C. Noy 22nd, 2019

Müstəqilliyə aparan 13.30 qərarı: 28 il əvvəlin tarixinə QISA BAXIŞ

18 oktyabr “Azərbaycanın müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi gündür.

28 il bundan əvvəl 18 oktyabr 1991-ci ildə Azərbaycan üçün əvəzsiz olan sənəd parlamentdə qəbul edilib və beləliklə ölkəmiz müstəqilliyini yenidən bərpa edib.

Buna qədər olan dövr isə xüsusi çətinlikləri ilə yadda qalıb. İmperiyanın təzyiqi və  Ermənistanın təcavüzü ilə üzləşən Azərbaycan qarşıdakı bütün çətinliklərə baxmayaraq, özünə müstəqillik yolunu seçib.

Tarixə qısa nəzər salaq.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiqləndi. Həmin gün Azərbaycan parlamentində “Demblok”un ciddi təkidli etirazına baxmayaraq, kommunistlər birləşib SSRİ-nin saxlanmasına münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul etdilər. Demokratik qüvvələr fövqəladə vəziyyət şəraitində bu üzdəniraq “ümumxalq səsverməsini” boykot etdi. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Martın 17-də keçirilən referendumun nəticələri saxtaşdırıldı, guya səsvermədə iştirak edənlərin 95 faizi SSRİ-nin saxlanılması lehinə olduğuna dair saxta rəy təqdim olundu.

İmperiyanın qorunub saxlamasına çalışan qüvvələrə açıq etiraz edərək Kommunist Partiyasından çıxan Heydər Əliyevin qətiyyəti sayəsində 1991-ci il avqustun 26- dan Naxçıvan Muxtar Respublikası ərazisində bu partiyanın fəaliyyəti dayandırıldı, bütün strukturları ləğv edildi.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Bununla da Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Artıq 28 ildir ki 18 oktyabr Müstəqillik günü kimi qeyd olunur.

Bayramın mübarək, Azərbaycan!

/Cebhe.info/

Paylaş: