Ça. Noy 12th, 2019

Dolların dəyişməz qiyməti: Əlavə problemlər yaradacaq?

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatını yayımlayıb. 

Təqdimatda növbəti ildə manatın məzənnəsinə dair proqnoz verilib. Bildirilir ki, tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.

Bundan əlavə, qeyd olunub ki, inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.

Maraqlıdır, məzənnənin dəyişməsi hökumət üçün əlavə problemlər yaratmayacaqmı?

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, dolların məzənnəsinə güvənmək olduqca təhlükəlidir:

“Dünya çapında həm siyasi, həm də iqtisadi müstəvidə bir-biri ilə əlaqəli elə proseslər baş verir ki, hər hansı bir proqnoz özünü doğrultmaya bilər. Bir neçə il öncə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi dünyanın aparıcı maliyyə institutları neft qiyməti ilə bağlı verdikləri proqnozları sonradan azaltmağa məcbur oldular. Çünki bu proqnozlar veriləndə proseslər gözlənildiyi kimi getmədi. Bu gün də getmir, sabah da gedən deyil və 2020-ci ildə də belə davam etməsi mümkün deyil. Başqa ölkələrdə olduğu kimi, ölkəmizin maliyyə durumu və iqtisadiyyatı bilavasitə xarici valyutalardan asılıdır. Yəni ölkəyə daxil olan valyutanın həcmi öncül məsələdir. Azərbaycanda xarici valyutanın 90 faizdən çoxu bilavasitə neft sektorundan daxil olur. Hər şeyə dəqiq proqnoz vermək bir qədər çətin və məsuliyyətlidir. Beynəlxalq aləmdə miqyasından asılı olmayaraq baş verən hər hansı hadisəyə heç kim proqnoz verə bilməz. ABŞ-la Çin arasında ticarət müharibəsi, Yaxın Şərqdə yeni müharibə ocağının alovlanması, neft hasil və ixrac edən ölkələrdə istehsal və ixracla bağlı ciddi problemlərin yaranmasına dair proqnoz vermək olduqca çətindir. 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı bugünkü müstəvidən görüntülərdir ki, növbəti il üçün proqnozlaşdırılır. 

Əslində, isə hər şey baş verə bilər. Əgər neftin qiyməti kəskin şəkildə artarsa, dolların məzənnəsi azalacaq. Neftin qiymətlərinin kəskin aşağı düşməsi ABŞ Administrasiyasının hədəflədiyi məsələlərdən biridir. Qlobal miqyasda Amerika Rusiyaya və Çinə qarşı müharibə aparır. ABŞ-ın Rusiyaya qarşı apardığı savaşda ən güclü silah vaxtilə Sovet İttifaqının çökməsində məharətlə istifadə edilmiş neftin qiymətləri rıçaqlarının tətbiqində çox israrlıdır. 

Sadəcə olaraq, bəzi məqamlar bunu istədiyi kimi reallaşdırmağa imkan vermir. Ancaq reallaşdıracaq, bunun başqa alternativi yoxdur. Çünki ABŞ həm dünya iqtisadiyyatının lideridir, həm dünyada ən çox neft hasil edən ölkədir, digər tərəfdən çox böyük şist neft ehtiyatları var və son illər ərzində şist neftin maya dəyərini kifayət qədər aşağı sala bilib. Eyni zamanda Amerika istənilən an Səudiyyə Ərəbistanı başda olmaqla digər ölkələrə təsir edib öz istəklərinə nail ola bilər. Yəni neft hasilatını artırmaq yolu ilə məhsulun dünya bazar qiymətlərinin kəskin şəkildə aşağı sala bilər. Buna görə də öncədən proqnoz vermək olduqca çətindir”.

“Artıq valyuta xərcləyərək manatın məzənnəsini saxlamaq lüzumsuz işdir”

Analitik 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi fonunda manatın məzənnəsini saxlamağın mümkün olmadığına da diqqət çəkib:

“Bir il içərisində iki devalvasiya nəticəsində manat 2.2 dəfədən çox ucuzlaşdı. Ümumiyyətlə, ölkənin maliyyə sistemi və iqtisadiyyatı üçün bir problemi gec-tez həll etməliyik. Bunun alternativini heç yerdə axtarmaq lazım deyil. Manat tam sərbəst üzən məzənnəyə keçməlidir. Hesab edirəm ki, bu zaman bir çox problemlər öz-özünə həll olunacaq. Doğrudur, başlanğıcda çətin olacaq, ola bilər ki, tam sərbəst üzən məzənnəyə keçəndən sonra manatın məzənnəsi xeyli ucuzlaşsın, ancaq bundan qorxmaq lazım deyil. Bir neçə il əvvələ qədər Rusiyada da rublun məzənnəsi tənzimlənirdi. Onlar axır ki, qərara verib rublun məzənnəsini tam sərbəst buraxdılar. İndi Rusiyanın rubl problemi yoxdur, çünki bazar özü rus pulunun məzənnəsini tənzimləyir. Azərbaycan da özünü bu yükdən qurtarmalıdır. Bununla da həm Ümumdünya Ticarət Təşkilatına üzv olmağa şanslarımız artacaq, digər tərəfdən xarici kapitalın ölkəyə axması istiqamətində ciddi meydan formalaşacaq. Artıq valyuta xərcləyərək manatın məzənnəsini saxlamaq kimi lüzumsuz işlərlə məşğul olmamalıyıq. Yaxud da manat kütləsini yığışdırıb məzənnəyə təsirini azaltmaq kimi rıçaqlardan əl çəkməliyik. Bu zaman iqtisadiyyatımız pulla təmin olunacaq. Bütün bunlar ölkə iqtisadiyyatı üçün olduqca yaralı məsələlərdir, hesab edirəm ki, bunlar həllini tapmalıdır”.

“Manatın məzənnəsinin sərbəst buraxılmasına cəhd yoxdur”

Fikrət Yusifov hesab edir ki, hazırda manatın məzənnəsinin sərbəst buraxılmasına cəhdlər yoxdur:

“Əgər belə bir gözlənti olsaydı, 2020-ci il üçün manatın məzənnəsi 1.7 səviyyəsində proqnoz şəklində təsdiq üçün təqdim etməzdi. Deməli, həm Mərkəz Bank, həm də Maliyyə Nazirliyi məzənnəni belə saxlamaqda israrlıdır. Ancaq bu, uzunmüddətli davam edə bilməz, nəhayətli bir qərar qəbul edilməlidir. Bu gün manatı sərbəst buraxmaqla dolların məzənnəsinin nə qədər olmasını demək çətindir. Əvvəla, bunun nə zaman edəcəkləri və bu məqamda durumu dəyərləndirib demək olar. Buna qərar verilən zaman neftin qiymətlərinə, neft və qeyri-neft sektorunun ixracının hansı səviyyədə olmasına, eyni zamanda ölkənin valyuta sistemindəki vəziyyətinə baxmaq lazımdır. Ümumiyyətlə, burada çox faktor nəzərə alınmalıdır, daha sonra təhlil nəticəsində ortaq rəqəm demək olar. Amma hər halda, manat sərbəst buraxılsa, dolların məzənnəsi 1.7 olan deyil. Yəni yuxarı olacaq ki, aşağı yox”.    /Cebhe.info/

Paylaş: