Ça. Noy 12th, 2019

“TÜRKDILLI” ifadəsinin yaranma tarixi və mahiyyəti

Ruslar Türk xalqlarından tək bir “Sovet milləti” yaratmaq məqsədi ilə ortaya atdıqları “etnogeneziya” nəzəriyyəsinə uyğun olaraq bugünkü türk xalqlarının tez-tez dilllərini dəyişən xalqlar olduqlarını əsaslandırmağa çalışdılar.

Hər bir nəzəriyyədə olduğu kimi bu nəzəriyyənin də açar sözü “Türkdilli” ifadəsi idi. Parçala və hökm et siyasətinə uyğun olaraq yaradılmış “Türkdilli” ifadəsinin Azərbaycanda elmi və ədəbi dilə girməsi və zamanla siyasət dilinə çevrilməsi rus işğalının ikinci dövründən başlayır. Azərbaycanda Erkən Türk Tarixinin Tarixçiliyini araşdıran və bu mövzuda tək elmi dissertasiya müəllifi olaraq deyə bilərik ki, Milli Azərbaycan Cümhuriyyəti dövründəki tarixi, ədəbi və siyasi mətinlərdə “Türkdilli” ifadəsi işlədilməmişdir. Bu ifadə Kommunist partiyasının prinsiplərindən kənara çıxmayan Sovet tarixçiliyinin icad etdiyi bir ifadədir. Bu ifadə ilə Kommunist siyasətin məğzinə uyğun olaraq Türk xalqlarını biri-birindən uzaq, fərqliləşmiş xalqlar olaraq göstərilmək istənilmişdir. “Türkdilli” ifadəsinə ilk qarşı çıxan Başqurdistan Cümhuriyyətinin rəis-i cumhuru olmuş, dünya tarixçiləri arasında önəmli bir yer tutan Başqurd türkü Zəki Vəlidi Toqan olmuşdur. Z.V. Toqan, rusların Rusiya məhkumu türklər üçün “Türk” ifadəsi yerinə “Tiürkoyazıçnıy”, yəni “dili türkcə olan” ifadəsini işlətdiklərini və bununla yox da məqsədin bu xalqların mənşə etibari ilə türk olmaya biləcəkləri, hər hansısa bir səbəbdən türk dilində danışan xalqlar olduğu fikrini yaratmaq olduğunu açıqlamışdır.1 Bu ifadə Sovet dövründə tarixçilikdə və siyasi dildə özünə yer tapmış və Sovet işğal rejiminin sona çatmasına baxmayaraq hələ də tarixçiliyimizdə və siyasət dilimizdə qalmaqdadır. Görünür ki, işğal rejiminin Marksist-Leninist metodologiyasının izləri hələ də davam etməkdədir.
Bu ifadənin mahiyətinin tam anlamı ilə anlaşılması üçün dilimizə daxil olduğu Sovet dövründə və bağımsızlıq dövründə tarixçilikdə işlədildiyi yerlərə örnəklər verərək açıqlamaq istəyirik. İlk olaraq Sovet dövründə Azərbaycan tarixi anlayışı ilə yazılmış “Azərbaycan Tarixi Üç Cilddə” adlı əsərdən başlayaq. Bu əsərdə: “… Azərbaycana basqınlar edən türkdilli köçərilərin mühüm hissəsi tədricən burada oturaq həyata keçib, ölkənin yerli əhalisinə qaynayıb qarışırdılar. Bunun nəticəsində həmin dövrdə Azərbaycan əhalisinin dillərində türk ünsürlərinin güclənməsi müşahidə olunurdu.”2 ifadəsi verilmişdir. Öncəliklə verilən bu mətində içərisi doldurulması gərəkən ifadələr vardır. İlk olaraq “Azərbaycan əhalisi” olaraq ifadə edilən əhalinin etnik tərkibinin kimlərdən mütəşəkkil olduğu yazılmamışdır və milliyətsiz, kimliksiz bir xalq anlayışı ortaya atılmışdır. İkincisi “Azərbaycan əhalisinin” dillərində “Türkdilli” ünsürlərin güclənməsinə dair dövrün dini-bədii ədəbiyyatının və siyasi mətnlərinin dilindən örnək verilməmişdir. Ən əsası isə burada meydana gələn xalqın birbaşa türk deyil də, mənşəi göstərilməyən “Azərbaycan əhalisi”nin dillərində “türk ünsürlərinin” çoxalması ilə meydana çıxan “Türkdilli” xalq olduğu göstərilmək istənilmişdir. Bu əsərdə əhalinin etnik yöndən mənşəyi Manna, Midiya, Atropatena və Albaniyalılara, dil yönündən isə buraya köçən türklərə əsaslandırılmaq istənilmişdir.3 Bu səbəbdən də birabaşa Türk deyil, “Türkdilli” ifadəsi işlədilir. Yəni bu “Türkdilli” ifadəsi ilə “Türkdilli” olaraq adlandırılan xalqların həqiqətən də Türk olmadıqlarını, sadəcə müəyyən səbəblərdən dolayı dillərinin türkcə olduğu göstərilmək istənilmişdir.
Bundan başqa Z. Bünyadovun 1965-ci ildə rusca yazdığı və 1989-cu ildə Azərbaycan türkcəsinə tərcümə olunan “Azərbaycan VI-IX əsrlərdə” adlı əsərində Azərbaycan bölgəsinin Türkləşməsi sürəcini anladarkən bu surəcin XI yüzillikdə başlayan bir sürəc olmadığını və yerli türk boylarının güneydən gələn oğuzlar və quzeydən gələn qıpçaqlarla qarışması sonucunda və qeyri türklərin assimilasiyasından sonra başladığını və XI-XII yüzilliklərdə Arran və Azərbaycan bölgəsində müasir “Azərbaycan millətini” meydana gətirən “Türkdilli Azərbaycan xalqının” formalaşması ilə tamamlandığını yazmışdır.4 Bünyadov burada “Azərbaycan milləti” ifadəsi ilə Sovet Azərbaycanının əhalisini nəzərdə tutmuş və millətin adını dövlətin adıyla “Azərbaycan milləti” olaraq adlandırmış və “Azərbaycan millətinin” “Türkdilli Azərbaycan xalqından” meydana gəldiyini yazmışdır. Bünyadovun Türkləşmə sürəci ilə bağlı irəli sürdüyü fikir, bu sürəcin sonunda işlətdiyi “Türkdilli” ifadəsinə uyğun gəlmir. Çün ki, əgər Azərbaycanda Türkləşmə sürəci Bünyadovun iddia etdiyi kimi XI-XII yüzilliklərdə ortaya çıxan bir sürəc deyil də, çox öncədən davam edən bir sürəcin davamıysa və bu sürəc özünün dediyi kimi uğurlu olmuşsa və bu sürəci təşkil edən xalq yerli və sonradan gələn türk xalqlarıysa, belə olduğu halda bu bölgə etnik elementlərin biri-birindən ayırd edilə bilinməyəcək qədər qarışıq bir bölgə deyil, əksinə türklərin əksəriyyəti təşkil etdiyi bir türk bölgəisidir. Belə olduğu halda meydana gələn xalqı da sadəcə dilində türk ünsürlərinin olduğu “Türkdilli” bir xalq deyil də, birbaşa Türk xalqı olaraq ifadə etmək doğru olardı.
Bu verdiyimiz örnəklər Sovet dövrünün rəsmi tarix anlayışını özündə əks etdirən əsərlərdən idi. Müstəqillik dövrünün ilk illərində və sonrakı illərdə də “Türkdilli” ifadəsi eyni mahiyətlə işlədilməyə davam etmişdir. Dövrün rəsmi tarix anlayışının necə olduğunu göstərmək məqsədi ilə, müstəqil tətqiqat əsərləri ilə yanaşı bu dövrün də rəsmi nəşrləridən örnəklər verək.
Müstəqilliyin ilk dövrlərində Türklüyün Azərbaycan coğrafyasındaki seyrinə dair kitablar yazan Q. Qeybullayevin əsərlərində bu ifadəyə rast gəlirik. Qeybullayev, “Azərbaycan Türklərinin Təşəkkülü Tarixindən” adlı əsərində “Azərbaycanlı” ifadəsinin mahiyətini açıqlayarkən bu ifadəylə Azərbaycan coğrafyasında yaşayan “Türkdilli azərbaycanlıları” və türk olmayan Qafqazdilli və İrandilli olaraq adalandırdığı azlıqları nəzərdə tutduğunu yazmışdır.5 Qeybullayev burada keçən “Türkdilli” və kitabında sıxlıqla qarşılaşdığımız “Türkmənşəlli” ifadəsiylə özlərini “Türk” olaraq adlandıran xalqları deyil, “Altay dil ailəsinin türk qoluna aid dildə danışan” xalqları nəzərdə tutduğunu yazmışdır.6 Sovet dövründə yayınlanan əsərlərdə olduğu kimi burada da “Türkdilli” ifadəsi eyni anlayışla işlədilmişdir. Yəni burada da bu xalqların gerçəkdən türk deyil də, sadəcə türk dilində danışan xalqlar olduqları göstərilmək istənilmişdir. Ancaq bu ifadələrin işlədildiyi heç bir yerdə bu xalqların hansı siyasi, tarixi,sosial səbəblərdən türk dilində danışdıqları yazılmamaqdadır. Bir xalq kültəvi şəkildə dil dəyişirsə bunun ciddi səbəbləri olmalıdır və qaynaqlarla açıqlanmalıdır.
Müstəqillik dövründə Tarix institutunun 1998 və 2007-ci illərdəki Yeddi Cildlik yayınlarında “Türkdilli” ifadəsinin mahiyəti açıq bir şəkildə ifadə edilməkdədir. Azərbaycan Tarixi Yeddi Cilddə adlı əsərin I. Cildində “Albanların orta əsrlərdə onların torpaqlarına gəlmiş, türk dilini qəbul etmiş və yeni “Türkdilli” xalqa çevrilmiş müasir azərbaycanlıların əcdadlarından biri olduqları yazılmışdır.7 Burada açıq bir şəkildə “türk dilini qəbul etmiş və yeni “Türkdilli” xalqa çevrilmiş” ifadəsiylə “Türkdilli” olaraq adlandırılan xalqın birabaşa Türk deyil də, hər hansısa bir səbəbdən türk dilində danışan xalqlar olduqları ifadə edilmişdir.
Zənn edirik ki, bu verdiyimiz örnəklər “Türkdilli” ifadəsinin yaranma tarixini və mahiyyətini açıqlamağa yetərlidir. Bu örnəklərin sayısını çoxalda bilərik. Ümid edirik ki, “Türk Şurası”nın 7. Zirvə görüşündə Nursultan Nazarbayevin də səsləndirdiyi “Türk dövlətləri” “Türkdilli” ifadəsini əvəz edərək dövlətimizin siyasət dilinə daxil olacaqdır. Tarixçilərimizin də artıq bu ifadəyi bir kənara atmasının vaxtı keçmişdir…

Qaynaqça:
1. Z. V. Togan, Türklüğün Mukadderatı Üzerine, Haz. T. Baykara, İstanbul, Yağmur yayınları, 1977, s. 24.
2. Azərbaycan Tarixi Üç Cilddə, Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı, Bakı, 1958. s. 111.
3. Elnur Ağayev, Sovyet İdeolojisinin Azerbaycan Tarihçiliğine ve Tarih Eğitimine Etkisi, Hacettepe Üniversitesi Atatürk İlekeleri ve İnkilap Tarihi Enstitüsü, Ankara, 2000, s. 33.
4. Bünyadov, Azərbaycan VII – IX əsrlərdə, Azerneşr, Bakı, 1989, s. 171.
5. Qiyasəddin Qeybullayev, Azərbaycan Türklərinin Təşəkkülü Tarixindən. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994, ss. 7-9.
6. Qeybullayev, s. 9.
7. Azərbaycan Tarixi Yeddi Cilddə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Nəşrləri, I Cild, Bakı, 2007, s. 280.
8. Yeddi Cilddə, I Cild, Elm yayınları, Bakı, 1998, s. 328.

MGT Türkiyə Başqanı Odər Əlizadə

Paylaş: