Be. Okt 14th, 2019

Pamukkale Universiteti Azərbaycanın universitetləri ilə ikitərəfli əməkdaşlığa böyük önəm verir

Pamukkale Universitetinin rektoru Hüseyn Bağ: Biz tələbələrimizlə qürur duyuruq və onlara lazım olan bütün dəstəyi veririk
Qardaş ölkəyə budəfəki səfərimizdə məqsəd jurnalist fəaliyyəti ilə bağlı olmasa da, qızım Şəmsiyənin Türkiyə bursları proqramı çərçivəsində ali təhsil almaq hüququ qazandığı Pamukkale Universitetinin bizim orada olduğumuz günlərdə əldə etdiyi növbəti uğur bu müsahibənin alınmasında təkan rolunu oynadı. Belə ki, rektor, Prof.Dr Hüseyn Bağla görüşərək bu təhsil ocağının istər Uzay və Teknoloji (Kosmos və Texnologiya – N.A) Festivalında qazandığı uğur, istər təhsil sahəsində əldə etdiyi nailiyyətlər, istərsə də xarici ölkələrin, o cümlədən Azərbaycanın universitetləri ilə əlaqələri istiqamətində görülən işlərlə bağlı suallara cavab aldıq.
Həmin suallara keçməzdən öncə xatırladaq ki, Türkiyənin Dənizli şəhərində yerləşən və sürətlə inkişaf edən bir dünya universiteti olmaq yolunda inamla addımlayan Pamukkale Universiteti 11 iyul 1992-ci ildə rəsmən yayımlanan 3837 saylı Qanun əsasında yaradılıb. Hazırda Pamukkale Universiteti 15 fakültə, 17 məslək yüksəkokulu (peşə liseyi), 6 institut, 3 yüksəkokul (orta məktəb), 39 araşdırma mərkəzi və 3 laboratoriyası ilə təhsil-təlim-araşdırma fəaliyyətlərini uğurla davam etdirir. Universitetdə ümumilikdə 494 tədris proqramı üzrə ali təhsilin müxtəlif pillələrini başa vurmaq və elmi dərəcələr almaq mümkündür. Bundan başqa, tələbələrin yüksək keyfiyyətli ali təhsil alması, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün geniş imkanlara malik, 24 saat ərzində tələbələrin xidmətində olan modern bir kitabxanaya, böyük idman kompleksinə, müxtəlif tədbirlərin keçirildiyi Konqres və Mədəniyyət Mərkəzinə, həmçinin dövlət teatrlarının tamaşalarının oynanıldığı Hasan Kasapoğlu Mədəniyyət Mərkəzinə malik universitetin xəstəxanası da bir sıra mühüm özəllikləri ilə seçilir. Belə ki, yüksəkixtisaslı, peşəkar tibbi kadrların fəaliyyət göstərdiyi, bütün imkanlara malik, müasir tibbi avadanlıqlarla təhciz olunmuş xəstəxana hazırda Dənizli və ətraf ərazilərdən olan iki milyon insana tibbi xidmət göstərir.
Yeri gəlmişkən, Dənizlidə tələbələrlə söhbət zamanı onlar xüsusilə vurğuladılar ki, son dövrlər bu universitetdə yeni canlanma hiss edilir. Tələbələrin sözlərinə görə, bu da universitetin indiki rəhbərliyinin elm, təhsil və elmi araşdırmalara, tələbələrin öz imkanlarını nümayiş etdirmələri üçün həyata keçirilən layihələrə daha çox önəm verməsi ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, Pamukkale Universiteti 17-22 sentyabr tarixlərində İstanbul Atatürk Hava Limanında keçirilən Uzay və Teknoloji Festivalında (“TEKNOFEST 2019”) böyük uğur qazanıb.
Universitetin “Hazar” komandası “TEKNOFEST 2019”un qalibi olub

Bu tədbirin əhəmiyyəti, həmçinin qazanılan uğurla bağlı sualı cavablandıran Pamukkale Universitetinin rektoru, Prof. Dr. Hüseyn Bağ öncə “Biz bu il 17-22 sentyabr tarixlərində keçirilən, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bir teknoloji festivalına çevrilən Uzay və Teknoloji Festivalına 5 layihə ilə qatıldıq. 4 layihəmiz finala çıxdı və 19 fərqli kateqoriya üzrə 2 mindən çox komandanın mübarizə apardığı finalda Mühəndislik fakültəsinin Makina Mühəndisliyi (maşınqayırma) bölümünün sonuncu kurs tələbəsi Serhat Durasın kapitan olduğu “Hazar” adlı komandamız hazırladığı “Hicra 3000” adlı raketlə yüksək hündürlükdə uçan raket yarışmasında Türkiyə birincisi, “Atay” komandamız isə hazırladığı “Alatay” adlı elektromobillə “Efficiency Challenge” elektrikli maşınlar yarışmasında üçüncü oldu”, – dedi.
Bu uğurun əldə edilməsinin heç də təsadüf olmadığını söyləyən rektor “Biz tələbələrimizlə qürur duyuruq və onlara lazım olan bütün dəstəyi veririk. Gələn il bu cür layihələrə dəstək verə bilmək üçün, sadəcə, tələbələrimizin bu tip tədbirlərə hazırlığı ilə bağlı 2 milyon lirəlik bir büdcə ayırmışıq. Hansısa tələbəmiz, yaxud hər hansı bir tələbə qrupumuz bizə müvafiq şəkildə müraciət və layihəsini təqdim etdiyində biz onu dəstəkləməyə hazırıq. Hesab edirəm ki, dəstək verdikcə, gənclərə güvəndikcə əldə etdiyimiz uğurların sayı daha da artacaq. Nəticədə də qazanan Türkiyə olur”, – deyə bildirdi.
Pamukkale Universitetində təhsil alan xarici tələbələrin sayı getdikcə artır

Şübhəsiz ki, hər bir ali təhsil ocağının uğur qazanmasında onun yüksəkkeyfiyyətli təhsil verməsi ilə yanaşı, orada təhsil almağa üstünlük verən xarici tələbələrin sayı və xarici ölkələrin universitetləri ilə qurulan əməkdaşlıq da mühüm rol oynayır. Və Pamukkale Universitetini bu məqamlara görə də fərqlənən ali təhsil ocaqlarından biri kimi dəyərləndirmək mümkündür. Çünki rektorun da qeyd etdiyi kimi, bu universitetdə oxumaq istəyən xarici tələbələrin sayı getdikcə artır: “Universitetimizdə təhsil alan əcnəbi tələbələrin sayı gün keçdikcə artır. Biz əcnəbi tələbələrə keyfiyyətli təhsil verdiyimiz, onlara ev sahibliyi etdiyimiz üçün çox sevinirik. Onlara daha gözəl imkanlar yaratmaq, Türkiyədə olduqları zaman ərzində çox gözəl xatirələrlə buradan ayrılmalarını təmin etmək üçün əlimizdən gələni edirik. Hər bir əcnəbi tələbəmiz də buradan çox məmnun ayrılır, bizim könül elçimiz olur və getdikləri yerlərdə bizimlə bağlı çox müsbət şeylər söyləyirlər. Hazırda əcnəbi tələbələrin qəbulu ilə bağlı universitetimiz çox gözəl bir səviyyəyə çatıb. Amma hədəfimiz universitetimizdə daha çox əcnəbi tələbənin təhsil almasına nail olmaqdır. Xüsusilə də çağdaş türk ləhcələri proqramımız çərçivəsində bizim əcnəbi tələbələrimizin sayı gün keçdikcə artır. Bu il həmin proqramın doktorluq bölümünü də açdıq. Bundan sonra xüsusilə Azərbaycan və digər türk respublikalarında doktorluq dərəcəsi üzrə təhsil almaq istəyən tələbələrimizi burada gözləyirik”.
Müsahibəsində xarici ölkə universitetləri ilə əməkdaşlıq çərçivəsində görülən işlərə, imzalanan müqavilələrə də toxunan rektor bu sahədə fəaliyyətlərinin uğurla davam etdiyini dedi. Qeyd olundu ki, sonuncu belə bir əməkdaşlıq müqaviləsi sentyabrın 23-də Qırğızıstan Beynəlxalq Universiteti ilə imzalanıb. Azərbaycana gəlincə, məlumat üçün bildirək ki, Pamukkale Universiteti ilə ölkəmizin bir neçə universiteti arasında müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq müqavilələri imzalanıb. Universitetin Fən-Ədəbiyyat fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümü vasitəsilə imzalanan bu müqavilələr iki qardaş ölkənin universitetləri arasında əməkdaşlığın genişlənmsinə təkan verib. Məsələn, 2013-cü ilin may ayında Bakı Slavyan Universiteti (BSU) və Türkiyənin Pamukkale Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həmin ilin sentyabrında BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Pamukkale Universitetində təcrübə keçiblər. 2015-ci ilin iyununda isə BSU-da Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin “Türkiyəşünaslıq” ixtisası üzrə təhsil alan bir qrup tələbə Pamukkale Universitetində təşkil olunmuş Yay məktəbində iştirak edib, ikihəftəlik istehsalat təcrübəsi keçib.

Eyni zamanda, Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün təşkilatçılığı ilə universitetdə Azərbaycanla bağlı bir sıra tədbirlər, konfrans və müzakirələr keçirilib, həmçinin Azərbaycanın müxtəlif ali təhsil ocaqları və Pamukkale Universitetinin təşkilatçılığı ilə müxtəlif beynəlxalq konfranslar təşkil olunub.
“Azərbaycanın digər universitetlərindən də təkliflər gözləyirik. Sizin qəzet vasitəsilə qardaş Azərbaycanın universitetlərinə müraciət edirəm. Biz dialoqa və əməkdaşlığa hazırıq. Bizim könül coğrafiyamız Türk dünyasıdır. Xüsusilə Azərbaycana, qardaş Azərbaycanın universitetləri ilə ikitərəfli əməkdaşlığa böyük önəm veririk. Biz qardaş ölkələrik. Qapımız, könlümüz hər zaman açıqdır. Hesab edirəm ki, biz oraya getsək, sizlər də buraya gəlsəniz, ikitərəfli əməkdaşlığımız daha da artar və bu, hər iki tərəf üçün çox müsbət nəticələr verər. Biz bütün türk qardaşlarımızı çox sevirik”, – deyə rektor sonda bildirdi.

Nadir Ismayılov

Paylaş: