Ca. Okt 24th, 2019

İcra başçısı marketdə növbəyə durdu, gündəm oldu – “Evinin alış-verişini daim özü edir” – Açıqlama

İcra başçısı İlham İsmayılovun marketdə bazarlıq etdikdən sonra növbədə dayanarkən çəkilən fotosunu yəqin ki, şəhər sakinlərindən kimsə çəkib. Çünki İlham müəllimi marketdə, bazarda, şəhərdə tez-tez görmək mümkündür. Mingəçevirin icra başçısı məmur kimi yox, sadə vətəndaş kimi həyat sürür.

Bu sözləri Axar.az-a Mingəçevir şəhər icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova bildirib.

Başçının müavini qeyd edib ki, bu, icra başçısı üçün adi haldır:

“Bu foto mediada o qədər maraqla qarşılanıb ki, bizə də təəccüblü gəldi. İlham müəllimi marketdə, şəhərdə, küçədə tez-tez görmək mümkündür. Evinin alış-verişini daim özü edir. İstənilən şəhər sakini küçədə rahatlıqla icra başçısına yaxınlaşa bilər. Mingəçevirdə bu gün olduqca fərqli mühit var”.

M.Cavadova bildirib ki, icra başçısı sakinlərlə görüş üçün tez-tez şəhər gəzintisinə çıxır:

“İşə piyada da gəlir. Şəhərə gəzintiyə çıxır, rahatlıqla hər kəs ona yaxınlaşıb dərdini bölüşür. İlham müəllim şəhər adamıdır, o, sakinlərin arasında olmağı xoşlayan biridir. Ona görə belə şəkillərin çəkilməsi adi haldır”.

Xatırladaq ki, sosial şəbəkələrdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun supermarketdə alış-veriş edib növbədə dayanması fotosu maraqla qarşılanıb.

Paylaş: