18 Yanvar 2021 05:32

“Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır” – Cavid Qurbanov

“Bu ilin sonunadək “Azərbaycan Dəmir Yolları” QSC iki yeni “Stadler qatarı satın alacaq”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov jurnalistlərlə söhbətində deyib.

“İsveçrə istehsalı olan yeni qatarların vaqonları Rusiya istehsalı olan əvvəlki vaqonlardan keyfiyyətli səs izolyasiyası və təkər səsini udan qurğuların olması ilə fərqlənir. Ümumilikdə onların sayı 40-a çatır. Bu qatarlar yüksək sürət xarakteristikası, eləcə də keyfiyyət göstəriciləri ilə fərqlənir”, – deyə QSC sədri bildirib.

C.Qurbanovun sözlərinə görə, 2019-cu ildə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə 400 min tondan çox yük daşınıb. O bildirib ki, bu günədək qurum 30-35 milyon dollar məbləğində yol-tikinti texnikası satın alıb.

“Bu günədək 1000 kilometr dəmir yolu xətti təmir olunub, eləcə də 3 100 yeni vaqon alınıb. Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib” – deyən deputat həmçinin bildirib ki, Azərbaycan qonşu ölkələrə Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi ilə sərnişin daşımalarının təşkili məqsədilə kömək edir.

“Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır. Amma Gürcüstan və Türkiyə tərəfinin sərnişin daşımaları üçün zəruri lokomotivləri yoxdur. Mövcud lokomotivlərin isə əyləc sistemi ilə bağlı problemləri mövcuddur. Azərbaycan bu məsələlərin həll olunması üçün qonşu tərəfdaş ölkələrə hər cür kömək göstərməyə hazırdır”.

C.Qurbanov bu ilin ilk doqquz ayı ərzində Azərbaycanın dəmir yolları ilə Rusiyaya 700 min ton yük daşındığını da qeyd edib. QSC sədrinin sözlərinə görə, Türkmənistandan yüklərin daşınmasında da artım müşahidə olunur:

“Lapis Lazuli” nəqliyyat dəhlizində yük daşımalarının artdığı da görünür”.

Sədr “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək hədəfləri barədə də məlumat verərək bildirib ki, Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını planlaşdırırlar.

“Bundan başqa Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırırıq”, – deyə C.Qurbanov bildirib. (modern.az)

Paylaş: