C. Okt 18th, 2019

İrəvanda 5-ci zirvə toplantısı – sıfır nəticə… (TƏHLİL)

Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısı İrəvanda başa çatdı. Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirdən şəxsi reklamı üçün maksimum istifadə etməyə çalışdı, hətta bu məqsədlə həmkarları ilə harda gəldi selfi çəkdirdi.

İrəvandakı toplantıda üzv ölkələrdən başqa Moldova müşahidəçi qismində İran və Sinqapurun liderləri isə qonaq qismində iştirak etdilər. Zirvə toplantısında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edildi. Yəni təşkilatın əvvəlki 4 zirvə toplantısında nə müzakirə olunmuşdusa, bu dəfə də təxminən eyni mövzular müzakirə olundu. Bir neçə gün keçəcək və İrəvan görüşünün nəticələri unudulacaq.

Sinqapur Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən uzaq məsafədə yerləşir və bu ölkə ilə iqtisadi əmkdaşlığın səmərəliliyi şübhə doğurur. Elə üzv ölkələr arasında da ticarət mübadiləsində problemlə mövcuddur. Misal üçün Qazaxıstanın 2019-cu ildə Avrasiya İqtisadi Birliyinə ixrac etdiyi məhsulların həcmi 6 faiz azalıb. Ermənistanın Sinqapurdan nə alıb, nə satacağı özlərinə də bəlli deyil. Təsadüfi deyil ki, üzv ölkələr təşkilatın genişlədirilməsiylə bağlı da ortaq qərara gələ bilməyiblər. Yeganə o deyildi ki, Avrasiya İqtisadi Birliyi müxtəlif beynəlxalq təşkilat və dövlətlərlə əməkdaşlıq edəcək, azad iqtisadi zonaların yaradılmasına çalışacaq. Bu da hər il səsləndirilən fikirdir.

ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirir. Ona görə də iqtisadi problemlərlə üzləşən Tehran üçün vacibdir ki, sanksiya halqasını yarsın. Bunun üçün Tehran istənilən istiqamətdən gələn əməkdaşlıq təkliflərini dəyərləndirməyə çalışır. Ona görə də İran prezidenti Həsən Ruhani Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmaq təklfindən istifadə etmək qərarını verdi və İrəvana getdi. Həsən Ruhani ikitərəfli görüşlərdə müxtəlif regional layihələrdən danışdı. Paşinyanın özü İran körfəzi ilə Qara dəniz hövzəsini birləşdirən dəmiryolu layihəsini irəli sürdü. Bunlar da illərdir səslənən təkliflərdir.

Bu təklifləri reallaşdırmaq üçün Ermənistanın pulu yoxdur. İrəvan bu təklifləri illərdir səsləndirir ki, kimsə onun əvəzinə milyardlarla dollar xərcləyərək yollar tiksin, infrastruktur yaratsın və bundan Ermənistan qazanc əldə etsin. Buna heç Ermənistanın tərəfdaşları Rusiya və İran razılaşmaz. Ermənistandan keçən dəmir və nəqliyyat yollarının çəkilişınə və infrastrukturun yaradılmasına İran, Rusiya və Avropa İttifaqı o vaxt razılaşar və milyardlar xərləcəyər ki, həmin layihələrin uzunömürlü və faydalı olacağına əmin olsun. Buna isə əminlik yoxdur. Elə ona görə də Ermənistan regional layihələrdə iştirakıyla bağlı arzu və istəklərini illərdir reallaşdıra bilmir.

Avrasiya İqtisadi Birliyi çərçivəsində ikitərəfli görüşlər də keçirdi. Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşündə təşkilatın gələcək planlarından danışdı. Hər cümləsində Rusiyanı Ermənistanın strateji tərəfdaşı adlandıran Nikol Paşinyan üçün Putinlə bir neçə dəqiqəlik görüşün özü kiçik uğur sayıla bilər. Çünki, birincisi, bu Rusiya prezidentinin Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistana ilk səfəri idi. Ancaq bu xüsusi bir səfər deyildi, təşkilatın toplantısına qatılmaq mahiyyəti daşıyırdı. İkincisi, zirvə toplantısından əvvəl yayılan xəbərlərdə Putinin İrəvana səfərinin bir neçə saat çəkəcəyi və Paşinyanla ikitərəfli görüş keçirməyəcəyi bildirilirdi. Putin Paşinyanla görüşdən imtina etmədi. Buna görə də Paşinyan ölkə daxilindəki rəqiblərinə dil göstərib “mən deyən oldu” sözləriylə qısa müddətə fəxr edə bilər. Qısa müddətə ona görə ki, Putinin Paşinyana münasibəti dəyişməyib. Paşinyan əvvəlkitək Putinin dostu eks-prezident Robert Köçəryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Digər tərəfdən İrəvanın istəyinə baxmayaraq Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Qış aylarında ucuzlaşmayan qaz Ermənistan üçün böyük maliyyə yükünə çevriləcək.

Putin İrəvanda Həsən Ruhani ilə də görüşdü. İki lider Suriya mövzusunu müzakirə etdilər. Ruhani BMT Baş Assambleyasında səsləndirdiyi təklifi Putinə də xatırlatdı. Ruhani Hörmuz boğazı ətrafında sahil dövlətləri ilə birgə “ümid koalisiyası” adında təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bu çərçivədə sahil dövlətlərinin əməkdaşlıq edərək boğazda gəmilərin azad hərəkətini təmin etmələri təklif olunur. Ruhani çox istəyir ki, rusiyalı həmkarı bu təklifə dəstək versin. Əlbəttə, Rusiya Suriya mövzusunda Tehranla əməkdaşlıq edir və Amerikanın İrana qarşı sanksiyalarını pisləyir. Ancaq bu o demək deyil ki, Kreml Tehranın regional siyasi layihələrində yer almağa hazırdır. Kreml İrana görə ərəb dövlətləri, o cümlədən ABŞ ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Rusiya Hörmüz boğazındakı ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də normal münasibətlərinə davam etmək istəyir. Bu ölkələr isə Tehranın boğazda “ümid koalisiyası” təklifinin əleyhinədirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Paylaş: