16 Yanvar 2021 22:28

İran rejiminin Abbas Lisani xətası – “Bu qərarı çıxaranlar peşman olacaq” – Aqil Camal

Son zamanlar İran hakimiyyəti milli fəallara qarşı təzyiq və təqibləri artırıb. 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Abbas Lisaninin 16 il müddətinə azadlıqdan məhrum edilməsi də bunun bariz nümunəsidir.

Maraqlıdır, İran hakimiyyətinin təzyiqləri artırma səbəbi nə ilə bağlıdır?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal İran hakimiyyətinin Abbas Lisani ilə bağlı qərara görə peşman olacağını diqqətə çatdırıb: 

“Adətən, praktikada da belədir ki, Apellyasiya Məhkəməsi cəzanı yüngülləşdirir,  yaxud da ondan əvvəl qəbul edilmiş hökmü qüvvədə saxlaır.  Yəni apellyasiya sözü insanda bu təəssüratı yaradır. Amma İran rejiminin məhkəməsi bu gün göstərdi ki, İran təkcə insan haqlarına deyil, bütövlükdə hüquq anlayışına qarşı dayanıb. 8 il iş verilmiş, ağır cəzaya məhkum edilmiş şəxsin cəzasını daha da artırırlar. Halbuki dünya praktikasında rast gəlinməyən bir haldır ki, Apellyasiya Məhkəməsi ikiqat ağırlaşdırıcı qərar qəbul etsin. Hesab edirəm ki, bu, milli hərəkatın qarşısını almaq və milli fəalların gözünü qorxutmaq üçün atılmış bir addımdır. Amma Abbas Lisaninin cəzasının daha da ağırlaşdırılması ilə bağlı qərar Güney Azərbaycanda milli hərəkata daha da stimul verəcək və həmin o qərarı çıxaranlar  etdikləri tarixi səhvə görə peşman olacaqlar”. 

Aqil Camal bildirib ki, təzyiqlər milli haqlar uğrunda mübarizənin genişlənməsi ilə bağlıdır: 

“Təzyiqlərin güclənməsinə səbəb günü-gündən ölkədə milli haqların, dil haqqının, digər mədəni haqların tələb olunmasının artması ilə bağlıdır. Əvvəllər divarlarda şüarlar yazmaqla etiraz edilirdisə, indi rəsmi instansiyalarda, hətta İran parlamentində azərbaycanlı millət vəkilləri tərəfindən milli-mədəni haqların təmin olunması ilə bağlı tələblər artır. Eyni zamanda İran ətrafında cərəyan edən hadisələr onları qorxuya salır. Baş verənlər İran rejimi tərəfindən müzakirə olunarkən onlar hesab edirlər ki, Güney Azərbaycan məsələsi İranı qarşıda gözləyən dəyişikliklərdə ən mühim faktordur. Bu baxımdan həmin faktoru zəiflətməyə çalışırlar. Lakin artıq cin şüşədən çıxıb, ona görə bu tədbirlər yalnız inzibati xarakter daşıyır”. 

Paylaş: