Ça. Noy 12th, 2019

“Türkiyə kiminsə silahına arxayın olub əməliyyat keçirməz” – Ekspert rəyi

Bildirdiyimiz kimi, Fransanın müdafiə naziri Florens Parli sosial media hesabında aşağıdakı məzmunda açıqlama verib:

“Fransa, Türkiyənin Suriyanın şimal-şərqində icra etdiyi hərbi hərəkatın dayandırılmasını gözləyərkən, bu hərəkatda istifadə edilmə ehtimalı olan hər cür döyüş təchizatının Türkiyəyə ixracatının dayandırılmasına qərar verdi”.

Bununla bağlı, saytmıza danışan hərbi ekspert Azər Bayram bildirib ki, təkcə Fransa yox onunla birlikdə daha 5 ölkə Türkiyəyə silah satışını dayandırdığını bəyan edib. Ancaq burada xüsusi diqqət çəkən məqamlar var. Söhbət bütün növ silah-sursatdan getmir. Parli-nin cıxışına diqqət yetirsək burada söhbət yalnız “istifadəsi ehtimal olunan silahlardan” gedir. Bu da elə bir ciddi məhdudiyyət deyil. Bu qərarı əslində YPG/PKK terror qruplaşmasının könlünü almaq ücün atılmış addım saymaq olar, ancaq bayaq da vurğuladığım kimi, özlüyündə ciddi əhəmiyyət daşımır.

Bu döyüşdə heç də hansısa uzaq mənzilli, qitələrarası raketlərin istifadəsindən söhbət getmir. Burada əsasən bizə Qarabag savaşından da, çox yaxşı məlum olan quru qoşunlarının istifadə etdiyi, yəni əsasən orta və iri çaplı silahların, ağır top, tank, zenit qurğuları və ZTR-lərin istifadə olunduğu döyüşdən söhbət gedir. Tükiyənin özünündə silah sursat istehsal etdiyini və bu yöndə Türk Silahlı Qüvvələrinin (TSQ) ciddi bir kəsiminin yerli istehsalnan tam təmin etdiyini nəzərə alsaq, belə vəziyyətdə də Türkiyənin döyüşü davam etdirməyə silah-sursat ehtiyatı yetərincə kifayət qədərdir.

Qaldı hər hansı bir zərurət yaranarsa digər dövlətlər var ki, yetərincə silah arsenalına malikdir və istənilən anda Türkiyəyə məmnuniyyətlə silah satar. Ümumən götürdükdə isə başda Azərbaycan olmaqla digər türk dövlətləri də hər bir sahədə Türkiyəyə dəstək verməyə hazırdır. Bütün bunların fonunda tam əminliklə demək olar ki, yuxarıda qeyd olunan dövlətlər tərəfindən səsləndirilən qərarlar ciddi əhəmiyyət daşımır.

Türkiyədə yetərincə peşəkar siyasətçilər və hərbçilər vardır ki, bütün baş verəcək hər bir hadisəni ən xırda detalına kimi nəzərə alıblar. Türkiyə kiminsə silahına arxayın olub hərbi əməliyyat keçirməz. Bu və ya digər formada silah məhdudiyyəti qoymaqla Türkiyəyə təzyiq göstərmək əhəmiyyəsizdir. Biz inanırıq ki, Türkiyə Silahlı Qüvvələri qarşıya qoyulan bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirəcək və sağ-salamat evlərinə geri dönəcək. Biz də öz növbəmizdə hər bir Şəhidə Allahdan rəhmət diləyir və mehmetciyə uğur arzulayırıq.

Paylaş: