Be. Okt 21st, 2019

Konstitusiyamız və ona zidd düşən Tarix İnstitutumuz

MGT Türkiyə başqanı
Odər Əlizadə

Bu yazını yazmaqda məqsədim dövlətimizin ali qanunu olan, ali hüquqi qüvvəyə malik və siyasi, hüquqi və iqtisadi sistemlərimizin əsasını təşkil edən Anayasmızın, yəni Konstitusiyamızın dövlət dilimizlə bağlı bəndlərinin, dövlətin rəsmi Tarix institutunun rəsmi tezisi ilə zidd düşməsini gündəmə daşımaqdır. Bu kimi problemlərin olacağı ehtimal edilərək Anayasımızda rəsmi dövlət dilimizin qorunması haqqında qanun da əlavə edilmişdir: “Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.” Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu rəsmi bir qurum olduğu üçün dövlətin rəsmi tarix tezisini də özündə ehtiva etməlidir.

Milli dövlətçiliyimizin yaşı 1918-ci ildən başlayır ilk anayasa olaraq hüquqi–siyasi sənədimiz də M.Ə.Rəsulzadənin sədrliyi ilə hazırlanan İstiqlal Bəyannaməsidir. Milli Anayasamızın sosial və hüquqi həyatın bütün sahələrini əhatə edəcək şəkildə hazırlanması isə 1994-cü ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyasının fəaliyyətə başlaması ilə olmuş və 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın Anayasası hazırlanmışdır.

Bizi narahat edən məsələ Tarix İnstitunun Sovet dövründə ortaya çıxan bir iddianı təkzib və ya inkişaf etdirmədən təkrar etməsidir. Haqqında danışacağımız bu gələnək Sovet dövründə tarixi varlığı iddia edilən “Azəri dili”nin İrani dillərdən biri – talış dilinə yaxın olduğunun iddia edilməsi və Sovet dövründə ölkədə danışılan Azərbaycan türkcəsinin “Azəri” dili olaraq adlandırılmasıdır. Bizi narahat edən məsələ “Azəri” dilinin İrani bir dil olduğunun iddia edilməsi deyildir. Çünkü bizim dilimiz “Azeri” dili olmadığı üçün bu iddia bizi narahat etmir. Bizi narahat edən durum “Azəri” dilinin rəsmi dövlət dilimizin adıyla “Azərbaycan dili” olaraq da adlandrılmasının mümkün olacağının iddia edilməsi və ölkəmizdə işlədilən Azərbaycan türkcəsinin bu adla adlandırılması və bu dilin də İran dillərdən biri olduğunun iddia edilməsidir. Bildiyimiz kimi bu iddia eyni zamanda Pəhləvi dövründən bu yana İranda Azərbaycan türklərinə yönəlik təhqir məqsədi ilə səsləndirilməkdədir. Tarix institumuz isə institutun rəsmi nəşrində İranda millətimizi aşağılamaq üçün səsləndirilən bir ifadəni rəsmi dövlət dilimizin adıyla da adlandırmağın mümkün olduğunu yazır. Bu durumun bizim üçün hər şeyin üstündə olan dövlət iradəsini təhdid etdiyini düşünürük.

Cümhuriyyət dövründən başlayaraq rəsmi dövlət dilinin adı “Türkcə” olaraq yazılmasına baxmayaraq bu dövrdən başlayaraq dövlət quruculularının, ziyalıların siyasi və ictimai söyləmlərində yanlış olaraq, ancaq Azərbaycandaki türklərə nəzərən işlədilən “Azəri” kəliməsi Sovet dövründə akademik nəşrlərdə və dərsliklərdə tamamiylə fərqli mahiyətdə işlədildi.

