Be. Okt 14th, 2019

Müharibə ehtimalı artır: “Prezident mühüm siyasi mesajlar verdi”

Oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən Ermənistanın işğalçı olduğunu vurğulayıb.

İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini xatırladıb.
Azərbaycan Prezidenti Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ Azərbaycandır və nida işarəsi”.
Son zamanlar Qarabağ münaqişəsilə bağlı Ermənistanla Azərbaycan arasındakı diplomatik danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində gərginliyin artması, atəşkəsin tez-tez pozulması nəticəsində insan itkisinin qeydə alınması belə qənaət yaradır ki, işğalçı dövlət məsələnin həll olunmasını istəmir, prosesi uzatmağa çalışır.

Məsələyə bu konteksdən yanaşdıqda Prezident İlham Əliyevin Soçidə  beynəlxalq auditoriyaya hesablanmış kifayət qədər sərt bəyanatını başa düşmək olar.
Bəs belə olan halda müharibə riski gözlənilirmi? Hazırkı vəziyyəti necə qiymətləndirmək olar?

Turkustan.info xəbər verir ki, milli Məclisin deputatları mövzuyla bağklı fikirlərini Modern.az-la bölüşüblər.

Deputat Rasim Musabəyov deyir ki, ermənilər inadkarlığı davam etirib məsələni uzatsalar, müharibə olması ehtimalı daha da artacaq:
“Bir ildir ki, masa arxasında həmsədrlər tərəfindən təklif edilən sənəd var.  Ermənistan tərəfi də həmin sənədə münasibət bildirmək əvəzinə, sürünməklə məşğuldur və buna görə də danışıqlarda irəliləyiş yoxdur. Danışıqlar imitasiya xarakteri daşıdığı halda, cəbhə xəttində vəziyyət daha da gərginləşəcək”.

Milli Məclisin digər üzvü Hikmət Babaoğlu deyir ki,  “Qarabağ Azərbaycanındır və nida işarəsi” –  cümləsi işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı:
“Azərbaycan  Prezidenti cənab İlham Əliyevin  Soçidə təşkil olunan “Valday” diskussiya klubundakı çıxışı mühüm siyasi ismarıclarla yadda qaldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Valday diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə  ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır. Budəfəki tədbirdə dünyanın 40 -a qədər ölkəsindən çoxsaylı dövlət xadimi, ictimai nüfuzlu şəxslər və  media nümayəndələri iştirak edirdi. Belə mühüm bir  platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin  bir daha yeni rakursdan dünyaya çatdırılması idi. Prezident İlham Əliyev ilk növbədə  Ermənistanın baş naziri  Nikol Paşinyana və onun “sərsəm” bəyanatlarına  elə qətiyyətli və tutarlı cavab verdi ki, bu, işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiya Federasiyasından, Valday  diskussiya klubu kimi nüfuzlu  platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir ismarıcdır. Prezident  İlham Əliyev  “Qarabağ xalqı”  kimi təxribatçı  ifadələrə də cavab verərək, qeyd  etdi ki, bu, kökündən yanlış ifadədir, Qarbağ əhalisi var və bu azərbaycalı və erməni icmasından ibarətdir . Münaqişə başlayanda  bu nisbət 25/75-ə  azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun aktının  prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu mövqe  bir daha Azərbaycanın qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi”.

Deputat Sevinc Fətəliyeva təəssüflər qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar hələ ki heç bir nəticə vermir:

“Bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqe tutmasıdır. Son vaxtlar Ermənistan rəhbərliyi tərəfindən səslənən təxribatçı bəyanatlar vəziyyəti daha da gərginləşdirir, qeyri-adekvat yanaşma gərginliyə səbəb olur. Avqust ayından başlayaraq Nikol Paşinyan bu il Ermənistanda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində və gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində ölkəsində mövqelərini möhkəmləndirmək üçün “Qarabağ Ermənistandır” tipli bəyanatlar verir. Onun fikrincə, rəsmi İrəvanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmaması bunun növbəti təsdiqidir. Nikol Paşinyan və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin bu kimi açıqlamaları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir.

BMT-də xarici işlər nazirlərinin görüşü ərəfəsində, bu, danışıqlar prosesinin pozulmasına yönəlmiş təxribat kimi görünürdü, Paşinyan ABŞ-da da həmin təxribatçı fikirləri səsləndirdi. Hesab edirəm ki, bütün bunlar planlaşdırılmış təxribatların davamıdır. Ancaq reallıq budur ki, bu, çox təhlükəli bir tendensiyadır və Ermənistan rəhbərliyi ölkə daxilindəki mövqelərini gücləndirməyin səhv yolunu seçir. Çünki bu addımlar münaqişənin yenidən alovlanmasına səbəb ola bilər”.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçidə erməni tərəfinə tutarlı cavab verib və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu qətiyyətlə bəyan edib.
“Ermənistan anlamalıdır ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək.Bilirsiniz ki, bütün dünya ölkələri, o cümlədən beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırlar. Ona görə də beynəlxalq birlik Ermənistanı işğalçılıq siyasətinə son qoymağa, təxribatçı hərəkətlərdən çəkinməyə məcbur etməlidir. Əks halda, bu gərginlik müharibənin yenidən alovlanması ilə nəticələnə bilər”.

Paylaş: