Ça. Noy 12th, 2019

Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 38 nəfər müvafiq işlə təmin edilib.

Turkustan.info xəbər verir ki, Agentliyin sədri Seymur Mövlayev işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən 38 nəfərlə görüşüb.

Görüşdə S.Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edib, Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, qarşıda duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib.

Agentliyin fəaliyyətində əsas hədəfin daim fermerlərin yanında olmaq olduğunu deyən sədr, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Həmçinin tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verilib. S. Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində uğurlar arzulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin kadrlar şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kadrlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. Dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməsinin vacibliyini vurğulayan İlham Süleymanov Agentlik üzrə boş qalan vakant yerlərlə bağlı yaxın günlərdə yeni işə qəbul elanının veriləcəyini deyib.

Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini qeyd edib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, sentyabrın 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqəyə çıxarılan vakansiyalar aqronom, baytar həkimi, baytar feldşeri və aqrar sektorun digər sahələri üzrə ixtisaslı yerlərdir.

 

Paylaş: