Ça. Noy 12th, 2019

Erməni rejimi Qarabağa yürüş etmək istəyənləri hədələdi: “Hamısı “sərhəd”ə çatmamış öləcək!..”

Son illərdə Azərbaycan cəmiyyətində erməni işğalı altındakı torpaqlarımıza dinc kütləvi yürüş etmək barədə təşəbbüslər mütəmadi olaraq səslənir. Hətta buna bir neçə dəfə cəhdlər də olub.
Xəbər verildiyi kimi, bu günlərdə  Tərtər, Ağdam, Kəlbəcər, Laçın, Xocalı və Şuşa rayonlarından olan minlərlə gənc  Tərtər şəhərindən işğaldan azad olunmuş Şıxarx qəsəbəsinədək yürüş edib, “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndiriblər. Aksiya ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsinin qarşısında başa çatıb.
Aksiyanın saytlar və sosial şəbəkələrdə yayılmış kadrlarından təşvişə düşən Xankəndidəki separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyanın aparat rəhbəri David Babayan Azərbaycan xalqının  bilavasitə doğma torpaqlarına doğru təşkil edəcəyi daha kütləvi yürüşləri önləmək üçün hədələyici çıxış edib.
 Turkustan.info xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, D. Babayan dolayısıyla etiraf edib ki, təmas xəttindən dinc Azərbaycan sakinlərinin məskunlaşdığı kəndləri  mütəmadi atəş altında saxlayan məhz erməni tərəfidir. Separatçı deyib:”Birincisi, belə yürüşün baş tutub-tutmayacağını düçünmək üçün sərhədin nə olduğunu anlamaq gərəkdir. Ona görə ki, bizim Azərbaycanla “sərhəddimiz”, sadəcə, “sərhəd” deyil, faktiki atəş xəttidir…”
Separatçı erməni rejiminin təmsilçisi öz torpaqlarına dönmək arzusunu  dünyaya çatdırmaq istəyən didərginləri açıq şəkildə ölümlə təhdid edib:
“Bu insanlar həqiqətən də sərhədi keçmək istəyirlərsə, əvvəlcə Azərbaycan silahlı qüvvələrinin bir neçə müdafiə xəttini, sonra da olduqca geniş olan mina sahəsini keçməlidirlər.  Yəni onlar sərhədlərimizə belə yaxınlaşa bilməyəcəklər, çünki hamısı həmin zonada partlayacaq. Azərbaycan tərəfinin isə hansısa texniki avadanlıqdan istifadə edib  minalı ərazini təmizləməsi ehtimalı azdır. Bundan sonra isə başqa minalı zonanı(ermənilərin mina zonası nəzərdə tutulur- S.L.) keçməlidirlər. Yəni, onlar hətta fiziki cəhətdən də bizim mövqelərimizə çata bilməzlər. Sərhədi keçmələrindən isə danışmağa dəyməz…”
P.S. Əvəzində biz Xankəndidəki erməniləri də, Bakıdakı ermənipərəstləri də  xalqın Qarabağın azadlığını kütləvi şəkildə tələbləri ilə qorxutmalıyıq…    /Moderator. az/

Paylaş: