Ça. Noy 12th, 2019

Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır

Yaxın günlərdə Nazirlər Kabinetində kadr islahatları həyata keçiriləcək. 

Baş nazir Əli Əsədovun həyata keçirəcəyi kadr islahatları Nazirlər Kabinetinin aparatı ilə məhdudlaşmayacaq. İslahatlar Nazirlər Kabinetinə daxil olan nazirlikləri və komitələri də əhatə edəcək. 

Vəzifələrə əsasən yeniliyə meylli, rüşvətə və korrupsiyaya bulaşmamış gənc mütəxəssislərin gətiriləcəyi gözlənilir. İslahatlar həm Nazirlər Kabinetinin çevik fəaliyyətini təmin etmək, həm də rüşvət və korrupsiya hallarını minimuma endirmək məqsədi daşıyır. 

Bəzi məmurların mənfi reputasiyalarına baxmayaraq, hələ də vəzifədə qalmaları əhali arasında qıcıq doğurur. Bu kateqoriyaya daxil olan çinovniklərin də artıq karyeraları ilə vidalaşmalarının vaxtı çatıb. 

Nazirlər Kabinetində kadr islahatlarının olacağı Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsindən sonra gündəmə gəlmişdi. Ümumiyyətlə isə hakimiyyət ötən ildən islahatlara start verildiyini bəyan edib. Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 16-da keçirilən iqtisadi müşavirədən sonra islahatların daha da sürətlənəcəyi qənaəti yaranıb. 

Elə həmin müşavirədə ölkə başçısı Əli Əsədovun təyinatına toxunaraq bildirib ki, məqsəd iqtisadi artım tempini sürətləndirmək və islahatları davam etdirməkdir.  “Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib və əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldıraq və islahatları davam etdirməkdir”, – deyə ölkə başçısı bildirib.

Ekspertlər Prezidentin bu fikirlərini Əli Əsədova kadr islahatlarına başlamaq üçün “yaşıl işıq” hesab edirlər. (yenisabah)

Paylaş: