Ç. Noy 20th, 2019

“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurdu

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

İclasda Prezident İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan da iştirak edib.

Səmimi qəbula və qonaqpərvərliyə görə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirən İlham Əliyev ölkələr arasındakı qarşılıqlı qardaşlıq əlaqələrindən bəhs edib.

Daha sonra İ.Əliyev faşizm üzərində qələbədə Azərbaycanın verdiyi töhfələri xatırladıb:

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Diqqətinizə görə təşəkkür edirəm.

Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd edib. O deyib:

-İlham Heydər oğlunun nitqindən belə təəssürat yaranır ki, ümumiyyətlə, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Həqiqət isə budur ki, Qaregin Njde Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparıb. Həqiqət ondan ibarətdir ki, Qaregin Njde, yeri gəlmişkən, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim tarix barədə obyektiv qiyməti bilməyimiz çox vacibdir. Deyilir ki, Qaregin Njde Vladimir həbsxanasında ölüb. Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik? Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub öz həyatlarını həbsxanalarda bitiriblər. Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik. Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm.

Nikol Paşinyanın çıxışından sonra növbəti çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko olmalı idi. İlham Əliyev Belarus Prezidentindən icazə alaraq Nikol Paşinyanın çıxışında səslənən sözlərə tutarlı faktlarla cavab verib. Prezident İlham Əliyev deyib:

-Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın Baş Nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib. Sağ olun”.

Sonra digər dövlət başçıları çıxış ediblər.(Qafqazinfo)

Paylaş: