Şb. Okt 19th, 2019

Qənirə Paşayevanın təklifi Özbəkistanın qədim Kokand şəhərinin bölgə rəhbəri tərəfindən dəstəklənib

Millət vəkili Qənirə Paşayevanın Özbəkistanın qədim Kokand şəhərinin Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması təklifi bölgə rəhbəri tərəfindən dəstəklənib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Kokand şəhərinə səfər çərçivəsində şəhərin rəhbəri-hakim Marufjan Usmanov ilə görüşüb. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən hakim qeyd edib ki, Özbəkistanla Azərbaycanın regionları arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Kokandla Azərbaycanın şəhərlərindən birinin qardaşlaşması təklifi ilə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva oktyabr ayında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfərinin gözlənildiyini və bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açılacağını qeyd edib.

Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb, beynəlxalq təşkilatlarda bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib və inanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq.

Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır deyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında siyasətçilərlə yanaşı, ictimai xadimlərin, ziyalıların, yazar və şairlərin, elm xadimlərinin, mətbuat və medianın, qadın və gənclər təşkilatlarının, iş adamlarının da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, ziyalılarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını və Kokandda da təqdimatının keçiriləcəyini deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. Azərbaycanda qədim Kokand şəhərinin daha çox tanınmasına xidmət edən layihələrin, tədbirlərin artmasının vacibliyindən danışıb və bu istiqamətdə konkret təkliflərlə çıxış edib.

Qardaşlaşmış məktəblər layihəsi, ortaq mədəni-ədəbi tədbirlər, mətbuat və media təmsilçilərinin qarşılıqlı səfərləri və s. istiqamətləri nəzərdə tutan təkliflər Kokand rəhbəri, hakimi tərəfindən müsbət qarşılanıb. Millət vəkili Qənirə Paşayevanın Özbəkistanın qədim şəhəri Kokandın Azərbaycan bölgələrinin biri ilə qardaşlaşması təklifini böyük məmnuniyyətlə dəstəklədiyini deyən vilayətin rəhbəri-hakim Marufjan Usmanovbuna çox böyük ehtiyac olduğunu qeyd edib və bu cür addımların iki qardaş ölkənin əməkdaşlığının daha da genişlənməsinə yüksək səviyyədə xidmət edəcəyini deyib. Kokandla Azərbaycan arasında həyata keçirilən bütün layihələr və işlərə dəstək göstərməyə hazırıq, qardaş Azərbaycandan daha çox insanlarımızı Kokandda gözləyirik deyən Vilayətin rəhbəri-hakim Marufjan Usmanov millət vəkili Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyaram deyib. Görüşün sonunda vilayətin rəhbəri-hakim Marufjan Usmanov millət vəkili Qənirə Paşayevaya Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim edib.

Millət vəkili Qənirə Paşayeva vilayətin rəhbəri-hakim Marufjan Usmanova Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq, həyata keçirilən böyük layihələr, tədbirlər haqqında danışaraq, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, Kokandda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi, Kokand kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şair və yazıçılarınin, tarixçilərinin əsərləri, ümumilikdə 60-a yaxın kitab özbək və Azərbaycan dillərinə tərcümə edilərək çap olunub.

Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru, Hədəf liseyinin direktoru Şamil Əliyev yaradıcı təşkilatlar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar. Kokand şəhərinin və Azərbaycanın bir məktəbi ilə “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifini irəli sürüblər.

Görüşdə Azərbaycandan şagirdlərinin Özbəkistanın Kokand şəhərinə, bu şəhərdən isə şagirdlərin Azərbaycana ekskursiyaların, mübadilə proqramlarının təşkili müzakirə olunub, tərəflər bir-birinin tarixini, mədəniyyətini, nailiyyətlərini öyrənmək, qarşı tərəfə təqdim etmək istiqamətində maraqlı fikir mübadiləsi ediblər. Sonra tərəflər qarşılıqlı olaraq bir-birilərinə hədiyyələr təqdim edib, qarşılıqlı olaraq əlaqələrin inkişaf etdirilməsi, müzakirə olunan məsələlərə dair hər iki ölkənin rəhbərliyinə təkliflər verilməsi barədə razılığa gəliblər.

Millət vəkili Q.Paşayeva Özbəkistan Yazıçılar Birliyinin Kokand filialının rəbərliyi ilə görüşüb. Millət vəkili Q.Paşayeva eyni zamanda Kokand şəhərinin fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Kokandın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil , ədəbiyyat mərkəzlərini də ziyarət ediblər.

Paylaş: