23 Yanvar 2021 14:16

“Ballıqaya qətliamının qurbanlarına abidə qoyulsun” – Tural Turandan təklif

“Qarabağ müharibəsi zamanı erməni hərbçiləri, separatçılar Azərbaycan türklərinə qarşı xeyli sayda kütləvi qırğınlar, qətliamlar, soyqırımlar həyata keçirib. Onlardan biri də Ballıqaya qətliamıdır. Həmin qətliam zamanı 24 nəfər qətlə yetirilib. 9 nəfər ağır yaralanıb. Bu ərazidə məskunlaşan insanlar erməni vəhşiliyinin qurbanı olublar. Ballıqaya qətliamı bir obanın, yaşayış məntəqəsinin faciəsidir. Erməni yaraqlıları bu qətliam zamanı 6 aylıq körpəni də türk olduğuna görə məhv ediblər. Öldürülənlərin hamısı sivil insanlardır. İndi həmin ərazi işğaldan azad olunub. Təklif edirəm ki, Goranboy rayonunun Ballıqaya ərazisində qətliam qurbanlarının xatirəsi əbədiləşdirilsin. Onlara abidə ucaldılsın. Bu həm də bizə informasiya savaşında düşmən üzərində mühüm üstünlük qazandıra bilər”.

 Bunu “Politon” Starteji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Tural Turan deyib. Tural Turan bildirib ki, cəbhə bölgəsində, düşmənlə üz-üzə olan təmas xəttində belə bir abidənin ucaldılaması həm də işğalçı ölkə ordusuna ismarış olacaq: “Təklif edirəm ki, bu abidə orada ucaldılsın. Goranboy rayonuna gələn qonaqlar protokol qaydaları əsasında həmin abidəni ziyarət etsinlər. Xarici qonaqlar ermənilərin azərbaycanlılara qarşı hansı vəhşilikləri törətdiklərinin şahidi olsunlar. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri də həmin rayona tez-tez səfərə gəlirlər. Onların da mütəmadi olaraq Ballıqaya qətliamı qurbanlarının xatirəsinə ucaldılacaq abidəni ziyarət etmələri, faciə ilə bağlı detallarla tanış olmaları təmin edilməlidir. Bu sülh danışıqları, eləcə də münaqişənin həllində işğalçı Ermənistana təzyiq rıçaqlarında biri kimi rəsmi Bakıya da lazımdır”.

Ekspert bildirib ki, indi bir çoxları bu qətliamın necə, harada və nə vaxt baş verməsindən xəbərsizdir. Tural Turanın fikrincə, belə bir abidənin ucaldılması gənc nəslin tariximizi, erməni vandallarının bizə qarşı törətdikləri soyqırım, qətliam və kütləvi qırğın faktları ilə bağlı daha müfəssəl məlumat əldə etmələrinə şərait yaradacaq: “Bu gün bir çoxları bilmir ki, bu qətliam hansı şəraitdə törədilib. Onların qaçqın və məcburi köçkün olduqlarından da xəbərsizdirlər. Deməli, 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra o zamankı Xanlar rayonunun ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşırlar. 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda –(çadırda) məskən salırlar. Bundan üç gün sonra – 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı. Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq da ağır xəsarət alır. Düşünürəm ki, belə bir dəhşətli qətliamı unutmamalıyıq. Xatirəsini əbədləşdirməliyik”.

Paylaş: