28 Noyabr 2020 14:35

“Prezident Ermənistanı harada necə ifşa etməyi yaxşı bilir” – Millət vəkili

“Ermənistan hakimiyyəti bir neçə gün öncə İrəvanada Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının Zirvə toplantısına ciddi hazırlaşsa da, toplantı Paşinyan hakimiyyətinin gözlədiyi kimi istənilən nəticəni vermədi. Zirvə toplantısı gözlənilən effektlə nəticələnmədi. Hətta Avrasiya İqtisadi İttifaqının əsas aparıcı ölkəsi olan Rusiya və onun dövlət başçısı Vladimir Putin sammitdə elə də ciddi fəallıq nümayiş etdirmədi. Ermənistan rəhbərliyi ilə çox soyuq görüşdü. Belə demək mümkünsə, görüş protokol naminə olan görüş oldu”.

Turkustan.info bildirir ki, bunu “Ölkə.Az” a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun  sözlərinə görə, Putin Paşinyanla ancaq sammit bitəndən sonra  qısa bir görüş keçirdi və bu görüşdə də hər hansı ciddi məsələ müzakirə edilmədi. “Bunu Rusiyanın Ermənistanın mövcud hakimiyyətinə olan münasibətinin göstəricisi hesab etmək olar.

Burada bir məsələyə də diqqət yetirmək lazımdır. Putin İrəvanda  sabiq prezident Robert Köçəryanın xanımı ilə görüşməklə, əslində, Paşinyana açıq mesajını vermiş oldu”- M.İbrahimqızı deyib.
O əlavə edib ki, İrəvandakı keçirilən sammit  hətta Ermənistanın strateji tərəfdaş, müttəfiq hesab etdiyi  ölkələr tərəfindən ciddi qəbul edilmədiyini ortaya qoydu.

Deputat deyib ki, bunun əksi olaraq İrəvandakı sammitdən  bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri, orada Rusiya prezidenti Vladimir Putinlə və xarici işlər naziri Sergey Lavrovla görüşməsi, bu görüşdə müzakirə edilən məsələlərin ciddiliyi, “Valday” Beynəlxalq Disskusiya Forumunda iştirakı Azərbaycan olan münasibətin təzahürüdür. “Azərbaycan Prezidenti İlham Əliyevin Putinlə keçirdiyi görüşdə müzakirə olunan məsələlərə nəzər yetirməklə biz  Azərbaycana və onun dövlət başçısına olan münasibəti açıq-aydın görə bilərik. Görüşdə ticari-iqtisadi, kənd təsərrüfatı, humanitar sahə ilə yanaşı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq kimi məsələlərin ciddi müzakirə edilərək, razılığa gəlinməsi münasibətlərin hansı səviyyədə olmasının bariz göstəricisi hesab etmək olar”- M. İbrahimqızı bildirib.

RF XİN başçısı Sergey Lavrovun Paşinyanın son dövrlərdə Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə, M. İbrahimqızı deyib ki, Lavrov Paşinyanı dövlət başçısı və siyasətçiyə yaraşmayan, məsuliyyətsizlikdə ittiham etməsi bir daha Kremlin İrəvana hansı münasibəti sərgiləndiyini ortaya qoymuş oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday”kı çıxışına toxunan deputat bunu tarixi bir çıxış adlandırmaqla,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq hüquqa və arqumentlərə əsaslanan tutarlı çıxışı ilə yadda qaldığını diqqətə çatdırdı.

“Paşinyan hələ avqust ayında Xankəndində “Qarabağ Ermənistandır” fikrindən sonra ölkəmizdəki bəzi müxalif qruplar Azərbaycan hakimiyyətini İrəvana cavab verməməkdə ittiham edirdilər. Ancaq bu uzaqgörməyən qruplardan fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyev  Ermənistanın cavabını harada, nə zaman, kimlərin iştirak edə biləcəyi bir tədbirdə verəcəyini yaxşı bilirdi. Azərbaycan Prezidenti təkcə Paşinyanın riyakar simasını ifşa etmədi, eyni zamanda  ATƏT Minsk qrupunu, həmsədr ölkələrə və lazımi ünvanlara mesajını çatdırdı.
Prezident İlham Əliyev nəinki Qarabağın, eyni zamanda bugünkü Ermənistanın əzəli-əbədi Azərbaycan torpaqlarında olduğunu tarixi faktlarla ortaya qoydu və Ermənistanı ifşa etdi. Bildirdi ki, bu gün beynəlxalq aləm  Qarabağı  Azərbaycan ərazisi kimi qəbul edib, tanıyır. Azərbaycan Prezidenti çıxışı ilə bir daha Paşinyanı dövlət başçısına və ciddi siyasətçiyə  yaraşmayan, məsuliyyətsiz, qeyri-ciddi bəyanatlar verməkdə ititham etdi. Bununla da cənab İlham Əliyev Paşinyanın necə də qeyri-ciddi dövlət başçısı olduğunu ortaya qoydu.

Azərbaycan Prezidenti çıxışında eyni zamanda ATƏT-in Minsk qrupunu və həmsədr ölkələri 25 ildən artıq müddətdə Qarabağ münaqişəsnin nizamlanmasında tutduğu mövqeyi və fəaliyyətsizliyi kəskin tənqid edib. Bununla da Azərbaycanın bu məsələdəki mövqeyini dünya ictimaiyyətinə çatdırıb. ATƏT MQ 25 ildən artıq  fəaliyyət göstərdiyi müddətdə  münaqişənin həlli istiqamətində ciddi və konkret  addımlar atmayıb. Dövlət başçısı deyib ki, bir çox hallarda BMT və digər beynəlxalq təşkilatlar, dövlətlər qəbul etdikləri qərarları bir neçə saat və ya gün ərzində icrasına nail olur. Ancaq  Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qərar və qətnamələrin icrasında bu münasibəti sərgiləmirlər. Nəticədə münaqişənin həlli hələ də uzanır. Odur ki, Azərbaycan Prezidenti “Valday”da təkcə Paşinyan hakimiyyətini və Ermənistanı  ifşa etmədi, eyni zamanda Azərbaycanın mövqeyini  RF prezidenti Vladimir Putinin, başqa dövlət başçılarının, beyin mərkəzlərinin rəhbərlərinin iştirak etdiyi bir tədbirdə lazımi ünvanlara çatdırdı. Azərbaycan Prezidentinin həmin çıxışı əslində hamıya, o cümlədən ATƏT MQ həmsədr ölkələrinə də  mesaj idi.

Azərbaycan Prezidenti həmçinin “Valday”dan Ermənistan barmaq silkələri və  bir daha bəyan etdi ki, “Qarabağ Azərbaycanındır və nida!”. Çünki Paşinyan zamanında “Qarabağ Ermənistandır və nöqtə demişdi. Ancaq anlamırdı ki, nöqtədən sonra daha təsiredici bir durğu işarəsi olan NİDA gəlir. Bununla cənab İlham Əliyev  Ermənistana 2016-cı il Aprel döyüşlərini, Naxçıvandakı Günnüt əməliyyatını xatırlatmış oldu. Bird daha əlavə etmək istəyirəm ki, Azərbaycan Prezidenti dediyi sözün daha kəsərli olması üçün dəyərini və harada, nə zaman, hansı auditoriyanı, Ermənistanı bir daha  harada necə ifşa etməyi yaxşı bilirdi. Və cənab İlham Əliyev sözünü  bax o zamanı düzgün seçdiyi yerdə, məkanda və zamanda dedi. Onun bu çıxışından hamı öz payını götürdü”- millət vəkili bildirib.

Mürtəza
Ölkə.Az

Paylaş: