
Çəkir sinəsinə bütün aləmi,
Şeir yazmaq deyil şairlərinki.

Nə qədər çəkilər, elin qayğısı,
Çəkdikcə çoxalır gülün qayğısı,
Başına bəladı, dilin qayğısı,
Şeir yazmaq deyil şairlərinki.

Düşüb ortalıqda qalır öz qəmi,
Dördcə divarı var, bir də öz dəmi,
İçi özünündü, çölü özgənin,
Şeir yazmaq deyil şairlərinki.

Çörəyi duyğudu, mayası sözdü,
Sevgisi ocaqdı, ilhamı közdü,
Zamana əyridi, Tanrıya düzdü,
Şeir yazmaq deyil şairlərinki…

BİR HAQQ AŞİQİNƏ
Sənin inandığın həqiqət yoxdu,
Mənim aradığım həqiqət kimi.
Bizi hər addımda aldanış yeyib,
Hopub canımıza düz niyyət kimi.

Havası azadlıq qoxumur, daha,
Elə sən deyənə təşnədi dünya.
Üstündə nə qədər qanlar töküldü,
Haqqın körpüsündən keçmədi dünya.

Bir bax, dörd tərəfin düşmən çəpəri,
Hamı səndən kəsib, vətən düzəldib.
Dünyada ədalət deyilən buysa,
Soruş, ədaləti nədən düzəldib…

Sənin dediklərin səndən alınıb,
Açarı yad əldə din-imanın da.
Tarix yaranandan üyüdür bizi,
Zaman özgələrin dəyirmanında.

Sıxıb içimizə son ümidləri,
Vaxtı ötürmüşük odlar içində.
Nə dərddir, götürüb qapı-bacanı?
Silir adımızı adlar içindən.

Hamı öz işində, öz bazarında,
Əyib insanlığı can savaşları.
Dünyada gör neçə qütbə bölünüb,
Sən sevgi umduğun qan qardaşların.

Sənin inandığın həqiqət yoxdu,
Mənim aradığım həqiqət kimi.
Bizi hər addımda aldanış yeyib,
Hopub canımıza düz niyyət kimi.

Paylaş:

mersin escort bayan mersin escort