Hər dövlətdə onun Tarix institutu və məktəblərdəki tarix dərslikləri o dövlətin rəsmi tarix tezisini özündə ifadə edir. Sovet dövrünün rəsmi idealogiyasını özündə ifadə edən dövrün tarix institunun rəsmi yayınında “Atropaten”də yaşayan əhalinin sonralar “Azəri” adlanan dildə danışdığı və bu “Azəri” dilinin fars dilindən çox fərqli olub, günümüzdə Azərbaycan ərazisində yaşayan milli azlıqlardan olan talış dilinə daha yaxın olduğu yazılmışdır.1 Bir dilin qohum olduğunu göstərən əsas kəlimə qrupları vardır ki, bu kəlimələr; ailə və qohumluq, sayıları, bədən üzüvlərini və məişət əşyalarının adlarını bildirən kəlimələrdir. Bu üç qrupa aid kəlimə örnəyi vermədən M.Ö. yüzilliklərdə yaşadığı iddia olunan xalqla, günümüzdə yaşayan bir xalqın dilinin areal və ya genetik yaxınlığını iddia etmək elm camiasında metodik və elmi açıdan etik bir durum deyildir. Tarix institunun bu nəşrində də bənzərliyi iddia olunan “Azəri” və “Talış” dillərinin bənzərliyində dair hər hansısa bir dil örnəyi verilməmişdir. Sovet dövründə tarixi varlığı iddia olunan “Azəri” dilini türk dili olmadığı və talış dili olduğu iddia edilsə də ölkəni təşkil edən xalqın və dövlətin dilini, yəni türk dilini ifadə etmək üçün bəzi rəsmi nəşrlərdə “Azəri” kəliməsi də işlədilirdi.2 Yəni həm tarixi varlığı iddia oluna “Azeri” dilinin talış dili olduğu yazılır, həm də ölkədə işlədilən Azərbaycan türkcəsi də bu adla ifadə edilirdi. Eyni dövrdə, 1964-cü ildə orta məktəblər üçün hazırlanan tarix dərsi kitabında da “Azəri” dilinin talış dilinə yaxın olduğu ehtimalla iddia edilirdi. Görüldüyü kimi həm Akademiyanın Tarix İnstitunun yayınında, həm də orta məktəblər üçün olan dərslikdə “Azəri” dilinin talış dili olması fikri irəli sürülməkdədir. Bizi narahat edən məsələ tarixən mövcud olduğu bəlli olmayan bir dilin mənşəyi deyil, dilimizin məçhul bir adla adlandırılmasıdır.

Sovet dövrünün ilk onilliklərində Cümhuriyyət dövründə olduğu kimi Azərbaycan SSR-də dövlət dilinin adının “Türk dili” olaraq yazıldığı bilinən bir gerçəklikdir. Bunu fərqli örnəklərlə göstərəcək olursaq 1924-cü ildə hazırlanan dillə bağlı bir dərs kitabının adının “Türk dili” olduğunu, 1934-cü ildə Azərbaycanda yaşayan azlıqlarla bağlı hazırlanmış kitabda dövlət dilinin adının yenə “Türk dili” olaraq keçdiyini və 1922-ci ildə latın əlifbasına keçilməsi üçün yaradılan qrumun adının “Azərbaycan yeni Türk əlifba komitəsi” olduğunu xatırlada bilərik.

Tarixi varlığı iddia olunan “Azəri” dilinin talış dili olması ilə bağlı iddialar Tarix institunun müstəqillik dövründəki nəşrlərində də davam etdirildi. Yazılması 1970-ci ildən başlayan və 1990-cı ildə tamamlanan və yetərli olmadığı əsas gətirilərək 1998-ci ildə yenidən hazırlanıb nəşr edilən və 2007-ci ildə də ikinci səfər nəşr edilən Azərbaycan Tarixi Yeddi Cilddə adlı kitabın bütün nəşrlərində “Azəri” dilinin talış dili olması ilə bağlı iddia heç bir dəyişiklik edilmədən qalıb. Bu qədər uzun müddətdir yenidən nəşr edilməsinə baxmayaraq, kitabın bütün nəşrlərində bu iddianı geniş şəkildə araşdırmaq, inkişaf etdirmək və ya təkzib etmək üçün heç bir çaba sərf edilmədiyini görürük. Yeddi Cildlik bu əsərin ikinci cildində də VII yüzillikdə Azərbaycanda yaşayan “Azərilər” adlı bir xalqın İran dilli xalqlardan olduğu yazılmaqdadır. Həm Sovet həm də müstəqillik dövründə tarixçilikdə ən böyük rəsmi araşdırma qrumu olan Tarix institunun 1998 və 2007-ci illərdəki nəşrlərində tarixi varlığı iddia olunan “Azəri” dilinin “Azərbaycan dili” olaraq da adlandırıla biləcəyi ifadə edilməkdə və bu dil haqqında bu qənaatə gəlinməkdədir: “1. Hələ orta əsrlərin ərəb müəllifləri dövründə Azərbaycanda Azəri dilində də danışırdılar; 2. Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir, çünki bu dil ərəb müəllifləri tərəfindən “dari” və “pəhləvi” dilləri ilə bir sırada xatırlanır və yaxud fars dili ilə birgə Qafqaz dillərinə qarşı qoyulur; 3. Azəri dili fars dili deyildir. Azəri dili materiallarının nüfuzlu alimlər tərəfindən aparılmış təhlili iddia etməyə imkan verir ki, bu dil Şimal-qərbi İran dilləri qrupuna aiddir və o, şübhəsiz, hələ Mada dilinə xas olmuş fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış dilinə yaxın idi.”

Azərbaycan Milli Elmlər Akademiyası rəsmi bir qurumdur və belə rəsmi qurumlarda hazırlanan əsərlər dövlətin rəsmi tarix tezisini yansıtmalıdır. Tarix İnstitunun bu əsərində Türk dili olmadığı ifadə edilən “Azəri” dilini “Azərbaycan dili” olaraq da adlandırmağın mümkün olduğu irəli sürülür. Bu əsərlərin hazırlandığı 1998 və 2007-ci illərdə Dövlətimizin anayasasında rəsmi dövlət dilinin adının “Azərbaycan dili” olduğu qeyd edilmişdir. Tarix İnstitutu isə İrani dillərdən saydığı və talış dilinə yaxın olduğunu iddia etdiyi və “Azəri” dili adlandırdığı dilin “Azərbaycan dili” olaraq da adlandırmağın mümkün olacağını iddia edir. Bu hal ölkədə rəsmi ünsiyyət dili olan və Anayasada “Azərbaycan dili” olaraq keçən Türk dilinin mahiyətindən uzaqlaşdırılmasına gətirib çıxarır. Bu hadisə dil ilə birlikdə Dövlətimizin ali qanununun da mahiyyətindən uzaqlaşdırılması deməkdir. İranda da rəsmi qurumlar tərəfindən tez-tez Azərbaycan türklərinin XIII yüzillikdə Monqollar tərəfindən türkcə öyrədilən “Azərilər” olduqları gündəmə gətirilir. İrani dillərdən olduğu talış dilinə yaxın bir dil kimi təqdim edilən “Azəri” adlı dilin dövlətin rəsmi dilinin adıyla “Azərbaycan dili” olaraq adlandırmaq ölkəmizdə milli kimlik probleminin də ortaya çıxmasına səbəb olur. Görüldüyü kimi Sovet dövründə Azərbaycan Tarixi Üç Cilddə adlı çalışmada ortaya atılan iddia müstəqillik dövründə də davam etdirilir. Tarixi varlığı iddia edilən “Azəri” dilinin İrani dillərdən olub olmaması haqqında söz söyləmək üçün bu dilin aid edildiyi dövrün qaynaq dillərindən ən az ikisini bilmək və iki dil arasında bənzərlik iddia edilərkən də dil örnəkləri vermək lazımdır. Təkrar vurğulamaq istəyirik ki, bizi narahat edən tarixi varlığı iddia edilən “Azəri” dilinin müqəddəratı deyildir. Çünkü bu bizim dilimiz deyildir. Bizləri narahat edən məsələ dilimizin bu adla adlandırılması və “Azəri” dilinin dövlət dilimizin rəsmi adıyla “Azərbaycan dili” olaraq da adlandırıla biləciyinin ifadə edilməsidir.

QAYNAQÇA

1. Azərbaycan Tarixi Üç Cilddə, Azərbaycan SSR Tarix İnstitutu Nəşriyatı, C 1, Bakı, 1958, s. 63.
2. E. Dəmirçizadə, Azəri Dilinin Tarixi Qrammatikası, SSSR Ali və Ora İxtisas Təhsil Nazirliyi, V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəşriyatı, Bakı, 1969. G. Afat, Azəri Dilinə Dair Pratik Məşğələlər, Azərbaycan SSR Ali ve Orta ixtisas Təhsil Nazirliyi, V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəşriyatı, Bakı, 1968.
3. A. N. Quliyev və Ə. İ. Məmmədov. Azərbaycan Tarixi, 7. – 8. Sinifler üçün. Azərbaycan SSC Maarif Nazirliyi tərəfindən Təsdiq edilmişdir. Azərbaycan Dövlət Tədris Pedaqoji Edəbiyyat Neşriyatı. Bakı, 1964. s. 14.
4. A. Şaik, Türk Dili, Azərnəşr, Bakə, 1924.
5. Genqo, Sax Əlifbası ve Yazı Gaydaları, Azərnəşr, Bakı, 1934.
6. Yeni Yol, (Oktyabr İnqilabının On İllik Bayramı Münasibətiylə Azərbaycan Yeni Türk Əlifba Komitəsi Orqanı Olan Yeni Yol Qəzetinə əlavə. Bakı, 7 noyabr, 1927.
7. Yedi Cilddə Azərbaycan Tarixi, II. Cilt, Elm nəşriyyatı, Bakı, 2007, s. 360.
8. Yedi Cilddə, 1998, I. Cilt, s. 266. Yedi Cilddə, 2007, I. Cilt, s. 225.
9. Azərbaycan Respublikasının Konstitusiyası, Qanun nəşriyatı, Bakı, 1996, s. 10. 21. Maddə.
10. H.N. Atsız, İran Türkləri, Ötüken, Yanvar – 1970.

 

Paylaş: