Ca. Noy 14th, 2019

Dövlət müstəqilliyinin qorunmasında biz gənclərin də üzərinə böyük məsuliyyət düşür

18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. Azərbaycan xalqını 18 oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi…

Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsindən və dövlət müstəqilliyinin elan olunmasından 28 il ötür. Belə bir qısa müddət ərzində dövlətimiz böyük inkişaf yolu keçib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açdı.

Bununla belə, Azərbaycan Respublikası müstəqilliyinə birdən-birə qovuşmadı. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilmədi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərdi. Yenidən müstəqilliyini bərpa edən ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçdi.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən oldu.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.

Təməli məhz Ulu Öndərin hakimiyyətdə olduğu illərdə – 2002-ci ildə atılan, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, ordan da Aralıq dənizi vasitəsilə Avropaya və dünyaya nəqlini həyata keçirən Bakı-Tbilisi-Cehyan neft kəmərinin başa çatması və ilk neftin Ceyhan limanından yola salınması işi uğurla həyata keçirildi. Bu

layihənin həyata keçirilməsi və dövlət büdcəsinin valyuta ehtiyatlarının artırılması Ümumilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi.

Müstəqilliyin siyasi və iqtisadi təməlləri bu gün aparılan uğurlu siyasət nəticəsində daha da möhkənləndirilir. Ölkəmizdə dövlətçiliyin təkmilləşdirilməsi, iqtisadi tərəqqinin bərqərar olması, milli-mənəvi dəyərlərin qorunub saxlanaraq daha da zənginləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti aparılır və günü-gündən inkişaf etdirilir.

Ölkəmizin regionda iqtisadi inkişaf sürətinə və səviyyəsinə görə lider dövlətə çevrilməsi beynəlxalq səviyyədə də nüfuzumuzun armasına təkan verib. Regionda reallaşdırılan irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı ilə həyata keçirilir. Azərbaycanın dünya siyasi arenasında artan nüfuzu sayəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilib.

Azərbaycanın müstəqillik illərində əhalinin rifah halının yüksəldilməsi, sağlamlığının yaxşılaşdırılması, idmanın təbliği, həssas təbəqələrin sosial təminatının artırılması, ölkədə təhsilin inkişafı üçün uğurlu sosial siyasət həyata keçirilməkdədir. Bunun nəticəsidir ki, hal-hazırda Azərbaycanda nəinki paytaxda, demək olar ki, bütün regionlarda ən müasir avadanlıqlarla təmin edilmiş xəstəxanalar və diaqnostik mərkəzlər, ən son tədris texnologiyaları ilə təchiz edilmiş məktəblər, ən qabaqcıl texniki qurğuların mövcud olduğu olimpiya və idman kompleksləri tikilib əhalinin istifadəsində verilib.

Xüsusilə vurğulamaq istərdim ki, müstəqilliyin təbliğində Azərbaycan Televiziyası başda olmaqla bütün Kütləvi İnformasiya Vasitələrinin müstəsna rolu olub. Bu gün müstəqil KİV-lərin maddi-texniki imkanlarının dünyanın qabaqcıl ölkələrinin aparıcı televiziyaları ilə rəqabət aparmaq iqtidarında olması hesabına ölkəmizin əldə etdiyi bütün uğurların təbliği və geniş auditoriyaya çatdırılması yüksək səviyyədə həyata keçirilir. Ölkə başçısının şəxsi qayğısı və dəstəyi ilə ən müasir və son texnoloji avadanlıqlarla təchiz edilən, maddi-texniki şərait yaradılan, gənc mütəxəssislərin yetişdirildiyi və peşəkar işçi heyətinin formalaşdırıldığı KİV-lər ölkədə keçirilən mühüm dövlət və beynəlxalq tədbirləri işıqlandıraraq tarixi sərvət kimi qoruyur.

Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əldə edilmiş tərəqqinin göstəricisi kimi, qeyd etmək olar ki, ölkəmiz bölgənin strateji, siyasi və iqtisadi proseslərinin gedişinə təsir göstərir. Dövlətimizin maraqlara uyğun olaraq xarici siyasət prioritetlərinin təmin olunmasında vətənimizin siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından məharətlə istifadə edir. Azərbaycan iqtisadiyyatı öz inkişaf sürətinə görə dünyada qabaqcıl yerlərdən birinə sahibdir.

Bugün ölkəmizdə həyata keçirilən siyasət nəticəsində müstəqil Azərbaycanda həyat gündən-günə dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni siyasi, iqtisadi, sosial və mədəni layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Müstəqiliyin mahiyyətini qavrayaraq qədrini bilmək, qanı və canı bahasına onu qorumaq, ölkədə gedən inkişaf proseslərinə əlindən gələn köməyi göstərmək hər bir gəncin, hər bir vətəndaşın müqəddəs borcudur.

Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının

möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.

Ona görə də bu gün dövlət müstəqilliyinin qorunmasında və gələcək nəsillərə ötürülməsində, xüsusilə son dövlər fəallaşan antimilli qüvvələrə qarşı mübarizədə biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Siyasi cəhətdən fəal gənclərimiz milli maraqlardan çıxış edərək siyasi proseslərin iştirakçısı olmalı və hər hansı kənar qüvvənin siyasi proseslərə müdaxilə etməsinə imkan verməməlidirlər. Biz bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardığı çirkli təbliğat kampaniyasına qarşı qəti sözümüzü deməyi bacarmalıyıq.

Bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələri icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə, Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır. Bu gün ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.

18 oktyabr tarixi Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq, hər zaman xatırlanır və qeyd olunur. Yaşasın Müstəqil Azərbaycan Respublikası!

Mikayıl Həsənli

“Gənc Nəslin Maarifləndirilməsi”

İctimai Birliyinin sədri

Paylaş: