01 Dekabr 2020 21:39

Koroğlunun Cırtdan oğlu…

Seymur Verdizadə
Gilasın bir kiloqramı bazarlarda 7 manata satılanda həyəcan təbili çalmışdım. Yazmışdım ki, uşaqlarımız şaftalıya, armuda, çiyələyə tamarzı qalıblar. Valideynlər piştaxtaların yanından sürətlə ötüb keçirlər. Kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac olunduğu üçün qiymətlər əlçatan deyil. Obrazlı desək, artıq neçə illərdi ki, Azərbaycandan xaricə “vitamin seli” axır.
Balalarımız yaxşı qidalana bilmirlər. Büdcəmiz onları ətlə, yağla, balla, qaymaqla təmin etməyə imkan vermir. Uşaq var ki, almanı, armudu, narı ancaq şəkilli kitablarda görür.
Oxucular bilir, mən tez-tez müxtəlif rayonlarda olur, ayrı-ayrı kəndlərdə yaşayan insanlarla görüşürəm. Ötən həftə yenə şimal bölgəsində idim. Mənim də üzvü olduğum qrup Təhsil Nazirliyinin dəstəyilə bir neçə orta məktəbə baş çəkdi. Fəxrlə deyə bilərəm ki, uca dağların qoynunda müasir tələblərə cavab verən məktəblər tikilib. Geniş, işıqlı sinif otaqları adamın gözünü qamaşdırır. Amma partaların arxasında əyləşmiş cılız, çəlimsiz uşaqları görəndə, adamın sevinci bir andaca qeybə çəkilir. Şagirdlərin çoxunun sifətində qan yoxdur. Elə uşaq var ki, biləyi barmaq naziklikdədir. Fiziki cəhətdən zəif, boyca o qədər balacadırlar ki, yazı taxtasını güclə görürlər. Doqquzuncu sinif şagirdləri ilə xatirə şəkli çəkdirmişəm. Hər gün o şəklə diqqətlə baxıram. Mən 5-ci sinifdə oxuyanda, şəkildəki 9-cu sinif şagirdlərindən daha cüssəli, boylu-buxunlu idim.
Bilirsiniz, səbəb nədir? Təkcə şəhərdə yaşayan uşaqlar deyil, hətta kənddə böyüyən uşaqlar da ekoloji cəhətdən təmiz məhsula həsrətdirlər. Ötən il bir kənddə qonaq idik. On ədəd kənd yumurtası almaq üçün 10 qapıya baş çəkməli olduq. Axırda ev sahibi dedi ki, bizim kənddə hamı yumurtanı marketdən alır.
Yəqin ki, əvvəllər də bu barədə yazmışam. Beş-altı il öncə bir tələbə yoldaşım məni öz rayonlarına qonaq aparırdı. Rayon mərkəzinə çatanda anasına zəng edib, nəyə ehtiyac olduğunu soruşdu. Nərgiz xalanın səsi hələ də qulaqlarımda səslənir: “İki dənə buzlu toyuq alarsan”.
Dostum yaxınlıqdakı marketə baş çəkmək istəyəndə, onu yolundan saxladım. Dedim ki, toyuq yoxdur, yağ-pendir yeyərik, qatıqla nahar edərik. Günahkar adamlar kimi başını aşağı salıb, belə dedi: “Biz mal-qara saxlamırıq”.
Səbəbini soruşanda, belə cavab verdi: “Şəraitimiz yoxdur”.
Cəmi yarım saat sonra biz dostumun ata yurdunda olduq. Onların evi dağın ətəyində yerləşirdi. Ən azı 2 hektar həyətyanı sahələri vardı. Dostumun pəhləvan cüssəli valideynlərinin gözündən yayınıb, ağzımı onun qulağına yapışdırdım: “Sizin kimi fərsiz adamlar broyler toyuq yesələr yaxşıdır”.
Süni qidalar kəndlərimizə ayaq açandan bəri övladlarımız inkişafdan qalıblar. Koroğlu boyda kişilər özlərinə əziyyət verib əkib-becərmədikləri, mal-qara, qoyun-quzu saxlamadıqları, bolluq yaratmadıqları üçün partaların arxasından Cırtdan boyda uşaqlar boylanırlar…

Paylaş: