Şb. Okt 19th, 2019

Nazirlər Kabineti ləğv olunsun – Millət vəkili

Turkustan.info axar.az-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

– Qüdrət bəy, Baş nazirin dəyişdirilməsinə münasibətinizi bilmək istərdik.

– Hər dəyişiklik bir ümiddir. Ona görə də kadrların yerlərinin dəyişdirilməsi və əvəz olunması mütəmadi olmalıdır. Məsələnin müsbət tərəfi həm də ondan ibarətdir ki, hər kəs başa düşdü ki, o təşəbbüskar olub müsbət dəyişikliklərə yol aça bilməsə və etimadı doğrultmasa, işlədiyi müddətdən asılı olmayaraq dəyişdirilə bilər. Əli Əsədovun təyinatına gəldikdə, o, peşəkar iqtisadçı olması ilə yanaşı onu yaxından tanıyanlar tərəfindən işgüzar və müsbət bir insan kimi xarakterizə olunur. İlham Əliyev istisna olmaqla – o, çox qısa zamanda kəsiyində baş nazir olub – müstəqillik illərində baş nazir təyin olunmuş insanlar arasında düşünürəm ki, Əli Əsədov ən uğurlusu olacaq. Əli Əsədova müəyyən fəaliyyət azadlığı verilsə, o, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verə bilər. Amma mən ümumən Nazirlər Kabinetinin ləğv olunmasının tərəfdarıyam.

– Qüdrət bəy, İstanbulda keçirilən konfrans barədə nə deyə bilərsiniz?

– Konfrans NATO-nun 70, Sülh Naminə Tərəfdaşlıq proqramının 25 illiyinə həsr olunmuşdu. Mən də çıxış etdim. NATO üzvü olan dünyanın aparıcı ölkələrinin Azərbaycanın torpaqlarının işğalına, Xocalı soyqırımına, BMT TŞ-nin torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin icra olunmamasına dair ədalətsiz mövqelərini kəskin tənqid etdim, bunun erməni diasporasının Qərb siyasətçilərini ələ alması səbəbindən, həm də bizim müsəlman ölkəsi olmamızdan qanaqlandığını vurğuladım. Qərbin Azərbaycana bu münasibətinin onun təbliğ etdiyi dəyərlərə ölkəmizdə ciddi zərbə vurduğunu da söylədim. ATƏT-in Minsk Qrupunun münaqişəni həll etmək yox, onu dondurulmuş vəziyyətdə saxlamaq üçün fəaliyyət göstərdiyini qeyd etdim. Doğrudur, buna etiraz edənlər də oldu, amma fakt faktlığında qalır. Bildirdim ki, Azərbaycan nə qədər güclü orduya sahib olsa da Rusiya Azərbaycana təcəvüz edərsə bizim müqavimət imkanlarımız məhduddur. Həm birinci Qarabağ savaşı zamanı işğala məruz qalan ölkə olsaq da ABŞ-ın bizə sanksiya tətbiq etməsi, həm Krımın işğalı zamanı Ukraynanın ərazi bütövlüyünə qarant ölkələrin işğalı qorxaqcasına kənardan seyr etməsi bizi “kimsə bizə kömək edə bilər” kimi illüziyadan uzaq etmişdir. Rusiyadan çəkindiyimizdən və NATO-da bizi heç kimin gəzləmədiyinə əmin olduğumuzdan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO-ya can atmırıq və Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Hansı ki, təşkilatın növbəti zirvə toplantısı ayın sonunda Bakıda keçiriləcək və Azərbaycan 3 il müddətinə həmin təşkilata sədrlik edəcək.

Paylaş: