28 Noyabr 2020 17:03

Elxan Şahinoğlu “Real” TV-də veriliş açdı: “Bu sahədə boşluq var idi”

“Real” TV-nin efirində sentyabrın 28-dən başlayaraq həftəlik “Atlas” proqramında dünyada və bölgədə baş verən əsas hadisələr təhlil olunur.

Turkustan.info xəbər verir ki, proqramın aparıcısı, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu veriliş barədə təəssüratlarını Modern.az-la bölüşüb:

““Atlas” müəllif proqramıdır. Mən lap əvvəldən belə proqram yaratmağı düşünürdüm. Çünki Sovet hakimiyyəti dönəmində belə həftəlik analitik, beynəlxalq proqramlar var idi. Məsələn, “Beynəlxalq panoram”, “Dünya bu gün” adlı bir sıra proqramlar olub. Həmin verilişlərdə həftə ərzində bölgə və dünyada olan dəyişikliklər siyasi şəxslər tərəfindən ciddi təhlil olunurdu. Düşünürdüm ki, belə verilişlərin Azərbaycan formatında da təsis olunmasına ehtiyac var. Əslində proqramla bağlı ideyanı çoxdan hazırlamışdım və dostlarımla da bu fikri paylaşmışdım. Sonra “Real” TV rəhbərliyindən belə bir təklif gəldi və məmuniyyətlə qəbul etdim. Verilişin adının “Atlas” olması daha da sevindiricidi. Proqramın əsas məqsədi bölgədə və dünyada olan hadisələrin təhlilini verməkdir”.

Elxan Şahinoğlu bildirib ki, informasiya hər yerdə var, hamı telefonla istənilən informasiyanı əldə edə bilər:

“Əsas məsələ bu informasiyaları şərh etməkdir. Öncəlik olaraq isə çalışacam ki, Azərbaycana təsir ola biləcək, Azərbaycanın tərəfdaşlarında baş verəcək hadisələri təhlil edim. Birinci proqram BMT Baş Assambleyasının müzakirəsi oldu. Çünki biz onu diqqətlə izləyirik. Bundan əlavə İran ətrafında vəziyyətin gərginləşməsi, Ermənistanın baş nazirinin Dağlıq Qarabağla bağlı açıqlamalarını təhlil etdik. Proqramda “Həftənin sitatı” adlı rubrikamız da var. Rubrika sanki beynəlxalq aləmin analitik mənzərəsini canladırmış olacaq. Çalışacam ki, hər həftə rubrika davamlı yayında olsun. Burda həftə ərzində dünya liderlərinin, tanınmış siyasətçilərin maraqlı açıqlamaları şərh olunacaq. Məsələn, ilk olaraq Ukrayna və Estoniya prezidentinin maraqlı açıqlamaları şərh olundu. Mən ümumiyyətlə bu sahədə televiziyalarımızda bir boşluq hiss edirdim. Təbii ki, hər gün xəbərlər gedir, amma həfətnin yekun şərhinə ehtiyac duyulurdu”.

O, həmçinin qeyd edib ki, veriliş müəllif proqramı əsasında qurulub.

Çünki analitik kimi özüm də bir çox verilişlərə qonaq qismində qatılıram. Nəzərə alsaq ki, indi jurnalistlərin sayı siyasi ekspertlərin sayından çoxdur, belədə verilişə qonaq dəvət etməyə ehtiyac duymadım.

Qeyd edim ki, proqram aparacam deyə, sadəcə bu işlə məşğul olmayacam. Həmişəki kimi, hər hansı hadisə haqqında şərhlərimi bilmək istəyən jurnalistlərin suallarını cavablandıracam, hansı telekanaldan dəvət alacamsa, getməyə çalışacam”.

Paylaş: