Ça. Noy 12th, 2019

Qlobal iqtisadiyyata yeni təhdid: Azərbaycandan yan keçəcək?

Beynəlxalq Valyuta Fondun (IMF, BVF) qlobal iqtisadiyyatın artımı üzrə proqnozunu ticarət müharibələrini səbəb göstərərək aşağı salıb. 

Təşkilat 2019-cu il üzrə qlobal iqtisadi artım gözləntisini 3.2 faizdən 3 faizə, 2020-ci il üzrə iqtisadi artım gözləntisini isə 3.5 faizdən 3.4 faizə endirib. İnkişaf etmiş iqtisadiyyatlar üçün 2019-cu il üzrə proqnoz 1.9 faizdən 1.7 faizə, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün proqnoz isə 4.1 faizdən 3.9 faizə endirilib.

ABŞ iqtisadiyyatının 2019-cu il artımı təxmini 2.6 faizdən 2.4 faizə, Avro Bölgəsi təxmini isə 1.3 faizdən 1.2 faizə endirilib. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnozlar açıqlayıb. Təşkilat 2019-cu ildə Azərbaycanda 2,7 faizlik, 2020-ci ildə isə 2,1 faizlik iqtisadi inkişaf nəzərdə tutur.

BVF-nin yayımladığı “Global Economic Outlook” hesabata görə, ötən il ÜDM artımı 1 faiz civarında olsa da, 2024-cü ildə 2,4 faizə bərabər olacaq. İstehlak qiymətlərinə gəldikdə isə IMF hesab edir ki, Azərbaycanda bu il 2,8 faizlik, 2020-ci ildə isə 3 faizlik, 2024-cü ildə isə 3 faizlik inflyasiya qeydə alınacaq. Ötən il isə bu rəqəm 2,3 faizə bərabər olub.

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5 faiz səviyyəsində qeyd olunub. Cari hesab balansı isə 2018-ci ildə 12,9 faiz olduğu halda, bu il 9,7 faiz, 2020-ci ildə 10 faizə, 2024-cü ildə isə 7,6 faizə bərabər olacaq.

Maraqlıdır, qlobal iqtisadiyyatın artım üzrə proqnozların pisləşməsinin səbəbi nədir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, bütün dünyada, o cümlədən Çinlə ABŞ arasında olan ticarət mübahisələri və gedən digər siyasi proseslər iqtisadi artıma öz təsirini göstərir:

“Son günlər Türkiyə ordusunun Suriyanın şimalında anti-terror əməliyyatlarına başlaması müəyyən qədər Türkiyə iqtisadiyyatına da ziyan vurub. Təşkilat bütün bunları nəzərə alaraq iqtisadi artım proqnozlarını müəyyən qədər azaldır. Hesab edirəm ki, Azərbaycan işini düzgün qura bilsə, ciddi problem olmasa, qeyri-neft sektorunun inkişafına nail ola bilsək iqtisadi artımı qoruyub-saxlaya biləcəyik. Təbii ki, dünyada gedən proseslərdən də çox şey asılıdır. Amma Azərbaycanın imkanı var ki, BVF-nin göstərdiyi kimi yox, ondan da artıq ümumi daxili məhsul istehsal edib, artıma nail ola bilsin. Bunun üçün qeyri-neft sektoruna diqqəti artırmaq lazımdır. Çünki neftin dünya bazar qiymətlərində müəyyən azalmalar ola bilər. Bununla bağlı müəyyən proqnozlar da var. Buna görə də ölkəmiz digər sektorlara diqqətini artırmalıdır”.

Növbəti illərdə inflyasiya səviyyəsinin artmasına gəlincə, millət vəkili bildirib ki, ölkələrdə inflyasiyanın öz yaranma səbəbləri var:

“Neftin qiyməti inflyasiya proqnozlarının yüksəlməsində böyük əhəmiyyət kəsb edir. Həmçinin qiymət siyasətinin necə həyata keçirilməsi də önəmlidir. Azərbaycanda ikirəqəmli inflyasiya gözləmirəm, amma müəyyən qədər artım ola bilər. Ümumiyyətlə, inkişaf etmiş ölkələrin iqtisadiyyatında yaranan problemlər, xüsusilə ABŞ-ın apardığı iqtisadi siyasət onu göstərir ki, 2020-ci ildə müəyyən problemlər yaşanacaq”.   /Cebhe.info/

Paylaş: