04 Dekabr 2020 22:19

“Bakcell” daha bir festivala baş sponsorluq edir – FOTO

Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub.

Turkustan.info xəbər verir ki, oktyabrın 20-dək davam edəcək festival “YARAT” Müasir İncəsənət Məkanının “Bakcell” şirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

Tədbiri “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki açaraq festival barədə məlumat verib. O bildirib ki, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.

“Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.

Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), “Yeni Riqa” Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), “Devid Espinoza Kukla” Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək” – deyə Suad Qarayeva-Maleki qeyd edib.

“Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber festivala dəstək olmaqdan məmnunluğunu ifadə edərək deyib:

“Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir və bundan sonra da bu təşəbbüsləri dəstəkləməyə hazırdır. Bundan fərəh hissi duyur”.

Festivalın bədii direktoru Kamran Şahmərdan bildirib ki, festival onun rejissoru olduğu “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyətə uyğun yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib.

K.Şahmərdan vurğulayıb ki, M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır.

Tədbirdə “Priyut komedianta” Teatrının direktoru Viktor Minkov və rejissoru Mixaıl Bıçkov çıxış edərək festival barədə öz fikirlərini bölüşdülər.

Daha sonra tədbir iştirakçıları M.A.P. Festivalının keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarından ibarət sərgi ilə tanış olublar. (axar.az)

Paylaş: