28 Noyabr 2020 14:44

“Uzun müddət söz savaşı zonasında ilişib qala bilmərik, müharibəyə başlamalıyıq…”

“Prezident İlham Əliyevin Soçidə “Valday” forumunda “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi” bəyanatı ictimaiyyət arasında geniş müzakirə olunmaqdadır. Ermənistan baş naziri N.Paşinyanın BMT tribunasından səsləndirdiyi  “Qarabağ Ermənistandır” mesajına verilən bu cavabla yeni söz savaşı başlanırmı? Yaxud “Qarabağ Azərbaycandır” deməklə donuzu darıdan çıxarmaq mümkün olacaqmı?
Turkustan.info xəbər verir ki, moderator.az-ın bu suallarına cavab verən siyasi icmalçı, professor Qulu Məhərrəmli bildirib ki, tərəflər arasında psixoloji müharibə hadisələr başlayandan gedir və indi bu informasiya savaşı yeni mərhələyə daxil olub:
“Hazırda ön cəbhədə hərbi əməliyyatları hər hansı formada dirçəltmək mümkün olmadığı üçün Yerevan informasiya savaşını genişləndirməyə və dərinləşdirməyə çalışır. Hər şeydən görünür ki, Ermənistan rəsmi təbliğatı bu dəfə daha iyrənc manipulyativ üsullarla əl ataraq qarşı tərəfə psixoloji təzyiq göstərməyi əsas məqsəd kimi seçib. Yəni bir tərəfdən hərbi əməliyyat zonasında davamlı olaraq atəşkəsi pozur, təxribatlar törədir, digər tərəfdən isə təbliğat maşınını işə salaraq müharibənin Azərbaycan üçün məğlubiyyətlə bitməsi qənaətini yaratmağa çalışır. Ən qorxulusu odur ki, düşmən öz həyasız davranışları ilə  xalqımızı ruhdan salmaq taktikasını seçib.     
Mənə elə gəlir ki, Azərbaycan uzun müddət söz savaşı zonasında ilişib qala bilməz. O, bütün dünyaya Ermənistanın işğalçı olduğunu car çəkməklə yanaşı, beynəlxalq hüququn müstəqil dövlətə öz ərazisini qanunsuz silahlı birləşmələrdən təmizləməyə dair verdiyi imkanlara istinad edərək hərbi əməliyyatlara başlamalıdır”.

Paylaş: