Be. Noy 18th, 2019

Sən prokurorsan, yengə deyilsən!

Seymur Verdizadə
Əsmərin çəkildiyi veriliş efirə getdiyi üçün onun adını yazmaqda hər hansı qəbahət görmürəm. Hətta tamaşaçıların qarşısına şərti adla çıxmağa da razı olmadı: ‘Heç kim mənə bundan böyük pislik eləyə bilməz. Qoy, hər kəs məni zorlayan oğlanın adını eşitsin, kimliyini bilsin”.
Zorlanan qızların sayı son vaxtlar xeyli artıb. Əgər eyni iddia ilə bir gündə ən azı iki xanım televiziyaya müraciət edirsə, narahatlıq üçün ciddi əsas var. Yeganə səbəb bəzi qızların yelbeyin olması deyil. Əsas problem təcavüzə məruz qalan qızların öz hüquqları uğrunda sonadək mübarizə apara bilməməsidir. Bu qorxunc hadisədən xəbər tutan valideynlərin, qohumların reaksiyası çox vaxt belə olur: “Bizi biabır etmə!”
Zərərçəkən özündə cəsarət tapıb hüquq-mühafizə orqanlarına müraciət edəndə də, oğlan evi əl-ayağa düşür: “Şikayətini geri götür. Tezliklə toy edib, səni evimizə gəlin gətirəcəyik”.
Oğlunu həbsdən qurtaran valideynlər bəkarətini itirən qızları çox vaxt gəlin kimi qəbul etmirlər. Hüquq-mühafizə orqanlarının təzyiqi ilə toy olsa da, beş-altı ay, uzağı bir il sonra həmin qadın qucağında bir uşaqla məhkəmə qapılarında boynunu bükür.
Tarixin zibilliyinə göndərməli olduğumuz bəzi köhnə adət-ənənələr və prokurorluq əməkdaşlarının lüzumsuz vasitəçiliyi cəzasızlıq mühitinin yaranmasına səbəb olur. Yazımızın qəhrəmanı Əsmər Muradovanın da həyatını vasitəçilərin nəticəsiz səyləri puç edib. Əslən Biləsuvardan olan Əsmər deyir ki, təcavüzə uğradıqdan sonra tədbir görülməsi üçün rayon prokurorluğuna müraciət edib. Qarşı tərəf əl-ayağa düşəndən sonra prokuror köməkçisi Əsmərə şikayətini geri götürməyi təklif edib: “Oğlanla barış. Tezliklə toy edib, səni evinə gəlin aparacaq. Qarşı tərəflə şəxsən özüm danışmışam. Arxayın ola bilərsən”.
Əsmər Muradovanın cəmi 18 yaşı var, həyat təcrübəsi azdır, dünyanın gərdişindən xəbərsizdir. Gününü ağlamaqla keçirən zavallı anasının iztirablarına son qoymaq üçün onu zorlayan oğlanla ailə həyatı qurmağa razılıq verib. Hər şey də bundan sonra başlayıb. Əsmər şikayət ərizəsini geri götürəndən sonra oğlan yoxa çıxıb. Neçə vaxtdır Əsmər Muradovanın bir ayağı Biləsuvarda, o biri ayağı Bakıdadır. Ötən həftə Space TV-də görüşəndə, məndən xahiş etdi ki, onu barışığa vadar edən prokuror köməkçisindən soruşum: Əsmərin toyu nə vaxt olacaq?
Mən dava-dalaş, qalmaqal tərəfdarı deyiləm. Həmişə o fikirdə olmuşam ki, insanlar danışmalı, anlaşmalı və nəhayət, barışmalıdır. Amma bu işlə ağsaqqallar məşğul olmalı, qarşı tərəfin günahından keçib-keçməməyə böyüklər qərar verməlidir. Prokurorun vəzifəsi faktı araşdırmaq, qanun çərçivəsində tədbir görməkdir. Lütfən, biri 18 yaşlı qızcığazın başına gətirilən bu müsibəti ört-basdır etməyə çalışan adama desin ki, sən prokurorsan, yengə deyilsən…      /moderator.az/

Paylaş: