Ça. Noy 19th, 2019

ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib

Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclası keçirilib.

Milli Xalça Muzeyindən Turkustan.info-ya bildirilib ki, gündəlikdə 2019-2022-ci illər dövrü üzrə Azərbaycan Milli Komitəsinin yeni sədrinin və Rəyasət Heyətinin seçilməsi məsələləri durub.

İclası ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru açaraq 2016-2019-cu illər dövründə fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.

ICOM Azərbaycan Milli Komitəsinin mühasibi Könül Abbasova isə sözügedən dövr üzrə maliyyə hesabatını diqqətə çatdırdı.

Sonra seçki komissiyasının üzvləri Məhfuzə Zeynalova və Həcər Alxasova Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin üzvlüyünə namizədləri – Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə məsləhətçi Emin Məmmədov, Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və Heydər Əliyev irsinin təbliğatı şöbəsinin müdiri Nigar Rəhimli, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalovanı iclas iştirakçılarına təqdim edib, onlar barədə ətraflı məlumat verdilər.

Təqdimatdan sonra iclas iştirakçılarına açıq səsvermə ilə öz münasibətlərini bildirmək təklif edilib. Səsvermənin nəticələrinə əsasən ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin yeni üzvləri müəyyən olundu.

Daha sonra Rəyasət Heyətinin yeni üzvləri arasından ICOM Azərbaycan Milli Komitəsinin sədri və katibi vəzifəsinə seçki keçirilib. Rəyasət Heyətinin yeni üzvlərinin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə ICOM Azərbaycan Milli Komitəsinin sədri, muzeyin baş mütəxəssisi Rəma Zeynalova isə komitənin katibi seçilib.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) nizamnaməsinə əsasən ICOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir. ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat kimi Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrini öyrənmək, silahlı toqquşmalar zamanı mədəni dəyərləri xilas etmək, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparmaq, mədəni irsin qorunması, ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

Paylaş: