17 Yanvar 2021 03:53

Deputatın Rusiyadakı azərbaycanlılarla bağlı çağırışına reaksiya: “Mümkün deyil”

“Rusiya hökuməti orada yaşayan azərbaycanlılardan vergi tutursa, Azərbaycan tərəfi vergi tuta bilməz”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yenə cəmiyyətdə narazılıqlara səbəb olan açıqlama verib. O, bu yaxınlarda Bakıda keçirilən MDB dövlətlərinin Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib ki, Rusiyada işləyən azərbaycanlılar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödəməlidirlər.

“Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlı işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməlidirlər. Ona görə bu məsələ üzərində iş aparılmalıdır”, – deyə deputat vurğulayıb.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev isə bu yanaşmanın yanlış olduğunu qeyd edib: “Rusiyada yaşayan və işləyən azərbaycanlılar əldə etdikləri qazancın vergisini də Rusiya hökumətinə ödəməlidirlər. Dünyada ikiqat vergidən yayınma üzrə sazişlər mövcuddur. Yəni ki, Rusiya hökuməti orada yaşayan azərbaycanlılardan vergi tutursa, Azərbaycan tərəfi vergi tuta bilməz”.

Ekspertin sözlərinə görə, vətəndaşlar öz ölkələrində işlə təmin olunsalar, vergilərini də burada ödəyərlər: “Heç bir Azərbaycan vətəndaşı öz istəyi ilə Rusiyaya getməyib. Daha dəqiq desək, çarəsiz şəkildə və ağır şərtlər altında ölkəni tərk ediblər. Belə olan halda vətəndaş Rusiyada iş tapsın və vergini Azərbaycana ödəsin? Əgər vətəndaş vergi ödəməlidirsə, konstitusiya qaydalarına da əməl olunmalıdır. Yəni hər bir vətəndaşı öz biliyinə və imkanlarına görə işlə təmin etmək hökumətin borcudur. İnsanlar öz ölkələrində iş tapsalar, vergi də ödəyərlər”.

“Əvvəlcə ondan danışmaq lazımdır ki, vətəndaşın Azərbaycana qayıdıb-qayıtmayacağı məlum deyil. Hökumətlərin bir-biri ilə pensiya sazişləri var. Pensiya sazişinin mahiyyəti də ondan ibarətdir ki, vətəndaşlar pensiya yaşına çatdıqdan sonra öz ölkələrinə qayıdanda, həmin dövlətlər onlara pensiya ödəməyə borcludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Ona görə də bu sahədə məlumatlı olan insanın bu cür yanaşma tərzi qəbulolunmazıdır”, – müsahibimiz vurğulayıb.

AYNA-ya danışan hüquqşünas Adəm Məmmədov da deputatın təklifinin mümkünsüz olduğunu deyib: “Rusiyada fəaliyyət göstərən azərbaycanlı Rusiya qanunlarına tabe olmalı, vergisini də ora ödəməlidir. Ümumiyyətlə, Azərbaycanda şəxsi kapitalın olmalıdır. Kapital yoxdursa, pensiya almaq da çətinləşir. Pensiyaya düşmək üçün də balansında 16400 manat vəsait olmalıdır. Belə olan halda da, Rusiyada yaşayan azərbaycanlı DSMF-ə tələb olunan məbləği ödəməyibsə, penisya hüququndan məhrum edilir”.

“Rusiyada yaşayan azərbaycanlı bura gəlməli və büdcəyə 16400 manat ödəməlidir ki, hər ay 150 manat pensiya alsın. Əslində qanun belə olmalıdır ki, yığılan pul vərəsə kimi vətəndaşın yaxınlarına çatsın. Bir sözlə, düşünürəm ki, ölkəmizdə pensiya qanunverciliyi tamamilə yanlışdır”, – A.Məmmədov əlavə edib.

Paylaş: