Ç. Noy 20th, 2019

Zəhra günü

Valeh İSMAYILOV

Dünən Beynəlxalq Qızlar Günü idi. Daha dəqiq desək, qız uşaqları günü. Azərbaycanda da çoxlarının belə bir günün varlığından xəbəri var. Bunu dünən sosial şəbəkələrdə paylaşılan boy-boy şəkillər də göstərdi. Atalar qızları ilə fotolarını dərc edib arzularını yazdılar. Əlbəttə bu rəngli, mütəəssiredici mənzərə çox xoş idi. Atanın övladı ilə qürurlanmasından gözəl nə ola bilər ki! Hələ o da ola qızı ilə.

Hamının balası xoşbəxt olsun. Bütün balaların üzü gülsün. Bir daha bütün qızlarımızı təbrik edirəm. Hərçənd dünən sosial mediada mən də şəkil paylaşıb təbrik yazmışdım. Amma öz qızlarımın şəkillərini yox. Tanınmış rus rəssam Rjevskayanın “Pəncərə önündə” adlı rəsmini paylaşmışdım və təbrikimi atası olmayan qızlara ünvanlamışdım. Bir qızcığaza da təbrik yazmaq istəyirdim. Onun da şəklini gözüm axtardı bütün günü şəbəkədə, mətbuatda. Gözlədim günün sonuna kimi. Ümid edirdim, Zəhra da yada düşəcək. 14 aylığında Füzuli rayonunun Alxanlı qəsəbəsində ermənilərin qətlə yetirdiyi Zəhra Quliyevanı deyirəm. Amma təəssüf… Bir vaxtlar Zəhra deyib yaxalarını cıranların yadlarına düşmədi Zəhra. Halbuki bu gün anılmaq daha çox Zəhranın haqqıydı. Çünki bu gün elə Zəhranın, zəhralarınunudulmamsı üçün təsis edilib. Məlumatı olmayanlara arayış üçün deyim ki, Beynəlxalq Qızlar Günü 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsi ilə qız uşaqlarının hüquqlarının tanınması münasibətilə elan edilib. Qətnamədə sadalanan hüquqların başında isə qızların təhlükəsizlik hüququ gəlir. Zəhranın da məhz təhlükəsizlik hüququ pozulmuşdu. Lakin yada düşmədi. Mənimsə yaxşı yadımdadı hadisə olan zaman -2017-ci ilin iyulunda hikkəsindən ağzından köpük daşlananlar, odlu-alovlu nitq söyləyənlər, kampaniyalar təşkil edənlər… Bəs dünən hardaydılar bu kampaniyabazlar, hardaydılar “səni unutmayacağıq, unutmarıq, unuda bilmərik” hayqıranlar? Hardaydı o vaxt klaviaturalarının çıqqıltısından matəm marşı süzülən, cümlələrindən göz yaşı tökülən həmişəhazır həmkarlarım, üzlərinə kinqarışıq hüznlü görkəm verib efirlərdən barmaq silkələyən millət vəkilləri, polit(k)oloqlar? Səsləri ancaq Xoşqədəmin verilişindən eşidilən uşaq hüquqları müdafiəçiləri, qrantbaz xalalar, əmilər hardaydılar?Axı pulları Zəhranın, zəhraların kürəyindən çıxır. Heç olmasa, ildə bircə dəfə yediklərinin haqqını verəydilər də…

Əslində məsələnin bu tərəfi sadədir, yaxud da sadə ola bilər. Zəhranın şəklini də paylaşmaq olar, təbrik də yazmaq olar… Nə əsas məsələ, nə də mənim diqqət çəkmək istədiyim məsələ bu deyil. Əsas məsələ budur ki, fürsət ayağımıza gəlir, geri təpirik, əlimizə imkan düşür, görmürük, görməzliyə vururuq, görmək istəmirik. Kampaniya aparmağı xoşlamırıq bəs? Tamam, aparaq. Amma bunun üçün kiminsə “Start” deməsinimi gözləmək lazımdı?

Demək istəyirəm ki, bilirsiniz, dünən nələr etmək olardı?.. Dünəni Zəhra Günü elan etmək olardı. Dünən əllərdə Zəhranın şəkilləri mötəbər beynəlxalq təşkilatların qarşısına getmək olardı. Lap elə BMT-nin, UNİCEF-in iqamətgahlarının qarşısına toplaşmaq olardı, Avropanın iri şəhərlərində Zəhra yürüşü təşkil etmək olardı, Ermənistanın xarici ölkələrdəki səfirliklərinin önündə qətnamə oxumaq olardı… Olmazdı? Axı dünən fürsət idi dünyanın diqqətini erməni vəhşiliyinə çəkmək üçün. Amma susduq. Səfirliklərimiz susdu, Diasporla İş üzrə Dövlət Komitəmiz susdu, xaricdə yaşayan soydaşlarımız susdu. Daxildə mətbuatımız susdu, sosial şəbəkəmiz susdu…

Susduq, hamımız susduq və bu sükut artıq qulaq batırır…

Paylaş: